Içərişəhərliləri köçürürlər

Sakinlərin şikayətinə baxan yoxdur

 

Metronun “Içərişəhər” stansiyasının arxasında yerləşən evlərin bir qismi söküldü. 10-a yaxın mənzil yaxınlıqda tikilən, ancaq sahibi bilinməyən hotelin güdazına getdi.  Söküntü zamanı ərazidə yaşayan digər vətəndaşların da mənzillərində də çatlar əmələ gəldi. 

Evləri qəzalı vəziyyətdə olan sakinlər narahatdırlar: “Içərişəhərin köhnəliyi gedir. Hər şeyi ləğv etmək istəyirlər. Bu gün bura, sabah isə başqa yerlər söküləcək. Hissə-hissə evləri sökəcəklər. Bu ərazilər ”Içərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna tabedir. Onlar bizə cavab vermirlər”.

“Başımıza gətirilənləri unutmayacağıq”

Ərazidəki binalar iki-üç mərtəbəli binalardır. Bir neçə ailə artıq ərazidən köçməyə məhkum olub. Onlara bir kvadrat metrə görə, 1500-2000 manat kompensasiya ödəyiblər. Vətəndaşlar isə bununla razı deyil. Deyirlər ki, şəhərin mərkəzində olan mənzillərə bu qədər kompensasiyanın verilməsi ədalətsizlikdir.

“Bakının ən bahalı yeri metronun ”Sahil” və “Içərişəhər” stansiyalarının yerləşdiyi ünvanlardır. Burada bina tikmək üçün bir sotuna 1 milyon manat ödəməlisən. Ancaq şəhərin mərkəzində gözəgəlimli bir yeri söküb, sakinlərinə aşağı pul vermək nə deməkdir? Niyə tikilən hotelin sahibi bizimlə söhbət etmədi? Nədən Bakı Şəhər Icra Hakimiyyətinin işçiləri gəlmədi?”,- deyə sakinlər etirazlarını bildirirlər.

Evindən zorla köçürülən mənzil sahibi Nizami dayı başına gətirilən olayları heç vaxt unutmayacağını deyir: “Evimizdən köçməyimiz üçün əllərindən gələni etdilər. Hotelin inşasına görə bütün evlərdə çatlar əmələ gəldi. Özlərini təqdim etməyən adamlar məsləhət gördülər ki, sakit şəkildə gedək, etiraz etsək belə, heç nə olmayacaq. Işığımızı, suyumuzu kəsəcəkləri ilə hədələdilər”. 

Kvadrat metrinə görə 2000 manat kompensasiya alan şikayətçi hazırda kirayədə yaşadığını söyləyir: “Bu pulla şəhərin mərkəzində mənzil almaq olar? Verilən pul yalnız 130 min manatdır. Bu məbləğlə şəhərdən kənarda ev almaq olar?”.

“Qorxu içərisində yaşayırıq, heç kim bizimlə maraqlanmır”

Mənzillərindən çıxan sakinlər birtəhər də olsa canlarını qurtara bildilər. Ancaq sözügedən ünvanda yaşayan bəzi ailələr narahatlıq içindədir.

Ilyas Əfəndiyev 29, mənzil 1 ünvanında yaşayan Arzu Quliyeva deyir ki, yaşadığı evin üstündə mənzili olan Iran vətəndaşı Səriyyə Deqati qeyri-qanuni yolla pəncərə, qapı açıb: “Binanın bir və ikinci mərtəbəsində biz yaşayırıq. 1896-cı ilin tarixi binasıdır. YUNESKO-nun siyahısına düşüb. Indi qəzalı vəziyyətə gətiriblər. Iran vətəndaşı 3-cü mərtəbədə istədiyini edir. Eyvanını 2 metr uzadıb. Üçüncü mərtəbədə iki mənzili alıb. Birindən o birinə qapı açıb, pəncərə qoyub. Tarixi abidəyə olan binaya kimsə yenilik gətirə bilməz. Heç kim ona bir söz demir. Bilmirəm o yuxarıda hansı işlər görüb, ancaq bizim otaqlarda gündən-günə çatlar əmələ gəlir. Qorxu içərisində yaşayırıq. Heç kim bizimlə maraqlanmır. Gözləyirlər ki, bina başımıza uçsun, ondan sonra hərəkətə keçsinlər? Yoxsa gözləyirlər ki, biz bezib buradan çıxaq. Kvadratına 1500-2000 manatdan kompensasiya verib, mənzilimizi ələ keçirmək istəyirlər? Mən Içərişəhərdə doğulmuşam, burada böyümüşəm, niyə başqa ünvanda yaşamalıyam?”.

Şikayətçi hər yerə müraciət etdiyini söyləyir: “Nazirlər Kabinetinə, Fövqalədə Hallar Nazirliyinə müraciət etmişəm. Ancaq heç bir faydası olmayıb. Yalnız ötən ay FHN-in işçiləri gəlib evə baxış keçirdilər. Binada çatların əmələ gəldiyini etiraf etdilər. Ancaq heç bir iş görülmədi. ”Içərişəhər” Qoruq idarəsinə müraciət etdik. 

Ramin DEKO