Abbas Abbasovun oğlu mandatdan imtina edir?

Aydın Abbasov  haqqında yazılanları yalan adlandırdı

“Yeni Müsavat” adını açıqlamadığı mənbəyə istinad edərək xəbər verir ki, baş nazirin sabiq  müavini Abbas Abbasovun oğlu Aydın Abbasov deputat mandatını təhvil verməyəhazırlaşır. Qəzetin yazdığına görə  Aydın Abbasov hakimiyyətin atasına qarşı tövründən çox narazıdır və hesab edir ki, dövlət qarşısında xidmətləri olan adama bu cür münasibət həm də ona olan münasibətdir: “Aydın Abbasov atasının Bakıya gəlməsinə qoyulan qeyri-rəsmi qadağadan ciddi narazılığını parlament rəhbərliyi vasitəsilə yuxarılara çatdırıb. O, atasının hakimiyyətə sədaqətli olduğu, yalnız bəzi adamların prezidentə qəsdən yalan məlumat verməsi səbəbindən münasibətlərin korlandığı qənaətindədir. Ona görə də bu münasibəti qəbul edə bilmir və mandatını təhvil verəcəyini deyib”.
Qəzet daha sonra yazır ki, Aydın Abbasov mandatdan imtinasını “səhhətində yaranmış problemlə” əlaqələndirə bilər. Bu variant həm hakimiyyət, həm də deputat üçün məqbuldur. Onun son vaxtlar atası ilə bağlı yazılara reaksiya verməməsinin səbəblərindən biri də güman ki, hakimiyyətlə atası arasında olan bütün körpülərin yandırıldığının fərqində olmasıdır…
Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu, millət vəkili Aydın Abbasov AzNews.az-a açıqlamasında deputat mandatını təhvil verməyə hazırlaşması ilə bağlı xəbərlərini təkzib edib.
Mandatını təhvil verməyə hazırlaşması ilə bağlı məlumatı gülərək qarşılayan deputat deyib ki, səhhətində heç bir problem yoxdur, çox sağlamdır. O bildirib ki, bu cür yazılar qərəzli məlumatlardır və bu səbəbdən də belə yazılara münasibət bildirməyi lüzumsuz hesab edir: “Belə bir şey yoxdur. Mandatımı təhvil verməyə, bir yerə getməyə hazırlaşmıram. Mən gözləyirəm, inşallah, prezident seçkiləri arxada qalsın, cənab prezidentin qələbəsi təmin olunsun, biz maraqlanıb, soruşarıq görək, bu yazıları kimlər yazdırır, kimlər sifariş verdirir, ümumiyyətlə, belə yazılar nəyə lazımdır?!” Aydın Abbasov özü haqqında mətbuatda bu cür yazıların davamlı dərc olunduğunu və bunlara əhəmiyyət vermədiyini qeyd edib.