Xədicə İsmayıl: «Hökumətin arxasında cəmiyyətin dəstəyi yoxdur, gərək müxalifət hərəkətə keçsin»
Araşdırmaçı jurnalist Xədicə Ismayılovanın şikayəti üzrə bugünlərdə daha bir məhkəmə qərarı çıxarıldı. Söhbət jurnalistə verilən 220 saatlıq ictimai işlərlə bağlı qərarın Bakı Apelyasiya Məhkəməsində qüvvədə saxlanılmasından gedir. Amma Xədicə Ismayılovanın açıqlamalarından görünür ki, bu “süpürgə işi” bir müddət sonra Strasburqda – Avropa Insan Hüquqları Məhkəməsində də araşdırma predmeti olacaq. Jurnalist Azərbaycanda çıxarılan qanunsuz məhkəmə qərarlarını sonadək mübahisələndirmək niyyətindədir.
Xədicə Ismayılova ilə söhbətə də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla başladıq:
– Mənə qarşı məhkəmə qanunsuzluğu əslində, yanvarın 26-dan başlayıb. Qanunsuz olaraq bizi saxlayıb, qərar çıxarıb cərimələyiblər. Qanunsuzluq həmin gündən başlayır və mən də hər bir addımında ona etiraz edirəm.
Bu qərar anti-konstitusion bir qərar idi. Mən Konstitusiyanın təminat verdiyi hüquqlarımın pozulmasında Azərbaycanın məhkəmə sisteminə yardımçı olmaq istəmirəm. Elan etdim ki, cəriməni ödəməyəcəyəm, məhkəmədə də imkanımın olmaması kimi arqumentlər gətirməmişəm. Həmişə də demişəm ki, məhkəmə qərarını qanunsuz hesab edirəm və bu səbəbdən ona tabe olmuram.
Binəqədi rayon məhkəməsinin ictimai işlərlə bağlı qərarı qanunun tələbinə uyğun gəlirdi. Məni ictimai işlərə məhkum etsələr də, belə bir qanunpozma üçün 220 saat ictimai iş olduqca yüksək cəzadır. Bu, qanunsuzluğun davamı idi. Ona görə də mən apelyasiya məhkəməsinə müraciət etdim.
– Prezident Ilham Əliyevin sizdən şəxsən qıcıqlanması “WikiLeaks” saytı ABŞ diplomatlarının məxfi teleqramını açıqlayarkən də məlum oldu. Sizcə, bu amilin hazırda ətrafınızda baş verənlərlə əlaqəsi varmı?
– “WikiLeaks”in açıqladığı sənədlərdə yazılıb ki, Ilham Əliyev məni öz düşməni elan edib. Mən heç kimin düşməni deyiləm. Heç kimi də faktiki olaraq düşmən saymıram. Mənim şəxsən düşmənim yoxdur. Ilham Əliyev və ailəsi barədə yazılanları o, şəxsi mənada qəbul edir. Ona görə ki, öz vəzifələrinə də şəxsi yanaşırlar, bütün münasibətlər sistemini də şəxsi hesab edirlər. Nə vaxt ki, onlar daha ağıllı davranacaq və ümumiyyətlə, vəzifələrini yaxşı icra edəcəklər, ictimai, dövlət vəzifələrini düzgün başa düşəcəklər, o zaman anlayacaqlar ki, bir jurnalistin tədqiqatı şəxsən onlara və ailəsinə yönəlməyib, pis hərəkətlərə yönəlib. Amma təəssüf ki, artıq gecdir. Ilham Əliyev bunu başa düşməyib və bu vaxtı da itirib. Onun ailəsində də müsbət dövlətçilik təcrübəsi təmin olunmayıb. Ona görə də o, çətin ki, bu məsələni başa düşsün.
– Qərb seçkilər ərəfəsində çox susqundur, bunun səbəbini necə izah edərdiniz?
– Güman edirəm ki, bəlkə bundan sonra hansısa addımlar oldu. Aydındır ki, Azərbaycanın balans oyunu, Qərbə inteqrasiya oyunu və s. Qərbi susdurmağa hesablanıb. Bu, onunla bağlıdır ki, Ilham Əliyev hökumətini hakimiyyətdə saxlamaq üçün Azərbaycan vətəndaşlarının maraqları, gələcəyi qurban verilir. Bizim gələcəyimiz alverə qoyulub. Neft müqavilələri, qazın nəqlilə bağlı müqavilələr, təhlükəsizliklə bağlı məsələlər alver predmetidir. Bir ailəni hakimiyyətdə saxlamaq üçün bizim gələcəyimizin alverə qoyulmasıdır. Satan bəlli, alan bəllidir, etiraz etmək istəyənə münasibət də bəllidir.
– Azərbaycan hakimiyyəti seçki öncəsi əvvəlki dövrlərdə olduğundan da aqressivdir. Sizcə, bu nədən irəli gəlir?
– Başa düşürlər ki, cəmiyyətin dəstəyini əldə etmək mümkün olmayacaq. Müxalifət düşərgəsindən həqiqi rəqabət apara biləcək, bir qüvvəyə çevrilən aydın mənzərə yoxdur hələ ki. Bu qeyri-müəyyənlik hökuməti bir qədər arxayınlaşdıra bilər. Amma ümumilikdə hökumətin arxasında cəmiyyətin dəstəyi yoxdur. Lazımdır ki, müxalifət hərəkət etsin.