Görkəmli yazıçımızı yetişdirən nəsil

Nəslin ulu babası Mirzə Haqverdi bəy

Azərbaycana bir çox görkəmli xadimlər bəxş etmiş soylar arasında Haqverdiyevlər nəsli də var. Şübhəsiz ki, bu soyad ilk olaraq hamıya böyük maarifçi və dəyərli yazıçımız Əbdürrəhim bəy Haqverdiyevi xatırladır. Bəli, Əbdürrəhim bəy bu nəslin parlaq simalarından biri olsa da, onunla eyni familiyanı daşıyan başqa mötəbər şəxsləri tanımağa da dəyər.

Haqverdiyevlərin ulu babaları Mirzə Haqverdi bəy Qarabağın adlı-sanlı mülkədarlarından biri sayılırdı. Onun Şuşa şəhərində imarəti, Kəbirli mahalında Mirzəhaqverdilər adlı obası vardı. Bundan başqa, o, Mərzili, Avşar obalarının bir hissəsinin, Vərəndə mahalında Ağbulaq adlı kəndin də sahibi idi.

Hazırda Kəbirli mahalında onun adını daşıyan “Mirzəhaqverdi kəhrizi” adlı yurd yeri var. Mirzə Haqverdi bəy 1806-cı ildə Ibrahimxəlil xanla bərabər güllələnib. Ondan sonra bu nəslin nümayəndələri Haqverdiyev soyadını daşıyırlar.

Mirzə Haqverdi bəyin oğlu Məhəmmədkərim bəy də dövrünün tanınmış şəxslərindən olub. O, 1779-cu ildə Şuşa şəhərində doğulmuşdu. Ibtidai təhsilini atasından alan gənc sonra mükəmməl mədrəsə təhsili görmüşdü. Məhəmmədkərim bəy savadlı və bilikli biri olduğundan, “mirzə” deyə çağrılırdı. Gözəl xətt sahibi olan Məhəmmədkərim bəy həm də xəttat kimi tanınmışdı. O, kitab üzü köçürürdü. Özünün də zəngin kitabxanası vardı. Xəttat məşhur “Rövzəti-üş-şühəda” əsərini köçürüb övladlarına yadigar buraxmışdı. O, Mehdiqulu xan Sarıcalı-Cavanşirin sarayında xidmət etmişdi. Dövrünün mühüm vəzifələrindən birini, divanxanada katib vəzifəsini tuturdu. Eyni zamanda, o, xanın yaxın adamlarından sayılırdı.

Mirzə Məhəmmədkərim bəyin Əbdürrəhim bəy, Əbdülkərim bəy, Əbdüləzim bəy adlı oğulları vardı.

Haqverdiyevlər nəslinin məşhur nümayəndələri arasında şair Mirzə Əli bəy Qarabağinin də xüsusi yeri var. Mirzə Haqverdi bəyin ikinci oğlu olan Əli bəy Şuşa şəhərində dünyaya gəlmişdi. O da ibtidai təhsilini atasından aldıqdan sonra  mükəmməl mədrəsə təhsili görmüşdü. Qardaşı kimi oxumuş biri olduğundan, “mirzə” deyə çağrılırdı. O, dövrünün ən önəmli vəzifəlilərindən biri, Şuşa şəhərinin qazısı olmuşdu. Əli bəyin gözəl şairlik təbi vardı. Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab öz məşhur əsəri olan “Təzkireyi-Nəvvab”da yazırdı: “Mərhum Mirzə Əli Mirzə Haqverdi oğlu Qarabağ vilayətinin əhalisindəndir. Qarabağın Şuşa şəhərində birinci qazı olmuşdur. Cənab xanlar xanı Mehdiqulu xan Ibrahim Xəlil xan Cavanşir oğlunun xanlığı zamanı sağ idi. 1255-ci ildə vəfat etmişdir (miladi 1839/1840-cı il). Tanınmış alim olub, tibb elmində də məharəti var idi. Deyilənə görə, hərdəm şeir də demişdir…”. 

Mirzə Əli bəyin Əbülqasim bəy, Haqverdi bəy, Əhməd bəy, Yusif bəy adlı oğulları vardı.

Şair Mirzə Haqverdi Səfa

Mirzə Əli bəyin oğlu Mirzə Haqverdi bəy də öz qohumları səviyyəsində mədrəsə təhsili almışdı. O, 1805-ci ildə Şuşa şəhərində doğulmuş və zəmanəsinin tanınan simalarından olmuşdur. Mir Möhsün Nəvvab onun haqqında yazır: “Mərhum Mirzə Əlinin oğludur ki, sabiqdə Şuşa qazisi idi. Mirzə Haqverdi ziyadə dəqiq və zərif bir vücud idi və əşarü kəlamından belə anlaşır ki, Şeyx Əttar və Şəms Təbrizi kimi böyük və fazil ədiblərin asari-cəlilələrindən feyzü kamalat əxz edib, onların tutduğu təriqü məsləkdə müdavimət edib şeir deyərmiş və əşarının çoxusu fars dilində yazılıbdır”. O, şeirlərini əsasən fars, ərəb dillərində yazmışdı. Cəfərqulu xan Nəvanın və Qasım bəy Zakirin onunla bağlı həcvləri var. Mirzə Haqverdi Səfa 1881-ci ildə vəfat edib.

