«Azərbaycan hakimiyyətinin ideologiyasında türkçülük yoxdur»
Mahmudəli Çöhrəqanlı: «Hava limanında bizi tanıyıb yanımıza gələnləri qovurdular»
Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı avqustun 15-də oğlu ilə birgə Bakıya buraxılmamasından sonra “Azadlıq” qəzetinin Türkiyədəki təmsilçisi Aydın Taşa müsahibə verib. Çöhrəqanlı Əliyev rejiminin və YAP-ın əsla milliyətçi düşüncədə olmadığını, Rəsulzadə tərəfdarı və Elçibəyçi olduğu üçün ölkəyə buraxılmadığını söyləyib.
– Çöhraqanlı bəy, bundan 9 ay əvvəl Türkiyəyə girişinizə icazə verilməmişdi. Indi də Azərbaycanda eyni münasibətlə üzləşdiniz. Vətənə buraxılmırsınız. Hansı hissləri keçirirsiniz?
– Missiyamızın nə qədər ağır olduğunu hiss edirəm. Türkiyə və Azərbaycanın, iki qardaş millətin durumunun necə kritik və həssas olduğunu görürəm. Çiyinlərimizdə çox ağır bir yük var. Amma bu yükü də daşımağa imkan yaratmırlar.
– Azərbaycana gəlməmişdən öncə sizi vətənə buraxmayacaqlarını düşünürdünüzmü?
– Biz yeddi il fasilədən sonra Azərbaycana getmək istədik. Oğlum Alparslan ilə öncə Azərbaycanın Vaşinqtondakı səfirliyi ilə əlaqə saxlayaraq, telefon açdıq. Normal prosedur qaydalarından keçdik. Bütün bunların hamısını etdik. Belə hiss etdik ki, elə bir problem yoxdur. Müvafiq sənədləri doldurduq, viza üçün nəzərdə tutulan rüsumu ödədik. Səkkiz gün içərisində bütün bu addımları atdıq. Elə bir problem görünmədi. Avqustun 14-ü vizanı almalı olduğumuz gün oğlum Alparslan konsuluğa getsə də, nəticəsiz qayıtdı. Ona bildiriblər ki, Bakıda hava limanında vizalarınızı alacaqsınız. Prosedur qaydalarının yerinə yetirilməsi üçün 8 gün yetərli deyilmiş. Bunun üçün 15 gün lazım imiş. Bax, belə gülünc bir söz söyləyiblər. Güney Azərbaycan Milli Oyanış Hərəkatının təmsilçisi kimi Birləşmiş Millətlər Təşkilatının Dövlətsiz Millətlər Birliyinin toplantısında iştirak etmək üçün Italiyaya getməliydim. Viza almaq üçün biz bu ölkənin səfirliyinə müraciət etdik. Avropa Birliyinin üzvü olan bu dövlət 3 gün ərzində bizə viza verdi. Amma Azərbaycan səfirliyi üçün 8 gün kifayət etmirmiş. Bizə vizamızı hava limanında alacağımızı söylədilər və demədilər ki, Azərbaycana səfər etməyin.
– Bakı hava limanında nə ilə qarşılaşdınız?
– Təyyarədən endikdən sonra Azərbaycan vətəndaşlığı olan ayrı, xarici ölkə vətəndaşları isə ayrıca növbədə gözləməyə başladı. Növbə bizə çatanda elə davranmağa başladılar ki, guya biz Yaxın Şərqdə cinayətlər törətmişik, sanki bizi Interpol axtarır. Yəni mən Bakıda, yoxsa Yerevanda olduğumu anlaya bilmədim. Hava limanının əməkdaşları mənimlə eyni dildə danışsalar da, çox hörmətsiz yanaşma sərgiləyirdilər. Vizalarımızla bağlı sual verdilər. Vaşinqtondakı səfirlikdə vizalarımızı Bakıda alacağımızı söylədiklərini bildirdim. Dedilər ki, dəvətnamə lazımdır. Dedim ki, millət vəkili Sabir Rüstəmxanlını tanıyırsınız, yəqin o bir neçə dəqiqəyə gələrək sizə dəvətnaməni təqdim edəcək. Bu müddət ərzində bizi başqa yerə apardılar. Milli Təhlükəsizlik Nazirliyinin yüksək çinli təmsilçisi bildirdi ki, biz ölkədən çıxmalıyıq, bizi deportasiya edirlər. On səkkiz saat yol gəldikdən sonra bizi 8 saat dəmir stullarda otuzdurdular. Bizi Azərbaycana gətirən təyyarə artıq yola düşmüşdü. Bir gün sonra gələcək təyyarə ilə geri qayıdacağımızı bildirdilər.
