Siyasi məhbus, ilahiyyatçı Tale Bağırzadənin çıxışları ilə bağlı ekspertiza rəyi istintaqa təqdim olunub. Məlumatı “Media forum”a vəkil Cavad Cavadov verib: “Hələ ekspertizanın rəyi ilə tanış olmasam da, müstəntiqdən aldığım məlumata görə, rəydə qeyd olunur ki, Tale Bağırzadə tənqidi çıxışlarında dövlət əleyhinə, milli, irqi, dini ayrı-seçkiliyə yönəlmiş fikirlər var. Yəqin yeni ittihamlar irəli sürüləcək. Hətta ola bilər ki, iş polisdən alınaraq Baş Prokurorluğa verilsin”.
Vəkil deyib ki, ekspertizanın rəyini əsassız sayır. “Tale Bağırovzadənin çıxışlarında dövlət əleyhinə, milli, irqi, dini ayrı-seçkiliyə yönəlmiş çağırışlar yoxdur. Bu rəy onu göstərir ki, Tale Bağırzadəyə məhz çıxışlarına görə həbs olunub. İstintaq qarşısında rəyi verən ekspertin dindirilməsi ilə bağlı vəsatət qaldırılacaq. Bir neçə başqa vəsatət də irəli sürəcəyik”.
Tale Bağırzadə martın 31-də tutulub. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur.