Hakimiyyətin bütün maneələrinə baxmayaraq mitinq baş tutdu
Avqustun 18-də Milli Şura ilk mitinqini keçirdi. Mitinq keçirilən məkanının şəhərdən kənarda olmasına, bir neçə kilometr piyada yol qət etmək tələb olunmasına, müxtəlif süni maneələr yaradılmasına, temperaturun yüksək olmasına baxmayaraq, minlərlə insan bu mitinqdə fəal iştirak etdi. Hətta müxtəlif əyalət rayonlarından mitinqə gələnlər də var idi. 2 saatdan çox davam edən mitinq yüksək ovqatda yekunlaşdı. Tanınmış ictimai-siyasi xadimlər Milli Şuranın ilk mitinqinə qiymət verdilər.
Mitinq Komitəsinin rəhbəri Asəf Quliyev mitinqi baş tutmuş hesab edir və müsbət qiymətləndirir: “Nəzərə alsaq ki, mitinqin təbliğatı üçün vaxt məhdudiyyəti var idi, mitinqə qədər 17 fəal saxlanılmışdı, rayondan gələnlərin qarşısı alınmışdı, avtobusların fəaliyyətinə müdaxilə olunmuşdu, 18 yaşı tamam olmayanların mitinqə buraxılmaması üçün uşaqları ilə gələn valideyinlər geri qayıtmağa məcbur olmuşdu. Tələbələr yay tətilindədi, hava çox isti idi, mitinq məkanı şəhərdən kənarda yerləşirdi və təbliğat üçün 1-2 qəzetdən başqa heç bir resursumuz yoxdur, o zaman bu mitinqi qaneedici hesab etmək olar. Mitinqdə 10 mindən çox insan iştirak edirdi. Sadəcə olaraq bir qrup insan daldalanacaq olmadığı üçün bir müddətdən sonra meydanı tərk edirdi və meydana yeniləri gəlirdi. Biz ilk mitinqi müsbət qiymətləndiririk və hesab edirik ki, növbəti mitinqlər daha kütləvi olacaq”.
Tarixçi alim, Milli Şura üzvü Cəmil Həsənli hesab edir ki, birləşmiş müxalifətin avqustun 18-də keçirdiyi mitinq kifayət qədər kütləvi idi və bu mitinqi uğurlu başlanğıc hesab etmək olar: “Xəbər portallarında, sosial şəbəkələrdə paylaşılan şəkillər, video görüntülər onu deməyə əsas verir ki, müxalifət çoxminlik mitinq keçirdi və insanların problemlərin, narazılıqların ifadə edə bildi. Ümumiyyətlə, mitinqin baş tutması insanların çoxluğu ilə müqayisə olunmamalıdır. Əsas ölkədəki narazılığı dilə gətirmək, narazı kəsimin istəklərini hakimiyyətə çatdırmaqdı. Bu hər vətəndaşın konstitusion hüququdur. Bəzi süni maneələrin yaradılmasına baxmayaraq, mitinqi yüksək qiymətləndirirəm”.
Milli Şuranın üzvü Vidadi Mirkamal bildirdi ki, Milli Şuranın ilk mitinqini müsbət qiymətləndirmək olar və onun qənaətincə, növbəti asiyalar daha kütləvi olacaq: “Bu aylar mitinq keçirmək üçün bir neçə baxımdan uyğun deyil. Havanın isti olması, gənclərin tətilə getməsi və digər səbəblər mitinqin kütləviliyinə təsir göstərir. Bunun üzərinə hakimiyyətin yaratdığı süni maneələri də əlavə edəndə, müəyyən çətinlik meydana çıxır. Ancaq bütün bu əks-təsirlərə baxmayaraq, minlərlə fədakar insan bu mitinqdə iştirak etdi, 40 dərəcə istiyə baxmayaraq öz vətəndaşlıq borcunu yerinə yetirdi. Bu mənada Milli Şuranın ilk cəhdini müsbət qiymətləndirmək olar. Düşünürəm ki, Milli Şura daha böyük bir koalisiya olduğu üçün, daha kütləvi aksiyalar keçirməyə qadirdir”.
Milli Şura üzvü Mirvari Qəhrəmanlı hesab edir ki, Müxalifətin məhdud şərtlər daxilində minlərlə insanı meydana toplaya bilməsi, hakimiyyəti narahat edir, ona görə də mitinqin əks-təbliğatını aparırlar: “Mitinqə qanunsuz müdaxilələr oldu, insanlar saxlanıldı, övladı ilə mitinqə gələn valideynlər mitinqdə iştirak edə bilmədi. Polislər elə bir mövqe seçmişdi ki, sanki ermənilərin üzərinə hücuma keçirlər. Ancaq bütün bu maneələrə baxmayaraq, xeyli sayda insanın bu mitinqdə iştirakı təmin olundu və çox yaxşı mitinq alındı. Hakim partiyanın tədbirlərində insanlar zorla tədbir məkanına gətirilir. Gecə-gündüz telekanallar təbliğat aparır, məktəbli uşaqlar da prosesə cəlb edilir və bu tədbirlər şəhərin mərkəzində baş tutur. Milli Şuranın mitinqinə gələnlər isə, zorla deyil, istəyərək bu mitinqdə iştirak etdi. Yaxşı olar ki, növbəti mitinqlərdə hüquqşünaslar giriş qapısının önündə monitorinq aparsınlar və polisin qanunsuz əməllərini qeydə alsınlar”.
Ilham Hüseyn