Dəhşət: dünən bir nəfər də müxalifətçi həbs edilməyib!

Dünən öyrəndim ki, Azərbaycanda Təhsil Problemləri Institutu varmış, direktoru da Abdulla Mehrabov adlı bir yoldaşmış. Indi həmin bu Mehrabov təzə təhsil nazirinə müraciət edib ki, səhhətim işləməyimə imkan vermir, ona görə də məni vəzifəmdən azad edin. Əlbəttə, bir tərəfdən adam sevinir ki, ölkədə nəhayət kimsə oturduğu kreslodan öz xoşu ilə getmək fikrinə düşüb, təqdirəlayiq haldır, alqışlanmalıdır.

Digər tərəfdən də düşünürsən ki, Abdulla müəllimin vəzifəsindən getmək istəməsi azdır. Təhsil Problemləri Institutunun özünü də ləğv etmək olar. Artıq bizdə təhsilin heç bir problemi qalmayıb, çünki təhsil özü yoxdur. Lap “insan yoxdursa, problem də yoxdur” misalı. Indi təhsil yoxdursa, onun problemi və ya problemləri necə ola bilər?

Yeri gəlmişkən, yeni təhsil naziri təyin ediləndə xeyli adam sevincindən dombalaq aşır, təhsilimizi tezliklə parlaq günlərin gözlədiyindən dəm vururdular. Əlbəttə, buna yalnız ağlını, məntiqini, reallıq hissini itirənlər inana bilərdilər. Sistem qalırsa, onun hansısa vintinin dəyişdirilməsi nəyi dəyişə bilərdi axı? Amma dünən mən Təhsil Nazirliyinin bir məlumatını oxuyanda inandım ki, bunlar hətta vinti dəyişəndə də elə-belə dəyişmirlər, hansısa məmuru əvəzləyəndə də öz gülməli standartlarının qorunmasını üstün tuturlar. Buyurun, bu da təzə təhsil nazirimizin məntiqi oxuyun, feyziyab olun: “Təhsil müəssisələrində davamiyyət məsələsi hər zaman Təhsil Nazirliyinin diqqət mərkəzindədir. Ancaq bu, müvafiq qanunvericilik və milli-mənəvi dəyərlərimizə hörmət əsasında həyata keçirilir”. Siz bir şey başa düşdünüz? Şəxsən mən heç nə anlamadım. Davamiyyət məsələsinin milli-mənəvi dəyərlərlə nə əlaqəsi var? Buradan beləmi başa düşməliyik ki, məsələn, dərsdən qaçmaq bizim milli-mənəvim dəyərimizdir? Yaxud, bu, o deməkdirmi ki, şagird evdə dolma bükmək, yaxud səməni cücərtmək lazımdırsa, dərsə gəlməyə bilər?

Ümumiyyətlə, yaptokratların bu “milli-mənəvim dəyərlər” ifadəsini yeri gəldi-gəlmədi, hər yerə dürtüşdürməsi çox maraqlıdır. Məsələn, yenə dünən Milli Məclisdən – Gülər parlamentindən verilən məlumata görə, növbəti sessiyada “Dedektiv fəaliyyəti haqqında” qanun layihəsi müzakirəyə (Milli Məclis və müzakirə! Nə qədər gülməlidir, bişmiş toyuq eşitsə, uğunub gedər) çıxarılacaq. Sitat: “Layihə bir qrup hüquqşünas millət vəkillərinin təşəbbüsü ilə ABŞ və Avropa təcrübəsi milli-mənəvi dəyərlərlə uzlaşdırılaraq hazırlanır”. Adam istər-istəməz düşünür: dedektivliklə milli-mənəvi dəyərlərin nə əlaqəsi var? Onun vəzifəsi hansısa cinayətin və ya cinayətkarın izinə düşmək, hansısa qaranlıq işin, müəmmanın üstünü açmaqdan ibarətdirsə, milliliyin buna nə dəxli?  

Dəli şeytan deyir əslində bu özəl dedektiv söhbəti də müxalifətə, antimilli ünsürlərə tikilən təzə torbadır. Antimilli ünsür varsa, dedektiv niyə milli olmamalıdır? Bu saat ölkədə cinayətkarlıqla ancaq müxalifətçilər məşğuldurlar, həbsxanalar müxalifətçi xuliqanlarla, dələduzlarla, narkomanlarla, antimilli ünsür və elementlərlə, şüşəqıranlarla, düşmən dəyirmanına su tökənlərlə dolub-daşır, yazıq polisimiz onların hamısını ifşa edib zərərsizləşdirməyə çətinlik çəkir. Həqiqətən, onların köməyə ehtiyacı var, odur ki, dedektivlərin yolunu həsrətlə gözləyirik.

Gəlsinlər, əl-ələ versinlər, ölkədə antimilli ünsürlərin kökünü kəssinlər. 

“Kəsmək” demişkən, dünən şən, hər yeri gülşən vətənimizdə yenə kəshakəs idi, bir vətəndaşımız Bakıda hansısa kafenin qarşısında Qarabağ əlilinin boğazını, Ağcabədidə isə ər arvadının başını kəsib. 

Dəhşət bunlar deyil.

Dəhşət orasındadır ki, hər iki cinayətə görə bir nəfər də müxalifətçi həbs edilməyib.

Indi bir qəzet götürüb manşetdən “Hakimiyyət demokratik islahatlara başlayır” yazmasa yaxşıdır…