Azərbaycanda işsiz yoxdur?!

Ölkə başçısının bəyanatları seçkiyə hesablanıb 

Azər Mehdiyev: «Neft pullarının azalması müvəqqəti iş yerlərinin bir müddətdən sonra bağlanmasına gətirib çıxara bilər»

Prezident seçkiləri ərəfəsində hakimiyyət təmsilçilərinin ölkədə iqtisadi rifahın yüksəldilməsi ilə bağlı bəyanatları artır. Dövlət başçısı da rayonlara səfərləri zamanı ölkədə işsizliyin və yoxsulluğun, demək olar, tam aradan qaldırıldığını iddia edir. 

Lakin ölkədə orta əmək haqqına, ayrı-ayrı sahələrdə çalışanların aldığı maaşa nəzər saldıqda Azərbaycanda nəinki yoxsulluğun aradan qalxmadığını, əksinə, hələ xeyli insanın yoxsul kimi yaşadığını deməyə əsas verir. Iş yerləri ilə bağlı dövlət başçısının hər dəfə səsləndirdiyi bəyanatlara inansaq, ölkədə artıq işsiz qalmamalı idi. Lakin bu sahədə də vəziyyət ürəkaçan deyil. Əks halda yüz minlərlə insan ölkəni tərk edərək ən çətin şəraitdə işləməyə razı olmazdı. 

Belə olan halda dövlət başçısının bəyanatları nə dərəcədə həqiqətəuyğundur?

Iqtisadçı-ekspert Azər Mehdiyevin sözlərinə görə, son illər ölkəyə gələn böyük neft pulları hesabına müxtəlif iş yerləri yaranıb və insanlar gəlir əldə etmək imkanları qazanıb. Azərbaycanda, rəsmi rəqəmlərə görə, iqtisadi fəal əhalinin 5 faizi qədər işsiz var. Lakin son illər açılan iş yerlərinin böyük əksəriyyəti ixtisas tələb etməyən, tikinti sahəsini əhatə edn işlərdir. Qeyri-neft sektoru hələ zəif inkişaf etdiyindən emal sənayesində irəliləyişlər yoxdur. Bu baxımdan məşğul əhali əsasən ya fərdi ticarət sektorunda, yaxud da tikinti-abadlaşdırma işlərində çalışır. 

Ekspert bütün bunların kökündə ölkəyə gələn böyük neft pullarının dayanmasını təhlükəli məqam kimi qiymətləndirir. Dünya bazarında neftin qiymətində ucuzlaşma, həmçinin son illər neftin hasilat və ixrac həcmlərinin getdikcə azalması ölkəyə gələn neft pullarının azalmasına gətirib çıxarıb. Bu, müvəqqəti iş yerlərinin bir müddətdən sonra bağlanmasına gətirib çıxara bilər. Bu baxımdan iş yerləri təminatlı və etibarlı hesab olunmur. 

Ekspert yoxsulluq səviyyəsinin azalmasında da neft gəlirlərinin böyük rol oynadığını deyir. Ölkəyə böyük neft pullarının gəlməsi, bu vəsaitlərin investisiya layihlərinə yönəldilməsi əhalinin gəlir imkanlarının artmasına və yoxsulluq səviyyəsinin azalmasına gətirib çıxarır. 

Ekspertin sözlərinə görə, mütləq yoxsulluq daha çox əhalinin gündəlik və aylıq gəlirləri ilə ölçülür. Lakin son illər əhalinin gəlir əldə etmək imkanlarının artması ilə yanaşı ölkədə nisbi yoxsulluq meydana gəlib. Bu nisbi yoxsulluq əhalinin sosial təbəqələşməsinin son dərəcə güclənməsini göstərir. Yəni kiçik bir qrup ölkənin sərvətinin böyük bir hissəsini əlində cəmləyir. Əhalinin böyük əksəriyyətinə bu sərvətlərdən az pay düşür. Bu baxımdan 2003-cü illə müqayisədə mütləq yoxsulluq səviyyəsinin aşağı düşməsi qeyd oluna bilər. Ancaq ölkədə median gəlirlərin səviyyəsinin hansı həddə olması bəlli deyil. Bununla bağlı heç bir tədqiqatlar və araşdırmalar aparılmır.

Ekspertin sözlərinə görə, ölkədə muzdlu işçilərin orta aylıq əmək haqqının 520 dollar civarında olduğu deyilir. Lakin muzdlu işçilərin əksəriyyəti dövlət sektorunda çalışır. Bu sektorda ən böyük iş heyəti təhsil və səhiyyə sahəsindədir. Bu sahələrdə orta aylıq əmək haqqının 250 manat civarında olduğu da hər kəsə bəllidir. Faktiki olaraq insanların rəsmi gəlirləri elə səviyyədə saxlanılıb ki, onlar daha çox qeyri-rəsmi kanallarla, rüşvətlə, korrupsiya ilə özlərini dolandırsınlar. Bu, qarşılıqlı asılılıq sistemi yaradır. Bu hadisələrin fonunda ölkədə korrupsiyanın genişlənərək sistem halı alıb. 

Fizzə