“Mənə kömək etmək istəyənləri təhqir edirdilər”
– Sizə kimsə kömək etməyə çalışdımı?
– Hava limanında məni tanıyan azərbaycanlılara belə hörmətsizlik etdilər. Bizi tanıyaraq yanımıza gələnləri qovurdular. Mənimlə şəkil çəkdirənlər oldu. Onların əllərindən telefonları alıb, çəkilən şəkilləri sildilər.
– Siz 8 saat hava limanında gözləmisiniz. Bəs bu müddətdə sizə kömək üçün yaxınlaşan olmadımı?
– Sabir Rüstəmxanlının ilk bir saat ərzində bir neçə dəfə müdaxilələri oldu. Polis əməkdaşları da iki yerə parçalanmışdı. Polis əməkdaşlarından mən bu şəxsi tanıyıram deyənləri, dərhal hava limanından uzaqlaşdırırdılar. Yəni bir sözlə, problemi həll etmək istəyənlərin hamısını neytrallaşdırmağa çalışırdılar.
– Azərbaycana daxil ola bilməmənizi nəylə izah edirsiniz?
– Azərbaycan hakimiyyətinin ideologiyasında türkçülük yoxdur. Mən tanınmış türkçü, miliyyətçi bir şəxsiyyətəm. Səbəb yalnız budur. Bundan başqa, mənim Rəsulzadə tərəfdarı, Elçibəyəçi olduğumu bildikləri üçün ölkəyə buraxmadılar. Bu düşüncəni müdafiə edən şəxslərin güclənməsinə imkan verilməməsinə çalışılır. Bunlar Iranla razılığa gəliblər. 2005-ci ildə hər iki tərəf bir-birinə arzulamadığı şəxslərin siyahısını verərək razılığa gəldi. Mənim adım bu siyahıda var. Ən önəmlisi isə odur ki, GAMOH-u dağıtmağa çalışırlar. Mən Güney Azərbaycanın lideri olmuş şəxsəm. Amma bu gün deyirlər ki, Çöhrəqanlı kimdir? Bu hərəkatın adını Təbrizdə mən qoymuşam. 2006-cı ilə qədər bizdən başqa hərəkat yox idi. Indisə 3-5 nəfərlə partiyalar yaradırlar və platformalar irəli sürürlər. Bizə isə 7 ildir ki, qapıları bağlayıblar. Türkiyə və Azərbaycan qapıları bağlayandan sonra nə olacaq?
“Hakimiyyət bizi Azərbaycanda görmək istəmir”
– Rəsmi olaraq sizə nə söylədilər?
– Vizanız yoxdur, dedilər. Amma bu bir bəhanədir. Hakimiyyət bizi Azərbaycanda görmək istəmir.
– Avqustun 18-də Demokratik Qüvvələrin Milli Şurasının mitinqi keçirildi. Səfəriniz bununla əlaqəli ola bilərdimi?
– Mənim səfərimin belə bir hədəfi yox idi. Səfərimin bu ərəfədə olması sırf təsadüfdür. Necə ki, səfərin Putinin Bakıya gəlişi və türk dövlətlərinin Qəbələdəki zirvə toplantısıyla yaxın vaxtda reallaşması da təsadüf idi.
– O zaman səfərinizin seçkilərdə hakimiyyətə dəstək vermək üçün reallaşdığı ilə bağlı deyilənlər də həqiqətndən uzaqdır?
– Xeyr. Bizim ölkəyə buraxılmamağımızın səbəbkarı elə hakimiyyətdir. Biz bu günə qədər Azərbaycanın daxili işlərinə qarşımamışıq.
– Daxili işlərə qarışmırsınız. Amma Güney Azərbaycan ilə daha çox maraqlanan müxalifətin hakimiyyətə gəlməsini istəyərsinizmi?
– Əlbəttə, istəyərik. Amma bizim fəaliyyətimizin sonucu olaraq yox. Şimali Azərbaycanda 10 milyona yaxın Azərbaycan türkü var. Onlar yüksək səviyyədə milli şüura sahibdirlər. Onlar bu seçimlərində öz talelərini müəyyən etməlidirlər. Bizim bu işlərə qarışmağımız düzgün deyil. Biz bu işlərə qarışmadan onsuz da bizi darmadağın edirlər, bizə müxalifət deyir və ölkəyə buraxmırlar.
“Mən bir dəfə satılmışam, o da millətimə”
– Azərbaycan hakimiyyəti sizi təhlükə kimi gördüyündən ölkəyə buraxmır?
– Bəlkə səsim və ya özüm anormalam. Mən 3-5 dəqiqəlik çıxışımla böyük bir zalı ayağa qaldırıram. Mən insanlara ümid, mübarizə əzmi aşılayırdım. Təbrizdə məsciddə on minlərlə insanın alqışlarına, şüarlar söyləməsinə səbəb olurdum. Mənim qürurum var. Mən bir dəfə satılmışam, o da millətimə. Çoxları çox yerlərə satılır. Azərbaycan bir bütövdür. Azərbaycanı Quzeyə və Güneyə bölməyin.
– Bundan sonra nə etməyi planlaşdırırsınız?
– Xarici Işlər Nazirliyinin sözçüsü bildirib ki, mənim ölkəyə daxil olmağım üçün qadağa yoxdur. Eyni fikri Siyavuş Novruzov da bildirib. Bir düşünürəm ki, Azərbaycana geri dönməyim, amma digər tərəfdən düşünürəm ki, ora bir nəfərin deyildir.
– Azərbaycan hakimiyyəti sizdən qarşıdan gələn seçkilərdə onlara dəstək vermənizi istəyibmi?
– Bu mümkünsüzdür. Bunu fars rejimi də, Türkiyə də, Azərbaycan da sınaqdan keçirdi. Yenə deyirəm, mən bir dəfə satılmışam, o da millətimə. Mən Güney Azərbaycanı və onun mənafelərini müdafiə edirəm. Mən Güney Azərbaycanın azadlığını düşünürəm. Məndən belə bir şey istəyə bilməzlər.
– Çöhrəqanlı sürgündəmi qalacaq?
– Mən Təbrizdə ev dustağı olan zaman Azərbaycan mediasıyla əlaqə saxlayırdım. Hazırkı durum Irandakı ev dustağlığını da kölgədə qoyub. Bu daha ağırdır. Həm azadlıq hərəkatını, həm də məni boğurlar. Mətbuat konfransı keçirməyə icazə vermirlər.
“Biz hər an soyqırıma məruz qala bilərik”
– Bölgədəki hadisələrin inkişafını necə görürsünüz?
– Hər bir halda bizim bölgəmiz kritik bir dönəmi yaşayır. Orta Şərqdə və bölgəmizdə hər an ciddi dəyişikliklər baş verə bilər. Meydanlarda olmalıyıq, diqqəti əldən vermək olmaz. Güney Azərbaycanda vəziyyət heç də yaxşı deyil. Güney Azərbaycan kimsəsiz görünür. Bizim türkiyə və Azərbaycandan başqa kimsəmiz yoxdur. Bağlı qapıların açılmasına çalışıram. Bu günə qədər Azərbaycan və Türkiyənin daxili işlərinə qarışmadıq. Bölgə həsas durumdadır. Suriyadakı vəziyyət göz önündədir. Kürdlərin aktivliyi Iraqdan sonra Türkiyə, Iran və Suriyada da nəzərə çarpır. Güney Azərbaycanın şəhərlərini istila edirlər. Urmiyanın yüzdə otuzu artıq kürd olub. Türkiyədə BDP-dən olan millət vəkili Altan tan bəyan edir ki, “Kürdüstanımızın Urmiya şəhəri”. Urmiya nə zaman kürd şəhəri oldu? Biz hər an soyqırıma məruz qala bilərik. Mənə gəlincə, mən susmayacağam. Hazırda baş verənlər son sınaqlardır.
Aydın Taş,
Türkiyə, xüsusi olaraq ««Azadlıq» üçün