Vəkili cəbhəçi məhbusla görüşəcək

Fəxrəddin Mehdiyev: “Rahib Hacıyevin ürəyində problemlər olduğu üçün zəruri dərmanlara ehtiyacı var”

AXCP Gənclər Komitəsinin fəal üzvü Rahib Hacıyev iyulun 21-də yaşadığı binanın qarşısında saxlanılaraq Narkotiklərlə Mübarizə Idarəsinin Səbail rayon şöbəsinə aparılmışdı və məhkəminin qərarı ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilmişdi. Rahib Hacıyev də digər müxalif fəallar kimi narkotik ittihamı ilə həbs olunub. Hazırda Rahib Hacıyev Kürdəxanı təcridxanasında saxlanılır.
Rahib Hacıyevin vəkili Fəxrəddin Mehdiyev “Azadlıq”a açıqlamasında bildirdi ki, gənc fəalın həbsi qondarmadı və siyasi sifariş əsasında həyata keçirilib: “Rahib Haciyev sosial şəbəkələrdə hakimiyyətə qarşı çağırışlar etdiyinə, siyasi fəal olduğuna görə həbs edilib. Ancaq ona qarşı irəli sürülmüş ittiham narkotik satışı ilə bağlıdır. Onu həbs edib maşında aparan zaman cibinə narkotika atıblar, sonra isə yaşadığı mənzildən guya əlavə narkotik maddələr tapılıb.  Bundan əvvəl də Rahib Hacıyev bir neçə dəfə polis bölməsinə çağırılıb və həbs olunacağı ilə bağlı xəbərdarlıq alıb. Bu istiqamətdə biz müdafiəmizi qurmuşuq və hüquqi cəhətdən zəruri olan bütün addımları atacağıq”.
Fəxrəddin Mehdiyev onu da əlavə etdi ki, ötən müddət ərzində Rahib Hacıyevlə 2 dəfə görüşüb. Növbəti görüş isə gələn həftənin 3-cü günü nəzərdə tutulur: “Gələn həftə Rahib Hacıyevlə görüşəcəm. Ötən görüşdə ürəyində ağrıların olduğunu bildirmişdi. Ona görə də müəyyən dərmanların aparılması lazımdır. Rahib Hacıyevin yaxınları bir neçə dəfə cəhd etsələr də, müxtəlif bəhanələrlə görüşə icazə verilməyib. Ümumilikdə saxlanma şəraitindən narazı deyil. Əhval-ruhiyyəsi yerindədir. Sadəcə olaraq, şərlənərək həbs olunması onu narahat edir”.
Xatırladaq ki, Rahib Hacıyev Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik maddələri istehsal etmə, saxlama, və ya satma) maddəsi ilə ittiham olunur.

Ilham Hüseyn