Əliyevin 3-cü dəfə namizədliyinə beynəlxalq mənfi rəy

İnsan Hüquqları Klubu və Polşanın İnsan Hüquqları üzrə Helsinki Fondu Azərbaycanda prezident seçkisi ilə bağlı hüquqi rəy paylaşıb. Konstitusiya hüququ sahəsində mütəxəssis, professor Sadurskinin yazdığı rəydə iddia olunur ki, prezident İlham Əliyevə üçüncü müddətə namizədliyini irəli sürmək imkanı verən konstitusiya dəyişikliyi qanun aliliyi, insan hüquqları və şəffaflıq prinsiplərinə ziddir.

Professor Sadurski Azərbaycanda prezidentlik müddəti məhdudiyyətini aradan qaldıran 2009-cu il konstitusiya dəyişikliyinə toxunur, dəyişikliklərin müasir demokratiya və konstitusiyaçılıq standartlarına uyğunluğunu təhlil edir. O iddia edir ki, konstitusiya dəyişiklikləri şəffaflıq və açıqlıq prinsiplərini pozub, müvafiq dəyişiklik qeyri-şəffaf olub və digər referendum müddəalarının arasında gizlədilib.

Rəydə insan haqları sahəsində beynəlxalq öhdəliklərin icrası ucun demokratik idarəetmə hüququnun vacibliyi vurğulanır. Qeyd olunur ki, Avropa İnsan Hüquqları Konvensiyasına üzv olan istənilən Avropa dövləti prezident seçilmə müddətinə məhdudiyyəti ləğv etməklə konvensiyanı pozur.

Sadurski onu da qeyd edir ki, prezidentlik müddəti məhdudiyyətini aradan qaldıran 2009-cu il konstitusiya dəyişikliyi hüquqi müəyyənlik və geriyə təsir qüvvəsi prinsiplərini pozur.

“Media forum”