Televiziya aparıcısı xəbərləri yekunlaşdırıb bizə xoş istirahət arzuladı. Amma qanım yaman qaralmışdı. Düşünürdüm ki, ilahi, sıralarımızda bir gör kimlər olub?
Yadıma Türkmənistandan bir epizod düşdü. S.Niyazov xəstəxanalardan birinə bir təcili yardım maşını bağışlamışdı. Bütün telekanallar neçə gün həmin maşını nümayiş etdirməklə məşğul oldular.
Bəlkə də aydın olmadı. Nə etmək olar? Mənim də bir xasiyyətim var ki, hər şeyi açıq yazmağı xoşlamıram, hətta demək istədiyim qaranlıq qalsa belə. Bu ölkədə hamı kimdənsə incikdir. Mən də incimişəm. Ha çalışıram özümə bir toxtaqlıq verəm, amma bacarmıram.
Fikir vermişəm, bu ölkədə hamı hər şeydən danışır. Amma ədalətdən danışan yoxdur. Səbəbi nədir? Çox sadədir, hamının çörəyi ədalətsizlikdən çıxır: mən səni aldadıram, haqqını yeyirəm, sən də başqasını! Beləcə zəncir uzanıb gedir, bütün cəmiyyəti əhatə edir.
Qəzetlərə, saytlara baxıram, hamı M.Çöhrəqanlıdan yazır. Mən onu özünün iddia etdiyi kimi heç də Cənubun milli lideri hesab etmirəm, çünki mən də bu işin lap əvvəlində olmuşam, onun geniş auditoriyalara çıxarılmasının iştirakçısı olmuşam.
Yadıma gəlir, əvvəl cənublu mühacirlər onun adını eşitmək belə istəmirdilər, onu millətçi hesab etmirdilər. Amma tribuna bizim əlimizdə idi və biz ona bu tribunanı verdik. Buna görə zərrə qədər peşiman deyilik.
O da az iş görmədi, danışdı, bəyanatlar verdi. Qərəz, çox iş gördü. Bu gün də ona rəğbətimiz var. Ən azı ona görə ki, ondan başqa çox az adam danışır.
Indi bu ölkədə Cənubla bağlı adları, simvolları hətta öz partiyalarının adına “yapışdıranlar” var. Amma o adamlardan bir soruşun, görün, onlar heç bir dəfə olsun maraqlanıblarmı ki, bu dünyada M.Çöhrəqanlı kimi adam da var? Halbuki hakimiyyətlə də çox yaxşı əlaqələri var və həmin əlaqələri M.Çöhrəqanlının problemini həll etmək üçün istifadə edə bilərdilər. Amma etmirlər. Ona görə yazının əvvəlində yazdım ki, ilahi, bir gör, bizim sıralarımızda kimlər olub?
Mən M.Çöhrəqanlının müsahibəsini oxudum. Bu adam deyir ki, hətta Azərbaycanda olacağı müddətdə müsahibə, bəyanat verməməyə də hazırdır! Bu, kifayət deyilmi bizim hakimiyyət üstündə bu qədər əsən mənsəb sahiblərimizə və məmurlarımıza?
Irandan qorxurlar, Rusiyanın adı gələndə tir-tir əsirlər. Hamısı da nəyə görədir? Bir hakimiyyətə görə! Doğrudanmı, bu hakimiyyət bu qədər əziz olub və onun üstündə bu qədər əsməyə dəyər?
Türkiyə də biabırçı vəziyyətdədir. Azərbaycanı başa düşürük. Bu ölkə yad əllərdədir. Bəli, mən bu adamları yad hesab edirəm. Onlarda hətta bir kapitalistin öz müəəssisəsinə sevgisi olduğu qədər belə bu ölkəyə sevgisi və ehtiram yoxdur!
Bəs Türkiyəyə nə gəlib? Onlar da Irandan qorxur? Mən heç vaxt Türkiyəni tək Türkiyə olduğuna görə sevməmişəm, oranın insanlarını sevmişəm, özü də ürəkdən! Tarixə, əmələ qalsa, Türkiyə siyasətçilərinin bizim ölkənin əleyhinə işlədiyi vaxtlar da olub, özü də ən müxtəlif zamanlarda! Amma indi köhnə sandıq içi eşələmək vaxtı deyil, nə olub, o da olub, keçib, gələcəyə baxmaq lazımdır…
Amma Türkiyə siyasətçiləri də irəli baxmır. Xəritəyə baxırsan, sözün əsl mənasında bir qızıl zolağı uzanıb gedir Xəzərin o tayına… Amma Türkiyənin siyasətçiləri gəlib nə edir?
Biri Indoneziya ilə əlaqə qurur, digəri gözlərini, nəzərlərini ərəb ölkələrinə dikir! Amma böyürlərində bu böyklükdə potensial var. Nədən onu hərəkətə gətirmək haqqında düşünmürlər?
Inanın, türk dünyasını hərəkətə gətirsən, orada möhkəmlənsən, hətta Avropa Birliyi də bunun yanında gözdən düşər, heç olar!
Amma Türkiyə siyasətçiləri azərbaycanlı qardaşları kimi M.Çöhrəqanlını öz ölkələrinə buraxmaq istəmirlər! Yox, mən bəziləri kimi “Türkiyənin başı sağ olsun!” deməyəcəm!
Türkiyə siyasətçilərinin nə danışığında, nə də əməlində böyük məntiq yoxdur. Irandakı türkləri hərəkətə gətirsən, dağı dağ üstünə qoymaq olar! Bunu onlar dərk etmirmi? Düşüblər çalmalı ərəblərin ardınca, guya ki, Osmanlının nüfuzunu bərpa edirlər! Vallah, gülməlidir! Sən türk dünyasında öz nüfuzunu bərpa et, bir baxaq görək ki, nə bacarırsan?!
Dünyada bir türk oğlu dolaşır – M.Çöhrəqanlı. Saysan onun bəlkə də azından yeddi vətəni, yeddi ölkəsi var. Amma onların hamısının qapısı bu adam üçün bağlıdır. Belə də ədalət olarmı?

Bu dünyada bir türk dolaşır
•