İlham Əliyev Ismayıllıda gözə kül üfürdü

Nurəddin Məmmədli: «İlham Əliyev ya məmurlarla bacarmır, ya da dediklərində səmi deyil»

Bir neçə gün əvvəl Ismayıllıda içməli su təchizatı sisteminin işə salınması mərasimində iştirak edən dövlət başçısı Ilham Əliyev məmurları özlərini tutduqları vəzifələrə layiq aparmağa çağırıb. Bəzi hallarda məmurların özlərini apara bilmədiyini deyən Əliyev belə olan halda ciddi tədbirlərin görüləcəyini bildirib.
Xatırladaq ki, bu ilin yanvar ayında Ismayıllıda əmək və sosial müdafiə naziri Füzuli Ələkbərovun oğlunun iştirakı ilə baş verən insident nəticəsində xalq etirazı baş qaldırmışdı. Bu olayda iştirak edən yerli sakinlər hələ də həbsdədir. Həmçinin Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL sədri Ilqar Məmmədov da hadisələrdə iştirakda günahlandıraraq həbs edilib.
Özlərini tutduqları vəzifəyə layiq aparmayan məmurlara etiraz edən insanlar cəzalandırıldığı halda dövlət başçısının xəbərdarlığı nə dərəcədə səmimi hesab oluna bilər?

Hakimiyyət yanlısı, millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Ismayıllı hadisələrinə görə günahkar olan məmurların işindən uzaqlaşdırıldığını deyir.
Millət vəkili məmur özbaşınalığına etiraz edən insanların cəzalandırılmasına da haqq qazandırır. Onun sözlərinə görə, vandalizm törətmək, kiminsə mülkiyyətini dağıtmaq hüquqi pozuntudur, buna da yol vermək olmaz. Bu səbəbdən də müəyyən adamlar cinayət məsuliyyətinə cəlb olunub. Əgər belə olmasa, Azərbaycan quldarlıq dövrü ölkəsinə çevrilər. Bu isə hüquqi dövlət üçün yolverilməz yanaşmadır.
F.Ağamalının sözlərinə görə, ölkə başçısının Ismayıllıda xəbərdarlığı göstərir ki, məmurlar nəticə çıxarmayıblar.
Millət vəkili ölkədə insanları incidən, xalqa xidmət etməyən, qanunları pozan, insanlara yuxarıdan aşağı baxan məmurların hakimiyətdə qalmayacağını deyir. Onların hakimiyyətdə qalmaq imkanı son dərəcə məhduddur. Çünki belə insanlar vəzifədə qala bilməz. Xalqa lazımı səviyyədə xidmət etməyən məmurlar dövlət başçısının xəbərdarlığından nəticə çıxarmalıdır.

AXCP sədrinin müavini Nurəddin Məmmədli hesab edir ki, məsələni təkcə Quba və Ismayıllı kontekstində diskussiya obyektinə çevirmək düzgün deyil. Problemə daha geniş kontekstdə yanaşılmalıdır. Ilham Əliyev məmurlara camaatla mehriban dolanmağı, onların hüquqlarını pozmamağı tapşırır, bu tapşırığa əməl etməyənlərin cəzalandırılacağı deyir. Digər tərəfdən də özünün dediklərini yerinə yetirmir: “Açıq mətnlə dedi ki, evləri uçurulanlara 1500 manatdan kompensasiya verilməlidir. Ancaq hər gün minlərlə evlər sökürlər, insanların başına uçururlar və 600-800 manatdan kompensasiya verirlər. Getdikcə bu özbaşınalıq, vandalizm daha böyük miqyasda özünü göstərməkdədir. Əliyev polislərlə görüşündə deyir ki, polis nə edirsə, düzgün edir, onları axıra qədər dəstəkləyəcəm, heç bir polisin cəzalanmasına imkan verməyəcəm. Ölkədə qanun pozuntaları baxımından ən ciddi problemə çevrilən polis strukturudur. Eyni zamanda ölkədə 70-dən artıq vicdan və siyasi məhbus var. Bu da bütün dünyanı narahat edir”.
N.Məmmədlinin sözlərinə görə, ölkədə bir nəfər də olsun korrupsioner məmur həbs olunmayıb. Azərbaycan cəmiyyətində ən böyük problemlər yaradan məmurlar orden və medallarla təltif olunur, yeni rütbələr alır, yeni obyektlər ələ keçirirlər. Bütün bunların mətbuatda geniş şəkildə işıqlandırılmasına baxmayaraq Ilham Əliyev heç bir tədbir görmür. Bu ya məmurlarla bacarmamasının, ya da qeyri-səmimiliyin nəticəsidir.

Fizzə