Məhbus fəal aclığı dayandırıb

Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan gənc fəal Rəsul Mürsəlov aclıq aksiyasını dayandırıb. Bunu “Media forum” saytına Rəsul Mürsəlovun anası Sənubər Mürsəlova deyib. Saxlanma şəraitindən narazı olan gənc fəal avqustun 11-dən aclıq aksiyası keçirirdi. 

Sənubər Mürsəlova oğlu ilə avqustun 19-da telefonla danışdığını bildirib: “Səhhəti normaldır. Rəsul mənə dedi ki, həbsxanaya qəzet gətirilsə də, ona vermirlər. Ona olan münasibət haqda mənə ətraflı bir söz demədi. Ancaq bilirəm ki, pulu yoxdur”.

Rəsul Mürsəlov türkiyəli dostu Əlirza Qutlu ilə birgə 2012-ci il iyulun 18-də Balakəndə tutulub. Onlar Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmədə təqsirli bilinərək 1 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Rəsul Mürsəlov 2012-ci ildə “Avroviziya” müsabiqəsi ərəfəsində keçirilən kütləvi aksiyaların fəal iştirakçılarından olub.