Milli Şuranın son qərarı dəstəklənir

Ziyalılar və gənclər yeni vahid namizəd ideyasını alqışladılar

Demokratik Qüvvələrin Milli Şurasının son sessiyasında Milli Şuranın prezident seçkilərində iştirakı ilə bağlı mühüm qərar verildi. Milli Şura təşkilatın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliyini sona qədər müdafiə edəcəyini bir daha bəyan etdi. Amma bununla belə təşkilat seçkidən kənarda qalmamaq üçün yeni vahid ehtiyat namizədin müəyyənləşdirilməsini məqbul saydı. Bir neçə gün ərzində bu namizədin adı da müəyyənləşdiriləcək. Milli Şuranın sessiyasında qəbul olunan son, mühüm qərarla bağlı təşkilat üzvlərinin mövqeyini öyrəndik.

Vidadi Mirkamal: «Ehtiyat vahid namizədin müəyyənləşdirilməsi Milli Şuranın qəbul edə biləcəyi ən doğru qərardır»

Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal hesab edir ki, təşkilat üzvlərinin son sessiyada qəbul etdiyi qərar reallığa uyğundur: «Düşünürəm ki, Milli Şuranın qəbul etdiyi qərar təşkilatın mövcud situasiyada gələ biləcəyi ən doğru və düzgün qərardır. Mən də Milli Şurada çıxışımda ayrı-ayrı namizədlərlə çıxış etmək tendensiyasını tənqid etmişdim. Çünki indiki şəraitdə bu yolverilməzdir. 2012-cı ilin 3 noyabrında «Yeni Müsavat» qəzetinə verdiyim müsahibdə bu variantı təklif etmişdim ki, müxalifət bir neçə namizədi irəli sürsün, seçki kampaniyasının imkan verdiyi şəkildə təbliğat qurulsun və sonda bir nəfər irəli verilsin. Amma bu variant üçün xeyli müddət lazım idi. Ən azı yanvar ayından müxalifət bu ideyanı realaşdırılmasına hazırlaşmalı idi ki, indi o qərarı qəbul edəydi. Hazırda isə bir neçə namizədin irəli sürülməsi insanları çaşdıra, onlarda ruh düşkünlüyü yarada bilərdi. Ona görə düşünürəm ki, Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi istinamətindəki problem həllini tapmayacaqsa, ehtiyat vahid namizədin müəyyənləşdirilməsi Milli Şuranın qəbul edə biləcəyi ən doğru qərardır».

İbrahim İbrahimli: «Çox namizədlik çox riskli, məğlubiyyətə hesablanmış bir variantdır»

Milli Şuranın fəlsəfəsinin vahid namizəd üzərində qurulduğunu deyən Milli Şuranın üzvü, istiqlalçı deputat İbrahim İbrahimlinin də qənaətincə, son iyirmi ildə yaradılmış birliklər içərisində ən optimal və qələbəyə hesabalana biləcək birlik məhz Milli Şuradır: «Milli Şuranın məhz vahid namizəd konsepsiya üzərində qəbul edilməsi bu təşkilatın məhz gələcəyə hesabalanmasından xəbər verir. Milli Şura ona görə yarana bildi ki, ora daxil olan qüvvələr bir vahid namizəd ətrafında birləşməklə bağlı razılığa gəldi. Bu çətin, ağır, şərəfli mübarizədə vahid namizəd səslərin parçalanmaması, elektoratın bölünməməsi, susqun elektoratın səfərbər edilərək qələbəyə nail olmağa xidmət edir. Mən həmişə bu konsepsiyanın tərəfdarı olmuşam».

Seçkiyə çox namizədlə qatılmaq prosesini demokratik düşərgənin artıq yaşadığını deyən İ.İbrahimli hesab edir ki,  çox namizədliyi qələbəyə hesablanmış variant saymaq olmaz: «Çox namizədlik çox riskli, məğlubiyyətə hesablanmış bir variantdır. Ona görə Milli Şura bu qərarına sadiq qalaraq, uzun sürən müzakirələrdən sonra belə bir qənaətə gəldi ki, Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədi olaraq hüququn imkanlarının verdiyi müddətə qədər qalır. Yəni Rüstəm İbrahimbəyovun namizədliyi sona qədər qorunur. Bu alınmayacağı təqdirdə, yaranmış situasiyada Milli Şuranın sədri kimi Rüstəm İbrahimbəyovun da iştirakı ilə növbəti bir vahid namizədin müəyyənləşdirilməsi ideyası qəbul olundu. Milli Şuranın qələbəyə hesablanmış bir variant olaraq vahid namizəd, vahid platforma ilə seçkiyə qatılması düzgün addımdır». 

