Əliyev seçki təbliğatına başladı

Anar Məmmədli: «Prezidentliyə namizəd eyni zamanda dövlət başçısıdırsa, o zaman həmin şəxsin səlahiyyətlərinin dondurulması, çıxışlarına diqqət yetirilməsi gərəkdir»

 Hakimiyyət yenə ənənəsinə sadiq qalaraq seçki qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaqdadır. Belə ki, MSK hazırkı dövlət başçısı Ilham Əliyevə imza toplamaq üçün imza vərəqələrini versə də, onun hələ namizədliyi rəsmən qeydə alınmayıb. Digər tərəfdən, rəsmi təşviqat kampaniyasının başlamasına da hələ bir müddət var. Amma buna baxmayaraq dövlət başçısı regionlara etdiyi səfərlərindəki çıxışları təbliğati xarakter daşımaqla yanaşı hakimiyyətin siyasi oponentlərinə qarşı ittihamları üzərində qurulub.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli əslində hakimiyyətin bu davranışının bir siyasi mədəniyyət olduğunu söylədi. Azərbaycanda seçki öncəsi təşviqat kampaniyasının hazırda başlamadığı bir zamanda dövlət başçısının bu cür çıxışlara yol verməsinin qanun pozuntusu olduğunu deyən A.Məmmədli vurğuladı ki, yalnız təşviqat kampaniyası başlayandan sonra namizədlər təbliğat kampaniyasına başlaya bilər. Amma neçə ildir ki, Azərbaycanda qanunvericiliyin bu tələbinin dövlət başçısına münasibətdə tətbiq olunmadığını deyən A.Məmmədli vurğuladı. Çünki bir qayda olaraq dövlət başçısının çıxışlarına həm rəsmi mediada, həm də telekanallarda geniş yer verilir: “Hakimiyyət dövlət başçısının digər namizədlərlə müqayisədə mediada daha intensiv təbliğ olunmasını onun prezident səlahiyyətlərini icra etməsiylə əlaqələndirməyə çalışır. Düşünürəm ki, prezidentliyə iddialı olan şəxs eyni zamanda dövlət başçısıdırsa, o zaman həmin şəxsin səlahiyyətlərinin dondurulması, çıxışlarına diqqət yetirilməsi gərəkdir. Azərbaycanda problemin səbəbi prezidentliyə namizəd olan şəxslərin hamısına televiziyada çıxış imkanının verilməməsiylə bağlıdır. Əgər bütün namizədlərə efir vaxtı heç bir problem olmadan verilərdisə, o zaman dövlət başçısının çıxışına hər kəsin cavab vermək imkanı tanınardı. Türkiyə və başqa inkişaf etmiş ölkələrdə kimin hakimiyyətdə, kiminsə müxalifətdə olması elə də ciddi nəzərə çarpmır”.

Azərbaycanda yaranmış durum üzündən cəmiyyətin müxalifət siyasi liderləri beş ildə bircə dəfə gördüyünü deyən A.Məmmədli bildirdi ki, bunun fonunda amma hər gün nazirlərin, dövlət başçısının təbliğatı aparılır.

Xəyal