O biri Azərbaycanın ən gözəl dərdi

Hər gün qızımı doyunca öpüb çıxıram evdən, nə olar-olmaz deyə. Bəzən çox öpürəm, hirslənir, əlinin gerisi ilə silir yanaqlarını. Ona bunun səbəbini necə anladacağımı bilmirəm.
Böyüyəndə isə anlatsam belə, inanmayacaq yəqin. Bu gün yaşananlar ona bir nağıl, bir uydurma kimi gələcək. Bir fantaziya romanı, bir komediya filmi kimi gələcək.
Biz başqa bir Azərbaycana əlbəttə, qovuşacağıq. Ədalətin, özgürlüyün zəfər çaldığı, hüququn hər şeyin üstündə olduğu, insanların alçala-alçala ucalmadığı, yalanın, yaltaqlığın norma olmadığı Azərbaycana əlbəttə, qovuşacağıq. Amma könlümüzdəki başqa Azərbaycanın da başqa dərdləri olacaq. Biri elə uşaqlarımıza bugünkü Azərbaycanı anlatmaq dərdi. Onlar – azad, ədalətli bir ölkənin vətəndaşları bugünkü Azərbaycan barədə danışdıqlarımıza yəqin ki, inanmayacaqlar. Onları ələ saldıqlarımızı, onlarla zarafat etdiyimizi düşünəcəklər.
Məsələn, nə vaxtsa indi yaşadıqları ölkədə bir gəncin toy üçün kirayələyəcəyi restoranın qarşısında şərlənib həbs edildiyinə necə inandıracağıq cocuqlarımızı? Özgür bir ölkədə onların buna ağılları necə kəsəcək? Nə vaxtsa indi yaşadıqları Azərbaycanda damağı siqaret görməmiş bir gəncin ölkənin təpəsindəki adamı sevmir deyə “nəşəxor” elan edilərək həbsə atdırıldığını danışdıqda uğunub gedəcəklər böyük ehtimalla. Bu gün yaşadıqlarımız barədə onlara danışdıqlarımızı şifahi xalq ədəbiyyatının yeni nümunələri kimi qəbul edəcəklər. Yeni dövrün lətifələri, nağılları, mifləri kimi qəbul edəcəklər yəqin.
Odur ki, sizə nə qədər qəribə görünsə də, nə qədər yersiz görünsə də, deməliyəm: O biri Azərbaycanın – o gözəl, o hürr, o demokratik Azərbaycanın insanlarına bu biri Azərbaycanı tanıtmağın yolunu indidən düşünməliyik. Artıq indidən bir zamanlar Azərbaycanda məhkəmələrin doğrudan da sifarişlə qərar çıxardığına,.. polislərin insanları günahsız yerə damladığına,.. taxta çıxdı çıxalı öz ölkəsinin jurnalistinə bir dəfə müsahibə vermədiyi halda prezidentin “Jurnalistlərin dostu” seçilə bildiyinə,.. seçkilərin saxtalaşdırıldığına,.. həqiqəti yazmağın suç olduğuna,.. sərbəstcə toplaşmağın yasaqlandığına necə inandıracağımızı düşünməliyik. O zaman zatən anlayacaqlar cocuqkən onları nədən bu qədər çox öpdüyümüzü…

Respublikanın baş psixiatrını necə müalicə etməli?

Allah “facebook”u, “tvitter”i icad eləyəndən yerdən göyədək razı olsun. Onun sayəsində ölkənin Gəray Gəraybəyli adında baş psixiatrının olduğunu da öyrəndik.
Adam çıxmış demiş ki, sosial şəbəkələrdə ünsiyyət psixi problemlərə səbəb olur. Bu, əlbəttə, hakimiyyətin son vaxtlar “facebook”a artan nifrətinin, qıcığının yeni görsənişidir. Bütün cəbhəboyu sosial şəbəkələrə müharibə elan ediblər. Sosial şəbəkələr haqqında “cin-şeytan” obrazı yaratmağa girişiblər. Cənab Gəraybəyli də əslində, indi hakimiyyətin ağzı ilə danışır. Əks halda indiyədək bir dəfə də korrupsiyanın, seçki saxtakarlığının, işsizliyin, yoxsulluğun, səfalətin, hüquqsuzluğun, ədalətsizliyin insanları dəli olmaq dərəcəsinə çatdırmasından danışardı. Insanların ruhi sağlığını pozmasından danışardı.
Ən böyük psixi problem də elə budur zatən: həqiqətləri görməzdən gəlmək, yalana qoşulmaq, başqasının başı ilə düşünüb başqasının ağzı ilə danışmaq. Yəni Gəray bəy getsin müalicəyə əvvəlcə özündən başlasın…
Sonda sosial şəbəkələri az qala “dəlilik səbəbi” kimi göstərən baş psixiatrımıza iki sualım var:
BIR: ey cənab Gəraybəyli, deyə bilərsinizmi, hansı daha ziyanlıdır – virtual ünsiyyətmi, yoxsa xalqa vizual ünsiyyəti – sərbəst toplaşmağı, dərdlərini, qayğılarını üz-üzə bölüşməyi, paylaşmağı yasaqlayan bir rejimmi?
IKI: ey cənab Gəraybəyli, “sosial şəbəkələr psixi problemlər yaradır” söyləyərkən Ilham Əliyevin də “tvitter” sosial şəbəkəsinin üzvü olmasını bilirdinizmi, bilmirdinizmi? Bilirdinizsə, sizə başqa deyəcək sözüm qalmır, bilmirdinizsə, əvvəlki sözünüzün üzərində yenə də dayanırsınızmı?