YAP niyə mitinq keçirmir?

Əvəz Temirxan: «Hakim partiyanın aksiya keçirməməsinin səbəbi cəmiyyətdə dayağının, nüfuzunun olmamasıdır»

Milli Şuranın bu gün keçirəcəyi mitinq hakimiyyət dairələrində ciddi narahatçılığa səbəb olub. Qurumun cəmiyyətdə artan nüfuzu qarşısında hakim Yeni Azərbaycan Partiyası ənənəvi əks təbliğata əl atmaqdan başqa çıxış yolu görmür.
YAP rəhbərliyində təmsil olunanlar mitinq öncəsi aksiya iştirakçılarının sayı ilə bağlı “öncəgörməlik” edir, insanların Milli Şuranının mitinqinə qatılmayacağını iddia edir. YAP icra katibinin müavini Mübariz Qurbanlı rəsmi mətbuata açıqlamasında müxalifətin aksiyasında cəmi 500 nəfərin iştirak edəcəyini “proqnozlaşdırıb”. Qeyd edək ki, belə açıqlamalar müxalifətin bütün aksiyalarından əvvəl olur və hər mitinq bu “proqnozları” darmadağın edir.
Müxalifətin mitinqə adam toplaya bilməyəcəyini iddia edən hakim partiyanın özü, ümumiyyətlə, aksiyalar keçirmir. Bu vaxta qədər keçirdiyi aksiyalara büdcə təşkilatlarında çalışanları və tələbələri məcburi şəkildə cəlb edən YAP seçki ərəfəsində hələ də aksiyalara başlamayıb. Görünür, büdcə təşkilatlarında çalışanların məzuniyyətdə, tələbələrin isə tətildə olması YAP-ı çətin duruma salıb.
Milli Şura üzvü, ALP sədri Əvəz Temirxan hakim partiyanın aksiya keçirməməsini cəmiyyətdə dayağının, nüfuzunun olması ilə əsaslandırır. Heç kim YAP-ın keçirdiyi mitinqə gəlmir. Ona görə keçirmir. 2008-ci ildə dövlətin ali rəhbərlərinin də iştirakı ilə keçirilən mitində büdcə təşkilatlarından məcburi şəkildə üç min adam yığa bilmişdilər: “YAP-ın 600 min üzvü var. Qoy 60 mini gəlsin meydana, görək gələ bilərmi. Heç 6 mini də gəlməz. Çünki YAP-ın 600 min üzvü yoxdur”.

Fizzə