Putinin Bakıya indiki gəlişi işğalçı I Pyotr dönəmini yada salır. I Pyotr Qafqazı, Türküstanı ələ keçirməklə Xəzər dənizinə yiyələnərək burada armada (böyük hərbi donanma) yaratmaq istəyirdi. Ölüm nədənilə I Pyotr istəyini gerçəkləşdirə bilmədi. Bir sıra Rusiya analitiklərinin də bildirdiyi kimi, Putin “dənizdən dənizə” Pyotr istəkləri ilə yaşayan birisidir. Görünür, elə buna görə Putin Bakıya, demək olar, armada ilə gəldi. Özü də yersiz yerə.
Yersiz yerə, ancaq… Siyasətin bir üzü olmur; siyasət çoxüzlü Yanusdur. Putin “yersiz yerə” gətirdiyi armada ilə, ola bilsin, Rusiyaya da, Azərbaycana da, dünyaya da mesac vermək istəyirdi: I Pyotr ideyaları yaşayır, böyük rus gücü qalır. Ortada çox ilginc bir görsəniş də var: Putinin Bakıya armadası ilə birgə gələcəyi bildirilirdi. Elə onda ortaya belə soru çıxırdı: Putin niyə Bakıya armada ilə gəlir? Putin Bakıya uçaqla gələndən sonra sorunun dozası daha da qalxdı: uçaqla gəlmək nədir, armada gətirmək nə? Bunlar nə mesajlardır belə? Bilmirik. Durub falçılıq eləməyə də dəyməz. Belə yerdə yalnız fakt önəmlidir.
Bizim üçün indinin ən önəmli, gözəgirən faktı rejimin, Əliyevlərin seçkiqabağı vurnuxmaları, daha beş illik mandat qazanmaq üçün Azərbaycanı açıq-aydın auksiona çıxarmalarıdır. Dünənədək müxalifətin TƏK adayı Rüstəm Ibrahimbəyovu “Rusiyanın adamı” olaraq gözdən salmağa çalışırdılar. Bu bulaşıq işə özlərinin yalançı müxalifət qəzetlərini də qoşmuşdular. Başqa televiziyalar bir yana, başında buxalter-korrupsionerin durduğu dövlət televiziyası ara vermədən R.Ibrahimbəyovu “Rusiyanın adamı” olaraq tanıtmağa çalışırdı. Indi nə oldu? Indi bu rejimin oğul başçısı ortaya statistika qoyur. Sən demə, Əliyevlər Azərbaycanı ilə Putin Rusiyası dos-doğma qardaş, arasından su keçməyən strateji ortaqlar imiş. Bəlli olduğu kimi, dos-doğmalıq da, strateji ortaqlıq da qabaqlar Moskvada kiçik biznesmen olaraq tanınan oğul Əliyevdən deyil, KQB generalı, Politbüro üyəsi olaraq tanınan, 1993-də bir sıra böyük dövlətlərlə, o sıradan Rusiya ilə alış-veriş yoluyla çevriliş sonucu hakimiyətə yiyələnən ata Əliyevdən törəmədir.
Ölkənin doğal resurslarını böyük güclər arasında pay-püşk eləməkdən, başlıcası da “uğurlu neft-qaz strategiyası”ndan dövlət büdcəsinə deyil, Ailə büdcəsinə gələn milyardlar I.Əliyevi ABŞ-ı, Avropanı, Putin Rusiyasını belə saymamaq durumuna gətirib çıxarmışdı. Butun bu adı çəkilənlərdən qat-qat artıq I.Əliyev xalqı saymamaq yolu tutmuşdu. “Bizim pulumuz çoxdur – hamıdan güclüyük”; “Biz regionun lider dövlətiyik”; “Avropanı iqtisadi böhran bürüyüb, bizim ölkəmizdə böhrandan əsər-əlamət belə yoxdur”. Onun sonuncu frazası ilə bağlı bircə bunu demək yetər: AzTV-lərin bildirdiyinə görə, Avropanın aparıcı dövlətlərindən olan Almaniyanı böhran acınacaqlı duruma salıb. Di gəl, bu “acınacaqlı” durum içində də almaniyalı öyrətmən 5 min manat aylıq alır, azərbaycanlı öyrətmən 3 yüz manat. Azərbaycan regionun “lider” dövlətidir, ancaq bu “lider” dövlətdə dolanışıq dözülməzliyindən bıçaq sümüyə dirənib: özünüöldürmə axarında ölkənin ölüm reytinqi durmadan yüksəlməkdədir. Dövlət adından çox danışılsa da, əliyevçi rejimdə dövlət tipik KORPORASIYA xarakteri daşıyır.
Indilikdə Putini Bakıya çəkib gətirən də bir dövlət gücü deyil, KORPORASIYA gücü, daha doğrusu, KORPORASIYADAN umacaqları idi. Əliyevlərin çoxillik antixalq siyasətləri istər-istəməz xalqı hakimiyətdən üz döndərib müxalifətlə yaxınlaşmaya, birləşməyə yönəldib. Bu isə dövlət siyasətini üstələyən KORPORASIYA siyasətinin doğurduğu legitim sonuclardandır. Çağımızın böyük gücləri, başqa cür desək, böyük geopolitika ovçuları üçün Azərbaycan bu gün ən uğurlu OV yeridir. Qarşıdan rejim üçün olduqca çətin seçki gəlir. Bu seçkini udmaq istəyənlər də olduqca çoxdur: əliyevçi rejim, Iran, Rusiya, ABŞ, Avropa birliyi… sonuncu olaraq… biz – yazıq günə salınmış Azərbaycan xalqı!