Elxan Şahinoğlu: «Strateji maraqlarını təmin edə bilməsə də, Rusiya taktiki maraqlarının həyata keçməsinə nail olub»
ABŞ mətbuatında Rusiyanın Azərbaycanda stabilliyə başlıca təhlükə olması ilə bağlı yazı dərc edilib.
“The Hill” nəşri Şimali Qafqazdakı terror hədəsinin qonşu ölkələri, xüsusən Azərbaycanı ələ keçirmək üçün saxlanıldığını iddia edir. Qəzetin yazdığına görə, Azərbaycan hakimiyyəti dəqiq bilir ki, Rusiyanın xüsusi xidmət orqanları bu ölkədə yaşayan milli azlıqları hakimiyyətə qarşı qızışdırmaq siyasətindən heç vaxt əl çəkməyib. Rusiyanın hakim dairələri gizli şəkildə Azərbaycan hökumətini zəiflətmək üçün milli zəmində qızışdırıcılıq fəaliyyətini davam etdirir.
Xatırladaq ki, buna qədər də Rusiyanın Azərbaycanda separatçı meylləri gücləndirməkdə maraqlı olması ilə bağlı məlumatlar yayılıb.
Azərbaycan hakimiyyəti bunu bildiyi halda Rusiya ilə yaxınlaşmağa meyl etməsi nədən xəbər verir?
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin bu günlərdə Bakıya etdiyi səfər zamanı Azərbaycan prezidenti iki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini deyib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da Putinin Azərbaycana səfərinin ölkəsi üçün uğurlu olduğunu deyir. Baxmayaraq ki, əsas iki ideyası – Avrasiya Ittifaqı və Gömrük Birliyinə üzvlüklə bağlı Azərbaycanın razılığına ala bilmədi. Çünki Azərbaycan heç bir halda bu qurumda yer ala bilməz. Səbəbi də bəllidir. Azərbaycan bu qurumlara üzv olan Ermənistanla inteqrasiyaya başlaya bilməz.
Digər tərəfdən, Putinin səfəri zamanı məlum oldu ki, Azərbaycan hakimiyyəti Rusiya ilə enerji və silah alınması sahəsində əməkdaşlığa hazırdır.
Ekspertin sözlərinə görə, Avrasiya Ittifaqı və Gömrük Birliyi ilə bağlı Putini razı sala bilməyən Əliyev digər məsələlərdə onu qıcıqlandırmaq istəmir.
Ekspert Rusiyanın Azərbaycanla bağlı strateji və taktiki maraqlarının olduğunu da xatırlatdı. Strateji maraqlarını təmin edə bilməsə də, taktiki maraqlarının həyata keçməsinə nail olub: “Enerji sahəsində əməkdaşlıq davam edir. Azərbaycan Rusiyadan silah almağı davam edəcək. Rusiyanın hərbi gəmilərinin Bakıda lövbər salması ilə Putin demək istəyib ki, Azərbaycan NATO ilə əməkdaşlıq edərkən Rusiyanın da Xəzərdəki maraqlarını nəzərə alsın. Bununla Azərbaycan hakimiyyəti bu mesajı da almış oldu”.
Ekspertin fikrincə, hadisələrin inkişafı Rusiyanın Azərbaycandakı proseslərə nə cür təsir edəcəyini göstərəcək.
Fizzə