Bütün diqqət Milli Şuranın sessiyasında ikən məni bir “akademik” mövzu özünə çəkdi. Doğrusu, çox gözlədim, amma Şuranın sessiyası yekunlaşmağa meylli olmadı. Ona görə də bu ölkədə ziyalının seçimi – tale, həyat seçimi haqqında yazmaq qərarına gəldim.
Bunu ziyalının siyasi seçimi də adlandırmaq olardı. Amma ölkədən ölkəyə fərq var. Ölkələr var ki, orada siyasət sadəcə tale deməkdir, kimin üçünsə bunu uğurlu, kimin üçünsə də uğursuz seçim adlandırmaq olardı.
Rusiya kimi mürəkkəb ölkədə, nə qədər qəribə olsa da, çox mürəkkəb sualların bəzən çox sadə cavabı olur. Ruslar deyirlər ki, ziyalıların mənəvi missiyası hakimiyyətə opponentlik etməkdir…
Çox sadə və yığcam deyilib. Amma bunun arxasında hansı mərhumiyyətlər dayanır? Belə seçim etmiş insanları nələr gözləyir? Məsələ də bundadır…
Ona görə də hər yerdə hakimiyyətə münasibət mürəkkəb məsələdir. Insanların böyük əksəriyyəti qəhrəman olmur. Ona görə də bir çoxu məsələni özü üçün meşşancasına həll edir: düşünürlər ki, nə olursa, olsun, hakimiyyətlə dostluq etmək lazımdır.
Bəli, dostluq da edirlər. Hakimiyyətlər də bunu cavabsız və hədiyyəsiz qoymur, cəmiyyətin böyük əksəriyyətinin adi ehtiyaclarını ödəmək çətin olsa belə, ziyalıların “ehtiyacları”nı təmin edilir.
Bunların arasında elələri var ki, hansısa yaxınlaşmada onu başa düşmək olar. Amma başa düşülməyən məqamlar da var: 70 il sovet hakimiyyəti, 21 il də müstəqil dövlətçilik dövründə Azərbaycan ziyalılarının bir çoxunun mənzil problemini həll etmək mümkün olmadı ki, olmadı, onlar dövlətdən elə hey mənzil istədilər!
Bəzən bu istək elə bayağı formalar alır ki, adam bilmir nəyi yamanlasın: belə istəkdə bulunanları, yoxsa bu cür istəkləri, müraciətləri stimullaşdıran və onlara meydan verən hakimiyyəti?
Ya tribunada, ya da dar ağacında…
Ona görə də 25 ildir ki, Azərbaycanın ictimai-siyasi düşüncəsində ziyalı məsələsi qırmızı xətlə keçir. Bu illər ərzində həmin mövzuda səslənən fikirləri və yazıları bir yerə toplamaq mümkün olsaydı bəlkə də çox nəhəng bir antologiya alınardı.
Amma bu gün bu, əsas deyil. Əsas odur ki, bu illərin ölkənin ziyalı mühiti üçün tam sakit keçdiyini demək olmaz, onların da bəziləri çox narahatlıq dolu anlar yaşayıblar.
Elələri olub ki, yolu həm hakimiyyət, həm də müxalifət düşərgəsindən keçib. Elə bu səbəbdən bu müddətdə ölkədə ziyalı problemi ilə bağlı əsas qənaət bu olub ki, bu adamlar fikirlərində və baxışlarında ardıcıl olmurlar, axıra qədər öz yolları ilə getmirlər. Bəlkə də ədalətsiz nəticədir. Amma nə etməli?
Təbii, bundan istisnalar da olub və belə istisnalar nəyin bahasına başa gəlib – təəssüf ki, bir çox hallarda cəmiyyətin mütləq əksəriyyətinin bundan xəbəri olmur. Burada mərhum Aydın Məmmədovun bir fikrini necə xatırlamayasan: millət qəhrəmanlarını ya tribunada, ya da dar ağacında görmək istəyir…
Son 20 ildə ziyalı problemi ilə bağlı formalaşmış bir sual də onunla bağlıdır ki, ziyalı hansı yolu seçməlidir – ictimai tribun olmalıdır, yoxsa gerçəkliyə münasibətini öz yaradıcılığında əks etdirməlidir?
Biz böyük mədəniyyət layihəsini itirdik
Son günlərin proseslərinə qayıtmaq istərdik. Bu 25 ildə ilk dəfə idi ki, ziyalı siyasi proseslərin önündə dayanmışdı, siyasi iddia irəli sürmüşdü. Əvvəlki dövrlərdəki siyasət adamları da göydən düşməmişdi, onlar da ziyalıların sırasından çıxmışdı.
Amma bu adamlar tez bir zamanda siyasətçilərə çevrildi. Üstəlik, bir məsələ ilə də razılaşmaq lazımdır ki, siyasətçilərin birinci dalğası ziyalıların sırasından çıxsa da, onlar elə bir yaradıcılıq uğurları nümayiş etdirə bilməmişdilər. Elə bu səbəbdən də sona qədər, bəlkə də bu günədək cəmiyyət bu adamlara uğursuz elmləri namizədləri, “əbədi aspirant”lar kimi baxıb…
Amma budur, siyasətə öz yaradıcı uğurları ilə öyünmək iqtidarında olan adamlar gəlmişdi. Onların siyasətə töhfələrini araşdırmaq üçün hələ vaxtımız olacaq.
Amma son vaxtlar ölkədə siyasi proseslərin avanqardı rolunda çıxış etməyə iddia edən ziyalılara baxanda düşünürdün ki, görən, bu adamlar harada daha çox fayda verə bilərdi – siyasətdə, yoxsa elmdə və sənətdə?
Bir ildəki ziyalı hərəkatı cəmiyyətə nə verdi? Bu, yaxın gələcəyin sualıdır. Amma o, cəmiyyətdən nələri aldı? Buna isə artıq elə indi də cavab vermək olardı.
Bəli, hakimiyyət cəmiyyətdən böyük bir mədəniyyət layihəsini aldı. Ona görə “hakimiyyət aldı” deyirik ki, bəzən o, insanları zorən siyasətçi edir.
Bakıya gah Avropanın, gah da islam dünyasının mədəniyyət paytaxtı deyirlər. Amma bu paytaxtda dünyanın ən yaxşı ssenaristlərindən birinə yer tapılmadı!
Bilirsiniz, siyasət də, siyasətçilər də böyük hesabla götürəndə, gəldi-gedərdi. Əbədi olan mədəniyyətdi. Mədəniyyətin siyasətçiləri dəyişməsi çox yaxşı haldır. Vay o günə ki, siyasətçilər mədəniyyəti dəyişməyə, onu öz zövqlərinə uyğunlaşdırmağa başlayalar!
Indi Azərbaycanda məhz elə bu, baş verir. Hakimiyətin özü öz “sevimli” müğənnilərini, artistlərini, rəssamlarını, kinematoqrafçılarını təyin edir. Bəli, təyin edir. Lap məmurları vəzifələrə təyin edən kimi…