Elçibəy anılacaq

Sabah, avqustun 22-də milli-azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin vəfatının 13-cü ildönmüdür. Bununla əlaqədar olaraq, hər il olduğu kimi, sabah da mərhum Elçibəyin dəfn olunduğu Fəxri Xiyabana ziyarətçilərin axını olacaq.

Xalq hərəkatının iştirakçıları, Müsavat, AXCP, KXCP və digər partiyaların rəhbərləri və fəalları, Elçibəyin iqtidar komandasının sabiq üzvləri Fəxri Xiyabana gedərək mərhum prezidentin məzarının ziyarət edəcək, abidəsinin önünə gül-çiçək çələngləri qoyacaq, onun xatirəsini yad edəcəklər.

Xatırladaq ki, Əbülfəz Elçibəy 1938-ci ildə Ordubad rayonunda doğulub. BDU-nu bitirib. Həmin universitetdə dərs deyib. Ötən əsrin 70-ci illərində Bakıda dissident dərnəyi təşkil edib. Buna görə həbsə düşüb, cəza çəkib. 1988-ci ildə xalq hərəkatı başlayanda gənc hərəkatçılar onu özlərinə lider seçiblər. 1992-ci ildə ümumxalq səsverməsi ilə prezident seçilib. Bir ildən sonra, 1993-cü ilin yayında hərbi-siyasi qiyam yolu ilə devrilib. 4 il Kələkidə yaşayıb. 1998-ci ildə yenidən paytaxta dönüb. 2000-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib (musavat.com).