«Azərbaycanda pensiya 85 manatdır, amma Heydər Əliyevin ad günündə güllərə 70 milyon manat pul xərclənir»
Milli Şuranın sədri, müxalifətin prezidentliyə vahid namizədi Rüstəm Ibrahimbəyovun rus dilində video-müsahibəsi yayılıb. Iki hissədən ibarət olan və bir saata yaxın davam edən video müsahibədə Ibrahimbəyov Azərbaycan hakimiyyətini tənqid edir. “Youtube”da video “Rüstəm Ibrahimbəyovun qadağan olunmuş müsahibəsi” adıyla yayılıb.
Videoda Rüstəm Ibrahimbəyov onu Azərbaycanda ictimai-siyasi proseslərə qoşulmağa vadar edən səbəblərdən danışır. Bildirir ki, ölkədəki acınacaqlı vəziyyətə biganə qala bilmədiyindən, siyasi proseslərə qoşulmaq qərarına gəlib.
O həmçinin hökumətin ünvanına tənqidlərindən sonra məruz qaldığı təqib və təzyiqlərdən də danışır. Qeyd edir ki, ona qarşı hakimiyyətyönlü mediada gedən qarayaxma kampaniyasına Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyev rəhbərlik edir: “Vaxtilə Azərbaycan SSRI-yə rəhbərlik edənlər, xalq cəbhəsinə, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparanlara qarşı vuruşanlar sonradan patriot və demokratların cərgəsində oldular.
Bu həmin Ramiz Mehdiyevdir ki, Vəzirovun dövründə o, Heydər Əliyevə qarşı çıxan ilk adamlardan biri olmuşdu. Vəzirovun dövründə o, Heydər Əliyevlə işlədiyi vaxtlardakı hərəkətlərinə bəraət qazandırmaq üçün deyirdi ki, “bizi məcbur eləyiblər, əslində, mən Heydər Əliyevin dövründə aparılan siyasəti pisləyirəm.
Mən siyasətə öz istəyimlə gəlmədim. Mən bir sıra çıxış və məqalələrimdə təhsilin acınacaqlı vəziyyətdə olduğunu demişəm. Bildirmişəm ki, çox aşağı təhsillilər asanlıqla yuxarı pillələrə qaldırılır.
Tənqidlərimdən sonra hakimiyyət mənə qarşı vahid cəbhədə birləşdi. Bu da məni təəccübləndirmədi. Çünki intellektual keyfiyyətləri aşağı olan adamlar yüksək vəzifələr tutublar. Prezident Administrasiyasının işinin aşağı səviyyəsi də bununla bağlıdır. Bu adamlar uzaqbaşı “JEK” müdiri işləyə bilərlər. Hərçənd, bu peşə də müəyyən intellektual səviyyə tələb edir.
Mən məqalələrimin birində qeyd etmişdim ki, əgər ölkəmizin 20 faizi ermənilər tərəfindən işğal olunubsa, qalan 80 faizi də aşağı intellektə malik insanlar tərəfindən zəbt edilib, amma biz nəyə görəsə bununla mübarizə aparmırıq. Bütün bu fikirlərimdən sonra məni Milli Məclisdə də müzakirə etdilər.
Rəhbərlik etdiyim Kinemotoqrafçılar Ittifaqına qarşı cinayət işi başlanıb, mənimlə işləyən adamları tez-tez istintaqa çağırırlar. Onlardan tələb edirlər ki, məni gördüyüm işlərdən çəkindirsinlər. Onlar da məni çəkindirməyə çalışırlar. Mən isə onlara deyirəm ki, hakimiyyətin bu addımları qanunsuzdur. Bütün bunların məqsədi məni cinayət məsuliyyətinə cəlb etməkdir”.
Rüstəm Ibrahimbəyovun sözlərinə görə, Azərbaycanın hazırkı iqtidarı Qərbdə belə təsəvvür yaratmağa çalışır ki, bu ölkədə hakimiyyət dəyişikliyi baş versə, sabitlik pozula bilər, dini amil güclənər. Ibrahimbəyov həmçinin Rusiyanın adamı olması barədə ona qarşı səslənən ittihamlara münasibət bildirir və qeyd edir ki, əslində, Ilham Əliyevin özü Rusiyanın layihəsidir:ÿ”Ilham Əliyev üç nəhəng dövlətin – Rusiya, Amerika və Türkiyənin dəstəyi ilə saxtalaşdırılmış seçki nəticələrilə faktiki olaraq Azərbaycan prezidenti təyin edilib. 2003-cü ildə Ilham Əliyev baş nazir təyin olunanda sənədlər saxtalaşdırılmışdı. Putin deyirdi ki, Ilham Əliyevi dəstəkləməyi ondan Heydər Əliyev xahiş etmişdi. Ilham Əliyev bu yaxınlarda da Rusiyaya gizli şəkildə gəlmişdi. Məqsəd Rusiyadan dəstək almaq idi”.
R.Ibrahimbəyov onu da əlavə edir ki, Rusiya və müxtəlif ölkələrdə xeyli sayda adam Azərbaycan hakimiyyəti tərəfindən pulla ələ alınıb: “Demokratik inkişaf görüntüsü yaratmaq üçün hakimiyyət çox böyük pullar xərcləyir”.
Azərbaycanda faktiki diktatura hökm sürdüyünü deyən Milli Şura sədri bildirir ki, xüsusən gənclərin vəziyyəti çox ağırdır, onların iş tapmaqla bağlı ciddi problemləri var: “Azərbaycanda mövcud olan diktatura dünyada mövcud olan ən uzunömürlü diktaturadır.
Bu ölkədə pensiya 85 manatdır, amma Heydər Əliyevin ad günündə güllərə 70 milyon manat pul xərclənir. Keçən il 60 milyon xərclənmişdi. Bakının merindən soruşulub ki, keçən illə fərqi nədədir ki, bu il əvvəlkindən 10 milyon artıq xərclənib. O da cavab verib ki, Heydər Əliyev bizə göydən baxır, ona görə daha yaxşı eləyirik”.
Rüstəm Ibrahimbəyov onu da əlavə edir ki, Bakıda əvvəl 200 kitab mağazası vardı, indi belə mağazaların sayı cəmi 5-dir: “Vaxtilə mövcud olan böyük kitabxana şəbəkəsi də dağıdılıb.
Azərbaycanda yüksək vəzifələrdə təmsil olunan şəxslər dünyanın hər yerində əmlaka sahibdirlər. Neft Fondunun vəsaitləri dağıdılıb”.
P.S. Yazının hazırlanmasında “Azadlıq” radiosunun materiallarından da istifadə olunub.