Statistika Komitəsi əhalinin gəlirinin artdığını iddia edir

Rövşən Ağayev: «Hökumətin bu istiqamətdə apardığı hesablamalar obyektiv deyil, real araşdırmalara əsaslanmır»

Dövlət Statistika Komitəsi məlumat yayıb ki, bu ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 18,9 milyard manata çatıb: “Bu vəsaitin adambaşına düşən həcmi orta hesabla 2040,8 manat və ya ayda 291,5 manat təşkil edib.

Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,7 faiz üstələyərək 5,8 faiz olub. Bu dövr ərzində gəlirlərin 68,9 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,2 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlirlər 17,2 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 7,2 faiz artıb”.

Rəsmi məlumatda əhalinin gəlirlərinin artdığı iddia olunsa da, bu artım əhalinin həyat səviyyəsində özünü göstərmir.

Iqtisadçı-ekspert Rövşən Ağayev deyir ki, əhalinin gəlirlərinin real artımı obyektiv statistika olan yerdə mümkündür: “Dövlət Statistika Komitəsi siyasi hakimiyyətə xidmət edirsə, burada hansı real hesablamadan söhbət gedə bilər? O ölkələrdə obyektiv hesablama aparmaq mümkün olar ki, orada əhalinin gəlirləri leqal olsun. Bizdə əhalinin cəmi 33 faizindən savayı, onun hansı status daşıdığı aydın deyil”.

Ekspert qeyd edir ki, Azərbaycanda gizli işsizlik olduğu üçün insanların böyük hissəsi mövsümi işlərdə çalışır, 8-9 ay isə işləyə bilmir. Statistika Komitəsi əhali işləyən vaxt onların gəlirlərini qeydə alır, işləməyən zaman isə bunu hesablamır: “Əslində, onların nə dərəcədə yüksək gəlirlərlə işlədiyi də aydınlaşmalıdır. Əhalinin gəlirlərinin artımı o yalnız inflyasiyanın göstəricisini əhəmiyyətli dərəcədə  üstələyəndə müsbət göstərici hesab edilə bilər. Hökumətin bu yöndə apardığı hesablamalar obyektivliyi əks etdirmir. Bu hesablamalar real tədqiqatlara söykənmir”.

Nigar