Ana Vətənin ikiyə bölünməsi – 2013

Yazıya sevindirici xəbərlərlə başlamaq istəyirəm. Dünən Qəbələdə müxalifətçi fəal həbs edilib. Ona 15 sutka həbs cəzası veriblər. Bilirsiniz ki, orada türkdilli dövlət başçılarının “Hamısı bir boydur!” devizi ilə hansısa yığıncağı keçirilir, yerli hakimiyyət orqanları da Tehran Musayev adlı fəalın aranı qarışdıracağından çəkinərək, onu dəmir barmaqlıqlar ardına atıb.
Dünən AXCP sədrinin müşavirini də polisə aparıblar, mən bu sətirləri yazarkən hələ ondan heç bir xəbər yox idi.
Bəs bu yazdıqlarımda sevindirici olan nədir? Əlbəttə, müəllif manyak-zad deyil, ağlını itirməyib ki, kimlərinsə həbsindən zövq alsın, sadəcə, artıq hansı gün müxalifətçi həbs edilməsə, adam belə birtəhər olur, fikirləşir ki, bəlkə artıq hamı içəridədir, çöldə bircə sən qalmısan. Qıraqdan baxan nə deyər? Deyər ki, yəqin, bu, hakimiyyətin öz adamıdır. Ona görə dəyib-toxunmurlar.
Digər tərəfdən, nə vaxt üç-beş gün müxalifətçi tutmurlar, bir xeyli adam o saat başlayır hakimiyyətin siyasi islahatlara başladığı, avtoritarizmdən demokratiyaya keçdiyi barədə səfeh proqnozlar verməyə, analizlər yazmağa. Mən dünən də bu haqda yazmışdım, srağagün heç bir müxalifətçi həbs edilməmişdi, dərd məni götürmüşdü ki, vəssalam, yenə biz hakimiyyətin öz bədnam siyasətinə əl gəzdirəcəyi, repressiyalardan əl çəkəcəyi, “demokratik açılım”a hazırlaşdığı haqqında manşetlər oxumalı olacağıq. Allahdan dünən müxalifətçi ovu davam etdi də, belə bir təhlükə sovuşdu. Sevindirici olan da budur: hələlik hakimiyyət avtoritarizmdən demokratiyaya keçmək fikrində deyil.
Hal-qəziyyə belə ikən möhtərəm sən demə, təzəlikcə Ismayıllıya gedibmiş, orada yenə də qudurğan məmurları və onların yaxınlarını hədələyibmiş. Biz belə bir hədəni bu ilin fevralında bir dəfə eşitdik, zati-aliləri harınlamış məmurlara barmaq silkələdi, amma ardınca gənc fəalları həbs etməyə başladılar. Adam fikirləşir ki, yerdə qalanları da budəfəki hədələmədən sonra həbs edəcəklər. Həqiqətən əcəb məntiqdir: məmurlara qudurğan deyir, onlara barmaq silkələyirsən, amma yetim-yesir müxalifətçiləri tutursan.
Köhnə təcrübədir, yadınızda olar, anti-korrupsiyaya şousu başlayanda da belə olmuşdu. Zakir Qaralov demişdi ki, korrupsiya ilə mübarizəni özümüzdən başlamalıyıq. Amma Cabbar Savalanlı adlı bir gənc fəaldan başlamışdılar, onu qandallamışdılar.
Bir sözlə, vəziyyət lap Brejnevin məşhur lətifəsindəki kimidir: “Mumu”nu Turgenev yazıb, amma heykəli Çexova qoyurlar”.
Srağagün Çöhrəqanlının növbəti dəfə Bakıya buraxılmamasına isə münasibət bildirməmək doğru olmazdı. Ümumiyyətlə, seçki ili olduğundan münasibət bildirməyənə, bəyanat verməyənə bu saat çox pis baxırlar. Bəli, Çöhrəqanlı yenə Bakıya buraxılmadı, aydın məsələdir ki, yaptokratlar bunu Iranın qəzəbinə gəlməmək üçün edib. Sonra da deyirlər, biz müstəqil siyasət yürüdürük. Sonra da deyirlər, bizim daxili işlərimizə heç kim qarışa bilməz. Buyurun, bu da bunların müstəqil siyasətinin məntiqi sonu. Əlavə nəsə demək artıqdır.
Yeri gəlmişkən, təzəlikcə rayonda idim. Hansı kanalı çevirirsən, gürcü və erməni telekanallarını görə bilərsən. Lap cənub bölgəsində Iran telekanallarının at oynatdığı kimi. “Azərbaycan saatı”nı sıradan çıxarmaq üçün bütün resurslarını işə salırdılar, nail də olurdular. Amma Iran, erməni telekanalları tüklərini də tərpətmir. Çünki bunların öz şəxsi maraqlarından, hakimiyyət mənafelərindən kənarda heç bir qayğıları, narahatlıqları yoxdur. Hər şey ancaq öz siyasi mənfəətləri üçündür. Başqa heç zad.
Amma buracan yazdıqlarımız əlbəttə, Zahid Orucun Ana Vətən Partiyasından çıxarılmasının yanında elə də taleyüklü məsələ deyil. “Ana Vətən” vur-tut iki nəfərdən ibarət idi, indi o iki nəfər bir-birindən aralı düşdü, vaxtilə aralarından su keçmirdi, amma indi Araz keçdi. Fəzail Ağamalı bu tayda qaldı, Zahid Oruc o biri tayda. Ağır dərddir. Dözmək çətindir. Axı nədir bizim bu Ana Vətənin parçalanmalardan çəkdiyi? Illah ki, hər əsrdə bir dəfə bölünməyə məcburdurmu, məhkumdurmu o? 1813-dən, 1828-dən başlayan faciələrimizin sonu olmayacaqmı?
Artıq bitsin bu ayrılıqlar!