Harda qaldı «qarant» olmağınız?
«Prezidentə məktub» silsiləsindən
Evimizi sökdülər. Sizin ədalətli saydığınız 1500 manatı da bizə vermədilər. Yadınızda olar, Bakıda söküntü başlananda evlərə yerinə uyğun kompensasiya verirdilər. Bu, 5 min manat, 3 min manat və s. rəqəmlərlə ifadə olunurdu. Günün birində siz televiziyaya çıxıb (bəlkə də çıxardılar, əslində bu, tamamilə qanunsuzluq, dövlət başçısının maklerlik etməsi idi), “yerindən asılı olmayaraq hər kvadratmetrinə 1500 manat Bakı şəhərində ədalətli kompensasiyadı” dediniz.
Bunu siz dediniz, milyonlarla seçicinin(guya) səsini almış və onların hüquqlarının müdafiəçisi, təhlükəsizliyinin qarantı, Konstitusiyaya və Qurana and içən prezident olaraq dediniz. Konstitusiyanı deyə bilmərəm, onun Ana Yasalığını çoxdan əlindən almısız, baxmayaraq ki, o, demokratik dövlətlərdə Qurana bərabər tutulur, yəni ona and içmək Qurana əl basmaq anlamına gəlir, görək Quran bu saxtakarlığı qəbul edəcəkmi? Dövlət başçısı olaraq siz bu sözləri deməməliydiniz. Bazar iqtisadiyyatından danışan, ölkədə azad iqtisadiyyat olduğunu deyən prezident belə sözlər danışmamalı, alverə girməməli, söküntülərlə bağlı qiymət qoymamalıydı. Əslində dedikləriniz bu anlama gəlir ki, siz oliqarxların diqtəsiylə bu addımı atır, onların istəyilə hərəkət edir, idarə olunursuz. Prezident adına utanc gətirən bir şey.
Adam tutduğu vəzifənin məsuliyyətini anlamalı, ona uyğun hərəkət etməli, qərarlar verməlidir. Siz bu ölçü və məsuliyyət hissini itirmisiniz. Çox təəssüf. Vətəndaş olaraq mən ölkəmin prezidentinin ləyaqətli bir insan, xalqın qeydinə qalan, onun problemlərinin həllinə çalışan rəhbər olduğunu düşünür və belə olmasını istəyirəm. Siz bunu bacarmadınız. Istər Konstitusiyaya, istərsə də Qurana əl basmağın sadəcə bir ritual, yalan olduğunu ortaya qoydunuz. Ayıb…
***
Evimizi qanunsuz olaraq sökdülər. Vətəndaş olaraq mənim (təkcə mənimmi?!) ən toxunulmaz hüququm, mülkiyyət hüququm pozuldu və mən hüquqlarımı həmin anda müdafiə edə bilmədim. O sadə səbəbə görə ki, siz mənim hüquqlarımın müdafiəsində dayanmaq bir yana, onu pozanlarla əlbirsiniz, onların müdafiəçisisiniz. Bu, vətəndaş olaraq mənim (mənim kimi mülkiyyət hüququ pozulan on minlərin) zəifliyi deyil, sizə ayıb gətirən bir situasiyadır.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən bir hissəni diqqətinizə çatdırıram. Yox, başqa niyyətim yoxdur, bu ölkədə qanunların tualet kağızından da dəyərsiz olduğunun fərqindəyəm. Sadəcə diqqətə çatdırmağın ziyanı olmadığını düşündüm.
Maddə 29.
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Maddə 33.
I. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
II. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
Nəinki daxil oldular, hətta başımıza uçurdular, evin əşyalarını çıxarmağa çalışan qardaşım oğlu xəsarət də aldı.
***
Burda yaşadığımız illərdə qapımızda bir ağac böyütmüşdük. Əzəmətli bir ağac olmuşdu. Sizin quldurlar, oğrular, yaramazlar, başkəsənlər, mərhəmət nə olduğunu bilməyənlər o ağacı ekskovatorla vəhşicəsinə sındırdılar. Baxmayaraq ki, bir neçə il qabaq milyonlara dövlət vəsaiti xərcləyib texnika almışdız. Həmin texnikanın nümayişində siz özünüz dediniz ki, bu avadanlıqları ona görə almısınız ki, bir ağac da kəsilməsin. Dediniz, göstəriş verdiniz ki, kəsilmək gərəyi yarananda həmin texnika vasitəsilə ağac kökündən çıxarılıb başqa yerə əkilsin. Bu ərazidə yüzlərlə ağacı vəhşicəsinə sındırdılar. Ağacların müdafiəsində dayanan (guya) Ekologiya nazirliyindən bir nəfər də gözə dəymədi. Ancaq bir obyekt yerində ağac kəsiləndə 3-5 min manat ya rüşvət, ya da cərimə alınır. Bu ağacların harayına yetən olmadı. Heç ağac sahibləri də o halda deyildi, onlar evləri, mülkiyyətləri, təhlükə altında olan balalarının xilasına çalışırdı, sizin quldurların onlara xətər yetirməməsi üçün mübarizə aparırdılar. Ağacmı yada düşürdü?!
Daha bir yalan, saxta göstəriş.
***
Evimizi sökdülər. Biz illərlə bir yerdə yaşadığımız qonşulardan məcburiyyət qarşısında ayrıldıq. Uşaqlar dostlarını itirdilər. Bunun nə demək olduğunu sizə anlatmağa çalışacam. Çətin olduğunu bilirəm, ancaq cəhd edəcəm. Qonşuluq çətin məsələdir. Bunu dərk etməyini istəyirəm. Qonşuluq haqqı ən ağır, birinci haqlardan sayılır. Qonşuluq, yeri gələndə 5-10 manat borc almaq və yaxud borc verməkdir. Qonşuluq, yeri gələndə soğan-kartof, bir baş sarımsaq almaq, para çörək alıb-vermək deməkdir. Qonşuluq bir-birinə yaxşı, yaman gündə həyan olmaq, əl tutmaq deməkdir. Yaxşı qonşunun qohumdan artıq olduğunu deməyə gərək yox. Eh, evimizin sökülməsi lap ağlımı qarışdırıb…
Yeri gəlmişkən, biz həm də sizinlə qonşuyuq, evimizlə üzbəüzdə sizin, bilmirəm, 7-ci, yaxud 8-ci iqamətgahınız var. Ancaq siz yaxşı qonşu olmağı bacarmadınız…
***
Dəyərli dostumuz Rəşid Şerifin “Azadlıq”da bir karikaturası vardı, üstündə yazılmışdı: Əcəb epoxaya düşmüşük! Rəssam dostumuz bunu illər öncə yazmışdı. Təəssüf ki, heç nə dəyişməyib…