Rusiya suverenliyimizi təhdid etdi

Hikmət Hacızadə: «Kreml Xəzərdə Qərbə əzələ göstərdi»

Rusiyadan Putinlə Bakıya gələn gəmilər hazırda bu ölkənin Xəzərdə keçirdiyi hərbi təlimlərə qatılıb. Bu da daha çox şimal qonşunun Azərbaycana mesajı kimi qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Hikmət Hacızadənin mövqeyini öyrəndik.

– Putin Azərbaycana “Dağıstan” və “Volqodonsk” adlı iki gəmi gətirdi. Bu gəmilər indi Xəzərdə başlanmış hərbi təlimlərə qoşulub. Rusiya bununla nə demək istəyir?
– Bu, əzələ nümayişidir. Muskullarını göstərmək istəyir. Demək istəyir ki, hərbi cəhətdən bura mənimdir. Bundan başqa nə ola bilər? Özü də o gəmilər bizim limanımıza qeyri-qanuni daxil olub. Biz onu bura çağırmamışıq. Ona icazə verilməyib ki, dəniz sərhədlərimizi keçib Bakıya yaxınlaşsın. Bütün bunlar aqressiya, təhdid kimi qiymətləndirilə bilər.

– Politoloqlardan biri şərhində bildirib ki, suverenlikdən pay vermək olmaz. Sizcə, rus gəmilərinin Azərbaycana daxil olmasını suverenliyə təhdid kimi qimətləndirilə bilərmi?
– Əlbəttə. Açıq şəkildə suverenliyimizə təhlükə və təhdiddir.

– Mübariz Qurbanlı “Azərbaycan” qəzetinə açıqlamasında Azərbaycanın Avropa strukturları ilə münasibətləri yaxşılaşdırdığını, ölkəmizin Avropanın əsas enerji təchizatçısı kimi qaldığını deyib. Eyni zamanda Rusiya ilə Azərbaycanın yaxınlaşması da mətbuatda geniş işıqlandırılır. Bu ziddiyyəti necə şərh edərdiniz?
– Diplomatiya işlədirlər. Guya həm bir tərəfi küsdürmək istəmirlər, həm də o biri ilə mehribandılar. Mehribançılıq nümayişidir.

– Seçki ərəfəsində bu cür ziddiyyət nə vəd edəcək?
– Bunun seçkiyə bilavasitə dəxli yoxdur. Bu, Putinin böyük strateji planına aiddir. Rusiyanın ətrafını təzədən özünə tabe eləmək, bura başqa ölkələrin sənayesini buraxmamaqdır. Ukrayna ilə möhkəm dava gedir, bu ölkə ilə sərhəd bağlanıb. Ruslar Ukraynanın heç bir ərzağını ölkəyə buraxmır. Ukrayna da noyabrda Avropa Ittifaqı ilə saziş bağlayacaq və yeni bir həyata başlayacaq. Bunun davası gedir. Təxminən o tələblər də Azərbaycan qarşısında qoyulub ki, siz Avropaya üz tutmayın, oturun burda. Hələ ki, bizimkilər Rusiyaya tabe olmurlar, möhkəm dururlar. Eyni zamanda mehribandırlar.        

Fizzə