Doğma Gəncə torpağı uğrunda savaş
Azərbaycanın tarixində mühüm hadisələrlə dolu keşməkeşli dövrlərdən biri də XVIII əsr hesab oluna bilər. Bu dövrdə baş verən hadisələrin mərkəzində dayanan şəxslər sırasında II Uğurlu xan Ziyadoğlu Qacarın adı da var.
Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayan, atasından sonra Gəncə-Qarabağın bəylərbəyi təyin edilmiş II Uğurlu xan Kəlbəli xan oğlu Gəncə şəhərində anadan olmuş və mükəmməl mədrəsə təhsili almışdı. O, həyatının əsas hissəsini mühüm siyasi hadisələrin ortasında, savaş meydanlarında yaşayıb, başa vurmuş bir sərkərdədir.
1721-ci ilin payızında Şamaxı şəhərinin, onun ardınca isə Şirvanın digər əraziləri üsyançılar tərəfindən ələ keçirildikdən sonra Gəncəli Uğurlu xan və Irəvan xanı 40.000 nəfərlik qoşunla Şirvana doğru hərəkət etdilər. Onlar Bərdə şəhərinin yaxınlığında, Kür çayı sahilində mövqe tutdular. Onların məqsədi üsyançıları cəzalandırmaq idi. Lakin üsyançılar onlardan cəld tərpənərək qəflətən Gəncə və Irəvan qoşun birləşmələrinə hücum etdilər. Fasiləsiz hücuma məruz qalmış Gəncə və Irəvan birləşmiş hissələri qaçmağa məcbur oldular. Üsyançılar düşərgəni və çoxlu sursatı ələ keçirdilər. Qaçan ordu hissələrini təqib edən üsyançılar Gəncə şəhərinə yaxınlaşaraq onu mühasirəyə aldılar. Onlar 12 gün Gəncə şəhərini mühasirədə saxladılar, güclü müqavimət nəticəsində Kürün əks tərəfinə keçməyə məcbur oldular.
Qızılbaş məmləkətindən ərazi qoparmaq istəyən Osmanlı sultanı III Əhməd də öz ordusu ilə Gəncə şəhərinə hücum etdi. O burada güclü müqavimətlə üzləşdi, topları və ərzağı qoyaraq qaçmaq məcburiyyətində qaldı. 1725-ci ilin ortalarında yenidən hərbi əməliyyat başladı və onlar bütün qüvvələrini Təbriz və Gəncə şəhərlərinə yönəltdilər. Bu elə bir vaxt idi ki, artıq Sarı Mustafa paşanın başçılığı ilə 40.000 nəfərlik qoşun da Gəncə şəhərinə hücum etmişdi. Onlar Krım xanından da kömək almışdılar. Bütün bunlara baxmayaraq, Osmanlı qoşunu tezliklə şəhəri ələ keçirə bilmədi və şəhər 2 aydan çox mühasirədə qaldı. Heç yerdən köməyin olmaması və ərzaq çatışmamazlığı, uzun sürən mühasirə gəncəliləri əldən salmışdı və onlar təslim olmaq məcburiyyətində qalmışdı.
II Uğurlu xan isə II Şah Təhmasibin yanına qaçmışdı. 1730-cu ildə şah onu 700 nəfərlik dəstə ilə Qarabağa qoşun toplamağa göndərmişdi. Uğurlu xan Bərgüşad və Bərdə qəzalarından 12 min nəfərlik qoşun yığmışdı. Ibrahim paşanın yanında olan Qarabağ qoşunu da Qara bəyin başçılığı altında qaçıb Uğurlu xana qoşulmuşdu.
Nadir xan Avşarın Qarabağa yürüşü
Xorasanda işğalçı əfqanlara qarşı mübarizəyə başlayan Nadir xan Avşar qələbə qazanıb, tez bir zamanda Iranı, Azərbaycanı istilaçılardan təmizlədikdən sonra 1734-cü ildə Qarabağa hücuma keçdi. Aşağı hissəsini bir hücumda alıb, paytaxt Gəncəyə irəlilədi. Şəhəri səkkiz ay yarımlıq bir mühasirədən sonra aldı.
Dağıstanı qarət etmiş Nadir xan yenidən Azərbaycana geri qayıdarkən Qəbələdən keçərək 1734-cü ilin 13 oktyabrında Gəncə yaxınlığındakı Göykilsə kəndində qışlamaq üçün dayandı. Eyni zamanda, Gəncə şəhəri mühasirəyə alındı. Gəncə osmanlılar tərəfindən möhkəmləndirilmiş bir şəhər idi.
Beləliklə, Gəncə şəhərinin alınmasına səkkiz ay vaxt sərf olundu. Eyni zamanda, Nadir xanın qoşununa rus mütəxəssisləri kömək edirdilər. Bakıdan ağır toplar, bir neçə mühəndis və zabit də gəlmişdi.
