Dünən mitinqdən əvvəl saytlarda Bakı şəhər Baş Polis Idarəsinin rəis müavini Səhlab Bağırovun açıqlaması vardı, deyirdi ki, aksiyaya 18 yaşdan aşağı olan şəxslər qatıla bilməzlər, çünki mitinq seçki ilə bağlıdır, qanunda isə yalnız 18 yaşı tamam olan şəxslər iştirak etdiyi üçün mitinqə də ancaq onlar iştirak edə bilərlər. Azərbaycanı bax belə əyləncəli adamlar idarə edir. Onlar bizi hər addımları ilə güldürürlər. Gülüş isə insan ömrünü uzadır. Şair də yaxşı deyib, “yazıq o kəslərə qaraqabaqdır, nə gözəl yaraşır insana gülmək”.
Bəs Səhlab Bağırovun dediklərində gülməli olan nədir? Əvvəla, dünənki mitinqin seçki ilə bağlı olduğu bu yoldaşın təxəyyülünün məhsulu idi. Mitinq azad, ədalətli seçki tələbi ilə yanaşı həm də siyasi məhbuslara azadlıq tələbi ilə keçirilirdi. Hazırda Əliyev rejiminin dustaqxanalarında kifayət qədər şərlənmiş insan var ki, onların yolunu evdə azyaşlı uşaqları gözləyir. Hətta Rəşadət Axundov heç dünyaya təzə gələn övladının – Arazın üzünü görə bilməyib. Sən şərlə, iftira ilə ataları uşaqlarından ayır, amma o uşaqlara atalarının azadlığını tələb etmək haqqını da çox gör. Yalnız insanlığın kitabını bircə dəfə də oxumamış adamlar bu qədər qəddar, amansız ola bilərlər.
Ikincisi, lap mitinq seçki mitinqidir. Bəyəm bu, o deməkdirmi ki, ora yalnız səsvermə hüququ olanlar gələ bilər? Yaşı 18-dən az olanları bir kənara qoyaq. Tutaq ki, kimsə seçki mitinqinə gələr, amma seçkiyə getməz, səs verməz. Eyni məntiqlə gərək Səhlab Bağırov yoldaş belələrini də bəri başdan müəyyənləşdirsin, onları bundan sonrakı mitinqlərə buraxmasın. Seçkiyə getməyəcəksənsə, mitinqə niyə gəlirsən? Məntiq yoxdur axı bunda.
Nə qədər komik situasiyadır! Bağırovun məntiqi ilə sabah Qarabağ mitinqi keçirilsə, ora atəşkəsdən sonra dünyaya gələnlər də buraxılmamalıdır, çünki torpaqlar işğal edilərkən onlar heç doğulmamışdılar, Şuşanı, Laçını ancaq şəkillərdə görüblər.
Üçüncüsü, indi yaptokratlar yəqin dil-boğaza qoymayacaqlar, dünənki mitinqə icazə verilməsini ölkədə sərbəst toplaşmaq azadlığının musiqili fontan vurması kimi qələmə verəcəklər. Halbuki bunun özü də çox gülüncdür – icazə və sərbəst toplaşmaq azadlığı. Insanların bir yerə toplaşmasına kimsə icazə verməli, o yeri kimsə müəyyənləşdirməli, hətta ora kimlərin gəlib-gəlməyəcəyini də kimsə təyin etməlidirsə, bu, necə sərbəst toplaşmaq azadlığıdır? Əslində buna icazəli toplaşmaq azadlığı demək daha doğru olmazmı? Lap Sovet hakimiyyəti illərində dəbdə olan “icazəli cəsarət” kimi. Necə ki, icazəli cəsarət – mübarizlik, qorxmazlıq kimi qiymətləndirilə bilməz, əksinə, bu daxili köləliyin, sistemə itaətkarlığın ən iyrənc, riyakar formasıdır, icazəli toplaşmaq azadlığı da əsla demokratiya nümunəsi deyil, tam tərsinə, bu, insan haqq və azadlıqlarını ələ salmağın, onu aşağılamağın ən idbar, iyrənc şəklidir.
Yeri gəlmişkən, yaptokratların hansısa mitinqə icazə verib (halbuki qanunda belə tələb yoxdur, bu, rejimin özününün yazılmamış qanunudur) sonra “18 yaşdan aşağı olan şəxslər gələ bilməz” kimi şərtlər qoyub, mitinq yerinə gedən marşrut xətlərini ləğv etməsi, mitinq öncəsi kütləvi həbslər aparması, rayonlardan aksiyaya qatılmaq üçün gələnləri saxlayıb geri qaytarması və s. adamın yadına məşhur Molla Nəsrəddin lətifəsini salır.
Həmin lətifədə deyilir ki, qonşusu Mollanın yanına gəlir, xahiş edir örkəni bir günlük ona versin. Mollanın qonşusu ilə heç arası yox imiş, deyir ki, gərək məni məzur tutasan, örkənin üstünə darı səpmişəm, verə bilmərəm.
Qonşu təəccüblənir:
– Ay Molla, heç örkənin də üstünə darı səpərlər?
Molla cavab verir:
– Adam örkəni vermək istəməyəndə üstünə darı da səpər, hələ o yana da keçər.
Indi gəlin şükr edək ki, bunlar Bayıldakı sürücülük məktəbinin həyətinə də darı-zad sərməyiblər. Halbuki belə etsəydilər, daha səmimi görünərdilər, yoxsa hansısa dağın başında mitinqə icazə verib sonra da mitinqə gəlməyə icazə verməmək üçün hər gün yeni hoqqa çıxarmaq daha əziyyətli işdir.

18+
•
•