Təbriz xəstəxanası azərbaycanlı körpənin ölüsünü vermir

Təbrizin uşaq xəstəxanasında 1 yaşlı azərbaycanlı qız həyatda qalmaq şansını itirib. Zeynəb Novruz qızı Yusifli xəstəxanada süni həyat aparatı altında  saxlanılır.
Xəstəxananın həkimləri körpəni həyata qaytarmağın mümkün olmayacağını artıq onun valideynlərinə bildiriblər. Lakin valideynlər körpəni xəstəxanadan çıxarmaq istədikdə buna icazə verilməyib.
Bu barədə məlumatı azadliq.info-ya Təbrizdən hadisənin şahidi verib.
Məlumatı verən mənbə öyrənə bilib ki, körpə Azərbaycanda müalicə alıb, lakin sağalmayıb. Valideynləri körpənin dərdinə Təbrizin uşaq xəstəxanasında əlac axtarıblar. Burada isə onlara deyilib ki, Zeynəbin əvvəlki müalicəsi səhv aparılıb, ona görə də onu həyata qaytarmaq mümkün deyil. Uşağın xəstəliyi barədə hələlik dəqiq məlumat öyrənmək mümkün olmayıb.
Mənbə onu da öyrənib ki, o şəraitdə xəstəni xəstəxanada saxlamağın hər günü 600 dollara başa gəlir. Körpənin valideynləri də “Bir halda ki, övladımızı onsuz da həyata qaytarmaq mümkün olmayacaq, bu qədər baha qiymətə onu xəstəxanada hədər yerə saxlamağın nə mənası var? Versinlər, aparaq canını evimizdə tapşırsın” deyib övladlarını xəstəxanadan çıxarmaq istəyirlər.
Yaranmış vəziyyətlə əlaqədar Yusifli ailəsi Azərbaycanın Təbrizdəki konsulluğuna, İranın yerli hökumət qurumlarına müraciət ediblər, lakin hər hansı müsbət cavab almayıblar. Onlara xəstəxana ilə problemlərini özlərinin həll etməsi tövsiyə olunub.

İnformasiya şöbəsi