Yaşar Cəfərli: «Birgə hərəkət etmək üçün bizim şanslarımız var»

Milli Şuranın üzvü, Ehtiyatda Olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli vurğuladı ki, Milli Şura son sessiyasında R.İbrahimbəyovun namizədliyini mümkün olan tarixə qədər dəstəkləyəcəyini qeyd etməklə yanaşı, eyni zamanda yaranmış situasiyaya uyğun qərarla çıxış edib: «Yaranmış situasiyada mükündür ki, Rüstəm bəyin namizədliyinin qeydə alınmasına maneçilik törətsinlər. Çünki kim, kimin proekytidir, Putinin səfəri nəyə xidmət edir bunlar hamısı bəlli məsələlərdir. Artıq belə bir fikir formalaşıb ki, Rusiya ilə Azərbaycan hökuməti arasında razılaşma əldə olunub və bu razılaşmaya görə Rüstəm bəyin vətəndaşlığının ləğvi əngələnə bilər. Vaxt məhdudlaşdıqca bu təhlükənin səviyyəsi də getdikcə artır. Bu nöqteyi nəzərdən mən təklif etdim ki, Milli Şura iki namizədlə seçkiyə gedə bilər. Çünki vahid ehtiyat namizəd və çoxlu namizədlər ifadəsi çoxları tərəfindən qəbul edilmirdi. Yəni ikinci bir namizədin də irəli sürülməsi variantını təklif etdim. Eyni zamanda həmin ikinci namizədlə bağlı konkret öz təklifimi də verdim. Bəyan etdim ki, belə meil var ki, bu namizəd ziyalılardan, intelektuallarda biri olsun və Mehman Əliyevin adını çəkdim. Yaranmış situasiyanı nəzərə alaraq, birliyi qoruyub saxlamaqla, əvvəl deyildiyi kimi vahid namizəd, vahid konsepsiya ilə seçkiyə gedərək, birgə hərəkət etmək üçün bizim şanslarımız var. Hələ proseslərin nəylə nəticələnəcəyini söyləmək olmaz və ruhdan düşməyə də əsas yoxdur». 

Fuad Ağayev: «Milli Şuranın üç, beş, yaxud daha artıq namizədə «hə» deməsi siyasi naşılıq olardı»

Milli Şuranın son toplantısında çox gərgin müzakirələrin getdiyini deyən Milli Şuranın üzvü, “Hüqüq Evi” İctimai Birliyin təsisçisi Fuad Ağayev vurğuladı ki, Milli Şuranın qəbul etdiyi qərar yaranmış situasiyada optimal qərardır: «Qəbul olunan qərar situasiya üçün optimal qərardır. Yəni ən yaxşısıdır. Söhbət ondan ondan gedir ki, iqtidar Rüstəm bəyin şəxsində özünün ən təhlükəli rəqibini görür. Buna şübhə etməyə bilərik. Ona görə də hələ Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürülməmişdən öncə vurğulanırdı ki, onun namizədliyi qeydə alına bilməz. Yəni əvvəlcədən onlar artıq Rüstəm İbrahimbəyovla rəqabət aparmaq niyyətlərində olmadıqlarını, bundan ötrü əllərində olan bütün imkanlardan bəhrələnmək niyyətində olduqlarını bildirmişdilər. Belə bir şəraitdə əlbətdəki Milli Şuranın üç, beş, yaxud daha artıq namizədin irəli sürməsinə «hə» deməsi siyasi naşılıqdan başqa bir şey olmazdı. Hazırkı iqtidarın dəyirmanına su tökmək kimi bir şey olardı. Ehtiyat namizədin olması isə Milli Şuranın qorunub saxlanması şəraitində, vahid namizədlə birlikdə iqtidarla mübarizə aparmasına şərait yaradır». 