Onun farsca yazdığı şeirlərdən birinin tərcüməsi belədir:

 

Qara qarğa gül budağında yuva saldığından

Bizim xoş nəğməli bülbülümüz susdu.

Sənin qapında rəqibdən başqa dadına yetən yoxdur,

Bizim gizli sirrimiz sənin qulağına nə vaxt çatar?!

Səfaya yüz cəfa yetsə də, yüngüldür,

Bizim zəif bədənimiz bəladan başqa heç nə görməyib.

 

Mirzə Məhəmmədkərim bəyin oğlu Əbdürrəhim bəy isə görkəmli yazıçımız Əbdürrəhim bəy Haqverdiyevin babası olub. O, 1809-cu ildə Şuşa şəhərində dünyaya gəlmiş, ibtidai təhsilini atasından almışdı. Dövrünün bir çox savadlı şəxsləri kimi, o da sonra mükəmməl mədrəsə təhsili almışdı. Oxumuş kimi “mirzə” adlandırılan Mirzə Əbdürrəhim bəy qəza idarəsində məmur işləmişdi. O, hüquqşünas idi.

Onun Əsəd bəy, Əbdülkərim bəy, Cahangir bəy adlı oğulları vardı.

Soyun ən parlaq adı…

Nəhayət, bu nəslin ən parlaq yetişdirməsi görkəmli yazıçımız Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyevdir. Onun Azərbaycan ədəbiyyatı, teatrı, mədəniyyət tarixi sahəsindəki xidmətlərini saymaqla bitməz. Böyük istedada malik qələm sahibi, dramaturq, pedaqoq, ədəbiyyatşünas və incəsənət xadimi olan Əbdürrəhim bəy dövrünün maarifpərvər ziyalı təbəqəsi ilə öz adını tariximizə qızıl hərflərlə yazdırmışdır.

O, 1870-ci il mayın 17-də Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində dünyaya gəlmişdir. Ibtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində alan gənc sonra Şuşa realnı məktəbində almışdır (1881-1890). Daha sonra Tiflis realnı məktəbini bitirərək, Peterburq Yol Mühəndisləri Institutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövründə azad müdavim kimi universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. 

Gənclik illərindən ədəbi fəaliyyətə başlayan Haqverdiyev həm qələmini yazarlıqda sınamış, həm də yazdığı əsərlərin teatr tamaşaları kimi oynanması üçün həvəskar teatr truppalarının təşkilində yaxından iştirak etmişdir. O dövrdə ali təhsil alıb Şuşaya qayıdan yazıçının burada təşkil etdiyi tamaşaların sorağı hər yerə yayılmışdı. Bundan başqa, Bakıda olan rəhbərliyi ilə Şərq konsertləri verilmiş və bu, istedadlı musiqiçilərin tanınmasına geniş imkanlar açmışdır (1902-1903). Haqverdiyev ilk hekayələrini (“Ata və oğul”, “Ayin şahidliyi”) də burada “Iki hekayət” adı ilə çap etdirmiş, gözəl dram əsərləri olan “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) və “Dağılan tifaq” (1896) əsərlərini yazmışdır. “Dağılan tifaq’ (1899) Peterburqda nəşr edilmişdir. 1905-ci il inqilabdan sonra Gəncə quberniyasından Rusiya Dövlət Dumasına nümayəndə seçilən yazıçı Peterburqa getmişdir. 1908-ci il yanvarın 12-də şərqin ilk operası ”Leyli və Məcnun” tamaşaya qoyulduğu zaman o, ilk Azərbaycan diricoru kimi xor və orkestri idarə etmişdir.

Əbdürrəhim bəy Haqverdiyevin “Lağlağı”. “Mozalan”, “Süpürğəsaqqal” və s. imzalarla “Molla Nəsrəddin” jurnalında yazdığı hekayə və felyetonlar ədəbiyyatımızın ən gözəl inciləri sırasına daxildir.  

Ədibin “Marallarım”, “Xortdanın cəhənnəm məktubları”, “Şeyx Şaban”, “Ac həriflər”, “Bomba”, “Mirzə Səfər” kimi əsərləri bu gün də sevilə-sevilə oxunan və dəyərini itirməyən nümunələr sırasındadır. Yazıçı həmçinin bədii tərcümə ilə məşğul olmuş, rus və Qərbi Avropa ədəbiyyatından bir sıra qiymətli tərcümələr etmişdir. Onun əsərləri SSRI və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. 

Ə.Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir