Balakəndə vətəndaşlardan «fövqəlnazir»in adı ilə külli miqdarda pul yığıblar
Balakənin Qabaqçöl qəsəbəsində müdhiş dələduzluq olayı baş verib. Bu barədə “Azadlıq”a Zərərçəkmişlər Cənnət Umarpaşayeva, Ziyafət Qürbətova, Həlimə Şunayeva, Gülnar Atayeva, Cahan Tuhumova, Paşa Çopsiyev və Fatimat Borayeva məlumat verib. Onların sözlərinə görə, qəsəbəyə 12 nəfərlik qrup gəlib. Onlara Vüsal Zeynalov adlı şəxs rəhbərlik edib.
Həmin şəxslər özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kimi təqdim ediblər. Və bildiriblər ki, şəxsən Kəmaləddin Heydərovun göstərişilə gəliblər: “Qəsəbədə xeyli ev var ki, zəlzələ zamanı yararsız hala düşüb. Həmin evlər Fövqəladə Hallar Nazirliyi tərəfindən qediyyata da alınıb. Bu şəxslər də camaatdan bu evlərin təmiri, bəzilərinin yenidən tikilməsi üçün pul yığıblar. Elə adam var ki, 6 min manat pul alıb. Minimum məbləğdir 4 min manatdır. Ümilikdə 131 min manat pul yığılıb. Lakin sonradan bəlli olub ki, avtomobillərinə Fövqəladə Hallar Nazirliyinin emblemini vuran, nazir Kəmaləddin Heydərovun adından istifadə edən bu adamlar dələduzdur. Onlardan bir hissəsi həbs edilib. Lakin dəstənin başçısı hələ də azaddlıqdadır. Nədənsə onu həbs etmirlər. Bundan başqa camaatın pulları da özlərinə qaytarılmayıb”.
Şikayətçilər deyir ki, məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, nəticəsi olmayıb: “Kimlərsə Vüsal Zeynalovu himayə edir. Fakt odur ki, bu adamı həbs etməyiblər. Bu məsələni ört-basdır etmək istəyirlər”.
Zərərçəkmişlər qəzetimiz vasitəsilə ölkə başçısı Ilham Əliyevə müraciət edərək məsələni diqqətdə saxlamağı xahiş edirlər.