Şahvələd Çobanoğlu: Son sessiyada iştirak etsəydim, yenə seçkidə vahid namizədlə iştiraka səs verərdim”

Milli Şuranın üzvü, tanınmış yazar Şahvələd Çobanoğlu deyir ki, qurumun sonuncu sessiyasında obyektiv səbəbdən iştirak edə bilməyib. Amma ondan əvvəlki sessiyada Milli Şura üzvlərini bütün hallarda seçkidə vahid namizədlə iştiraka dəstək verməyə çağırıb: “Son sessiyada iştirak etsəydim, yenə buna səs vermiş çoxluqla birlikdə olacaqdım. Milli Şurada əksəriyyət seçkiyə vahid namizədlə getməyin üstünlüyünü anlayır. Milli Şura həm də buna görə yaradılıb. Yoxsa Milli Şuranın varlığı da mənasını itirmiş olar, ən başlıcası, seçkilərə də ən uğurlu variantla getdiyimizi iddia edə bilmərik. Məncə, yekdilliklə qərar verib, seçkidə Milli Şuranın vahid namizədlə iştirakını ən tez zamanda təmin etməliyik.

Ola bilsin, bəziləri indi ölkəmizdə ictimai mübarizənin nə qədər ağır olduğunu, nə qədər çətin şərtlərlə davam etdiyini tam nəzərə almır. Hər cür cinayətə əl atmaqdan çəkinməyən Azərbaycan hakimiyyəti demokratik qüvvələrin imkanlarını minimuma, onlara əngəlləri isə maksimuma çatdırıb. Inanın ki, çox çətindir və belə vəziyyətlərdə birliyin alternativi olmur. Ayrı-ayrı partiyaların seçkiyə getməsi təbii hal ola bilər, amma ağırlığı, resursları, repressiyaları nəzərə alsaq, həm də çox çətindir. Birlik yükün və fədakarlığın da bölüşdürülməsidir. Nəticələrə məsuliyyəti birlikdə daşımaq baxımından da bu önəmlidir. Elə yaxşı nəticələri əldə etmək də məhz bu halda daha asandır”.

Mirvari Qəhrəmanlı: “Bunun əksi bəri başdan məğlubiyyətimizə imza atmağımız olardı”

Milli Şuranın digər üzvü, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı da qurumun son sessiyasında qəbul olunan qərarı müdafiə edir: “Mən hər zaman bu mövqedə olmuşam ki, demokratik qüvvələr seçkiyə bir yerdə və bir namizədlə getməlidir. Indi demokratik düşərgə Milli Şurada birləşib. Bu təşkilatdan bir neçə namizədin irəli sürülməsi faktiki, onun iflası, qüvvələrin parçalanması demək olardı. Yaxşı ki, Milli Şura üzvləri birliyi qorumaq və seçkiyə bir namizədlə getmək barədə qərar verdi. Bunun əksi bəri başdan məğlubiyyətimizə imza atmağımız olardı”.

Ülvi Həsənli: «Milli Şura yalnız vahid namizədlə uğur qazana bilər»

“Azad Gənclik” Təşkilatının İdarə Heyətinin üzvü Ülvi Həsənlinin fikrincə, Milli Şura seçkilərdəki iştirakı ilə bağlı mühüm qərar verib. Ü.Həsənli vurğuladı ki, Milli Şuranın ehtiyat vahid namizədlə seçkiyə qatılmaqla bağlı qərarı düzgündür: «Gənclər olaraq Milli Şuranın seçkilərdə yalnız vahid namizədlə iştirak edərək uğur qazanacağını gözləyirik. Cəmiyyətin də bizdən gözləntisi budur. Rüstəm İbrahimbəyovun da vahid namizədliyi müəyyənləşən zaman da cəmiyyət vahid namizədin irəli sürülməsindən ruhlanmışdı. Ona görə gənclər, ziyalılar olaraq Milli Şuranın son sessiyasında ehtiyat vahid namizdə bağlı qərarın qəbul edilməsinə təkid etdik. Düşünürük ki, Milli Şura yalnız vahid namizədlə seçkiyə qatılacağı təqdirdə uğur qazana bilər».

Xəyal