Natiq Kərimov: “ Dini kəsim Milli Şuranın mitinqində fəal iştirak edəcək”
Rövşən Əhmədov: “ Bu mitinqdə iştirak etmək vacibdir və vətəndaşlıq borcudur”
Milli Şuranın avqustun 18-nə təyin etdiyi mitinqə cəmiyyətin müxtəlif kəsimlərindən dəstək gəlməkdədir və insanlar bu mitinqi zəruri hesab edir.
Qeyd edək ki, uzun illərdən sonra müxalifətin ilk dəfə olaraq böyük birliyi yarandı və bu birlik seçkidə vahid nazmizədlə iştirak etməyə qərar verdi.
Milli Şuranın üzvü Məşədi Natiq Kərimov “Azadlıq” açıqlamasında Milli Şuranın mitinq qərarını yüksək qiymətləndirdiyini və bu mitinqdə iştirakın vacib olduğunu bildirdi : “ İslamçılar Milli azadlıq hərəkatı dövründə də fəal iştirak ediblər. Milli Şuranın mitinqində də fəal olacaqlar. İnsanlar öz fikirlərini, etirazlarını dinc şəkildə ifadə etməlidir və mitinq də bunun üçün nəzərdə tutulub. Düşünürəm ki, ölkə əhalisinin müxtəlif təbəqələri bu mitinqdə öz sözünü deyəcək və Milli Şuraya dəstəyini ifadə edəcək. Biz azadlıq, demokratiya, ədalət naminə mübarizə aparmağı özümüzə borc bilirik və bütün vətəndaşlarımızı öz haqqlarına sahib çıxmağa səsləyirik. Milli Şuranın qarşıya qoyduğu məqsəd ümumixlaq mənafeyinə xidmət edir. Düşünürəm ki, bu mitinq yüksək səviyyədə həyata keçəcək”
Milli Şura üzvü Hacı Rövşən Əhmədov bildirdi ki, bu mitinq adından da göründüyü kimi azad gələcək naminədir, eyni zamanda Rüstəm İbrahimbəyovun namizədliyinə dəstək məqsədi daşıyır: “Bu mitinq ictimai-siyasi qurumların, vətəndaş cəmiyyətin, gənclərin iştirakı ilə keçirilir. Hesab edirəm ki, bu aksiya hər kəsin istəyinə, arzusuna uyğundur. Biz, bu mitinqdə sübut etməliyik ki, xalq azad ölkədə yaşamaq istəyir. Bu mitinqdə islamçılar da, digər təbəqənin nümayəndələri də iştirak etməlidir. Bu mitinq saxta ittihamlarla həbs olunan insanların, naməlum səbəbdən həlak olmuş əsgərlərimizin, qanusuzluqlara, korrupsiyaya, hüquqsuzluğa etiraz etdikləri üçün məhrumiyyətlərlə üzləşən insanlarımızın mitinqidir. Hesab edirəm ki, hər birimizin bu mitinqdə iştirak etməyimiz vacibdir və bu bizim vətəndaşlıq borcumuzdur. Ölkədə dəyişiklik, azad cəmiyyət, sosial ədalət istəyiriksə proseslərə biganə qalmayacağıq.
İlham