“Vikipedia”da bu haqda yazılır: “Gəncənin mühasirəsinin uzun sürməsi Nadirin qoşununu ağır vəziyyətə saldı. Qoşunun ərzaq ehtiyatı tükəndi və aclıq başlandı. Nadirin əmrinə əsasən ətraf kəndlərdən ərzaq ehtiyatı yığılmağa başlandı, xərac əhalidən amansızlıqla və ədalətsizliklə yığılırdı. Nadir xanın qoşununun güclü hücumlarına baxmayaraq, Gəncədə yerləşən Osmanlı qoşunu Qarsdan kömək almaq ümidilə möhkəm durmuşdu. Həqiqətən bu zaman Qarsda Abdulla paşanın başçılığı ilə Osmanlı qoşunu toplanmışdı və Gəncə mühasirəsində olan osmanlıların köməyinə tələsirdi. Nadir xan bu xəbəri eşidən kimi Gəncədə az saylı qoşun saxlayaraq Osmanlı paşasını ”qarşılamağa” tələsdi. 1735-ci ilin iyulunda Eçmiədzinin şimal-şərqində Osmanlı qoşunu ilə Nadirin qoşunları arasında döyüş baş verdi. Bu döyüşdə Nadirin qoşunu 55.000, Abdulla paşanın qoşunu isə 80.000 nəfərdən ibarət idi. Tərəflər arasında baş vermiş 5 saatlıq qanlı döyüş nəticəsində Osmanlı qoşunu güclü müqavimətə məruz qalaraq geri çəkilməyə məcbur oldu”.
Nadir xanın qoşunu osmanlılar üzərində qələbə çaldıqdan sonra yenidən Gəncəyə qayıdaraq mühasirəni davam etdirdi. Eyni zamanda Nadir Xəzərsahili Azərbaycan torplaqlarının qalan hissəsini geri qaytarmaq üçün Rusiya ilə danışıqlara başladı. O, Rusiyanın Kür çayından şimalda qalan əraziləri qaytarmamasından narazı idi. C.Hanvey yazır: “Deyirlər ki, Təhmasibqulu xan lovğalıqla, əgər ruslar getməsələr, o, süpürgə götürüb, onları oradan süpürəcək demişdi”. Bu məsələni müzakirə etmək üçün Nadir xan Hüseyn xanı rus rezidenti ilə birlikdə Sankt-Peterburqa göndərdi. Uzun danışıqlardan sonra bu məsələni sülh yolu ilə həll etmək üçün Rusiya sarayı knyaz S.D.Qolitsıni səahiyyətli nümayəndə kimi Səfəvilər dövlətinə göndərmişdi. Gizli təlimata əsasən knyaz S.D.Qolitsının Səfəvilər dövlətinə gəlməsinin əsas məqsədi bu dövlətlə Osmanlı Türkiyəsi arasında müharibəni daha da qızışdırmaq idi. Fransız missionerləri onun məqsəd və məramını belə açıqlayırdılar: “Rusiya səfirinin xalq üçün zahirdə məqsədi Iran (Səfəvi) sərkərdəsinə devrilmiş şahın hakimiyyətini yenidən bərpa etmək, Rusiya ilə Iran (Səfəvilər) arasında ticarət müqaviləsi bağlamağı təklif etmək idi, batində isə bu saray ilə (Səfəvi dövləti ilə) Porta (Osmanlı) arasında müharibəni qızışdırmaq idi”.
Uzun savaşlardan sonra sülh müqaviləsi
Nəhayət, uzun çəkən danışıqlardan sonra, 1735-ci ilin martın 10-da (21) Gəncədə sülh müqaviləsi bağlandı və müqavilənin şərtlərinə görə qalan Xəzər sahili Azərbaycan torpaqları geri qaytarıldı.
Bu zaman Gəncə şəhəri də təslim edildi. Irəvanı və hətta Gürcüstanı osmanlılardan geri qaytarmış Nadir xan hərbi əməliyyatları saxlayaraq Muğan düzünə geri çəkildi.
Nadirqulu xan bu parlaq zəfərlərdən sonra Muğana gəldi və şah seçildi. Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu-Qacarın onu şah olmasını istəməməsi xəbəri onu özündən çıxardı, Uğurlu xanı öldürmək qərarına gəldi. Sonra isə onun ulu uruq olduğunu düşünərək fikrindən daşınsa da, ona piûsliklər etməyi də unutmadı.
Nadir şah dövlətində yeni inzibati-ərazi sisteminin əsasını qoydu və Səfəvilərdən qalma bəylərbəyiliyini ləğv edərək 3 əyalət yaratdı. Bu əyalətlərdən biri Dərbənddən başlayıb, Qaplankuhda bitən Azərbaycan idi. O, Azərbaycana qardaşı Ibrahimzaman xanı başçı qoydu. Bununla ürəyi soyumayan Nadir şah Xəmsə məliklərini saraya tabe etdi. Qapanat, Çulundur mahallarını Qarabağdan ayırdı. Cavanşir, Otuziki və Kəbirli ellərini Xorasana sürdü. Beləliklə, Uğurlu xan Ziyadoğlu-Qacarın idarəçilik meydanı daraldı.
1738-ci ildə dağıstanlılara qarşı vuruşda həlak olan II Uğurlu xan Gəncədə dəfn edilmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir