AXCP sədrinin müşaviri polisə aparıldı

AXCP sədrinin müşaviri Məmməd İbrahim polisə çağırılıb. Bu barədə azadliq.info-ya M.İbrahimin özü məlumat verib. M.İbrahim deyib ki, ona özlərini 40-cı və 15-ci polis bölmələrinin rəisləri kimi təqdim edən iki nəfər ayrı-ayrılıqda zəng edərək ondan atası ilə birlikdə polis bölməsinə gəlməsini istəyiblər. M.İbrahim bunun polisə çağırılmasının səbəbilə bağlı tutarlı izahat verməyiblər.

40-cı polis bölməsi Sulutəpədə, 15-ci polis bölməsi isə Zabratda yerləşir. M.İbrahimə əvvəlcə 40-ci polis bölməsindən zəng ediblər. O, nə yaşayış, nə qeydiyyat, nə də iş yeri baxımından Sulutəpəyə aidiyyatının olmadığını, Zabratda yaşadığını deyəndən sonra ona 15-ci bölmədən zəng vurublar.

M.İbrahim hər iki zəngə cavabında bildirib ki, əgər polisə dəvət edirlərsə, rəsmi çağırış vərəqəsi göndərilsin. Bundan sonra 40-cı polis bölməsindən ona deyiblər ki, Nərimanov metrostansiyasının (M.İbrahim həmi ərazidə işləyir) qarşısında gözləsin, arxasınca maşın göndərib çağırış vərəqəsi ilə polisə dəvət edəcəklər.

M.İbrahim əvvəlcədən bəyan edib ki, polislərin gəlişini gözləyir və heç bir müqavimət göstərmədən bölməyə gedəcək, onu polisə müqavimət adı ilə saxlamağa çalışmasınlar. O, həmçinin heç bir qanunsuz hərəkət etmədiyini və saxlanması üçün hər hansı səbəb olmadığını bəyan edib.

Günün sonunda məlum oldu ki, Məmməd İbrahim 40-cı polis bölməsinə aparılıb və mitinqlə bağlı sorğu-sual edilib. Ondan sosial şəbəkələrdə mitinqə dəvətlə bağlı soruşublar. O, dəvətin yaradıcısı olmadığını, sadəcə dostların mitinqə çağəırdığını deyib. Bildirib ki, mitinqdə iştirak etmək onun hüququdur və mitinqdə iştirak edəcək.

Sonda Məmməd İbrahim sərbəst buraxılıb.