Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası yerləşdiyi qərargahdan çıxarılır. Gunxeber.com-a verilən məlumata görə, ACP qərargahında böyük çaxnaşmalar baş verib. Xəbərdə bildirilir ki, R.Quliyev partiya üzvlərinin əmək haqlarını və qərargahın sahibi Azər Əsgərovun icarə pulunu ödəmədiyi üçün həm işçilər, həm də Azər Əsgərov artıq R. Quliyevə qarşı addımlar atmağa məcbur qalıblar. Sayta verilən məlumata görə, artıq bu istiqamətdə ciddi hadisələr baş verir.
Məlumatda o da bildirilir ki, mülkün icarəsinə görə son 2 ayın pulunu Eldar Namazov verib. Ancaq mülk sahibi ACP-nin orada Milli Şuranın pulu ilə oturmasına razı deyil və partiyaya qərargahı tərk etmək üçün avqustun 25-dək vaxt verib.
ACP sədri Sülhəddin Əkbər “Azadlıq” a açıqlamasında bildirdi ki, saytlarda yazılanlar cəfəngiyyatdır, kimlərinsə fantaziyasından qaynaqlanır: “ Əvvəla onu deyim ki, biz müqavilə əsasında qərargahı kirayələmişik və bu müqavilə müddətsizdir. Qərargahın icarə haqqı heç bir problem olmadan ödənilir və bu istiqamətdə heç bir çətinlik yaranmayıb. İkinci, məsələyə gəlincə, bizim pulumuzu Eldar Namazov niyə ödəməlidir ki? Bunlar hamısı cəfəng fikirlərdi, biz qərargahı tərk etmək fikrində deyilik”
İlham