Əsgərin həyatı təhlükədə

Valideynləri müdafiə nazirindən kömək istəyir

Saatlı rayon Məmmədabad kənd sakinləri Ağayev Mansur Böyükkişi oğlu və Ağayeva Sarıgül Tapdıq qızı müdafiə naziri Səfər Əbiyevə məktub ünvanlayıb. Onlar xidmətdə olan övladlarının sağlıq durumunun ağır olduğunu bildirir və nazirdən tədbir görməsini, əsgərin müalicəyə göndərilməsini xahiş edirlər: “Cənab nazir, övladımız Ağayev Sadiq Daşkəsəndəki N saylı hərbi hissədə xidmətdədir. Indi onun sağlamlığı təhlükə qarşısındadır. Hazırda tibb məntəqəsində olan əsgərin arterial təzyiqi yüksəkdir, ətraf orqanları əlləri və ayaqları şişib və onun fiziki hərəkətliliyi çətinləşib. Hərarəti var, daxili orqanlarında kəskin ağrılar müşahidə edilir. Durumundan xəbər tutub yanına getsək də, bayram günləri olduğundan tibb məntəqəsində onun xəstəliyi ilə əlaqədar həkimlər ona müvafiq yardım göstərməkdə çətinlik çəkiblər və etiraf etdilər ki, əsgərin müalicəsi daha yüksək səviyyəli ixtisaslaşmış tibb müəssisələrində aparılmalıdır. Əsgərin valideynləri kimi evladımızın həyatının təhlükədə olmasından ciddi narahatıq. Odur ki Sizdən təcili olaraq müvafiq addımlar atmağınızı xahiş edirik”.