“Hacı İbrahim 355 min manatımı vermir”

 Elşad Məmmədov: “Pullarımı tələb edəndə “Avesta” konserninin işçilərinin təhdidi ilə üzləşdim”

“Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin aldatdığı sahibkar Elşad Məmmədov ötən gün RATİ-də mətbuat konfransı keçirdi.

Elşad Məmmədov Hacı İbrahim və onun adamları tərəfindən aldadıldığını söylədi: “İş adamına məxsus “Həsən 96” MTK-dan aldığım iki mənzili qanunsuz yolla onun adımdan çıxarıldı və bu mənzilləri almaq üçün ödədiyim 355 min manat mənimsənilib”.

Şikayətçi deyir ki, 2012-ci ilin fevralında Hacı İbrahimin rəhbəri olduğu “Avesta” konserninə daxil olan “Həsən 96” MTK-ya məxsus olan Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzili alıb: “Bu mənzilləri Hacı İbrahimin adamı Orxan Sadıqovun əli ilə almışam. O, məni tikinti şirkətinin şöbə müdiri Zülü İsgəndorovun yanına apardı. Pulu onlara nağd ödəmişəm.  Bu mənzilləri satın almağım barədə məndə maliyyı arayışı və qəbz var. Mənzillərin qiyməti isə müvafiq olaraq 252 və 103 min manat məbləğində müəyyənləşdirilib. MTK-nın sədri Emin Tağıyevin imzaladığı maliyyə arayışında qeyd olunub ki, mənzillərin dəyəri alıcı tərəfindən tam ödənilib. Sonradan mənə “Avesta” konsernindən bildirildi ki, müqavilə “Həsən 96” MTK tərəfindən birtərəfli qaydada ləğv olunub. Hacı İbrahimin qəbulunda olub ödədiyim pulu istədim, bu vaxt ikinci mənzilimi də əlimdən alacağı ilə hədələdi. Konsernin rəhbərliyi tərəfindən təhdidlər başlandı”.

Şikayətçi ailəsinin və özünün həyatının təhlükə altında olduğunu da söylədi: “Mən Hacı İbrahimin nüfuzundan istifadə edərək qanunsuz hərəkətləri barəsində müraciətlər etməyə başladım. Dövlət başçısı İlham Əliyevə, Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova, daxili işlər naziri Ramil Usubova müraciət etdim. Müraciətlərimdə əmlak hüququmlarımın pozulduğunu,  özümə ailəmin həyatına təhlükə olduğunu bildirirdim”.

Şikayətçi deyir ki, Zakir Qaralov Ağstafada vətəndaşlarla görüşü zamanı onun qəbulunda olub: “Hacı İbrahimin mənə qarşı etdiyi bu əməllərlə bağlı məktubunu baş prokurorun özünə məlumat verdim. Bütün müraciətlərim nəticəsiz qalıb. Nəticədə isə qarşı tərəfin qolları daha da geniş açılır. Belə ki, haqqımı tələb etməyə başlayandan Hacı İbrahimin adamları məni təhdid etməyə başlayıb. Bir müddət ailəmi bu təhlükələrdən qorumaq üçün Qazaxa köçmüşdüm. İndi də qorxu içində yaşayıram. Evlərim əlimdən alınıb, ailəmin və mənim həyatım təhlükədədir. Mənə açıq nömrələrdən zənglər gəlir. Bu işdən çəkilməyim, şikayətimi geri çəkməyim üçün təzyiqlər və təhdidlər edilir”.

Elşad Məmmədovun sözlərinə görə, Hacı İbrahimin müraciəti əsasında Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ilə mənzili əlindən alınıb. O, qarşılıqlı olaraq məhkəməyə müraciət edib. Nəsimi rayon Məhkəməsindən başlayan proses Bakı Apelyasiya Məhkəməsinə qədər davam edib. Hər iki məhkəmə instansiyasında sözügedən şirkətdən iki mənzil alması barəsində əlində maliyyə arayışı və qəbzi olan şikayətçinin iddiası təmin olunmayıb.

Elşad Məmmədov bir sıra qəzetlərdə Hacı İbrahimin onun ünvanına “moşşenik” deməsinə də münasibət bildirdi: “Dələduzluqla Hacı İbrahim məşğul olur. Onun mənə dələduz deməsi ilə bağlı məhkəməyə müraciət edərəm, ancaq məhkəmə bizdə müstəqil deyil. Hacı İbrahim deyir ki, guya mənə “Xəzər Adaları” kompleksinin ərazisində yerləşən “Skat” restoranının vitraj və pəncərə sistemlərinin quraşdırılması işlərini icra etməliymişəm. Nəzərdə tutulan işlərin ümumi dəyəri 500 min manat məbləğində müəyyənləşdirilib. Guya 51 və 52 saylı iki mənzilin mənə satışı da məhz “Skat” restoranında görülən işlərin müqabilində həyata keçiriliymiş. Məni belə bir öhdəliyim olmayıb. Axı mən bu pulu nağd şəkildə MTK-ya ödəmişəm, bununla bağlı maliyyə arayışım və qəbzim var”.

E.Məmmədov əmlakının əlindən alıınması ilə bağlı hüquqi mübarisəsini davam etdirəcəyini bildirdi. O Avropa Məhkəməsinə qədər müraciət edəcəyini bildirdi.

Ramin DEKO