Əfsanələşmiş aşiq – Sarı Aşıq

«Aşıq qaramanlıdı…»

 

Azərbaycan aşıq şeirinin sütunlarından sayılan Sarı Aşıq xalq yaradıcılığında və klassik ədəbiyyatda mahir bayatı ustadı kimi tanınmışdır. Onun əsil adı, doğulduğu yer, yaşadığı dövr haqqında bir-birinə bənzəyən və bənzəməyən mülahizələr söylənmiş, ehtimallar irəli sürülmüşdür. Bu ehtimal və mülahizələrə S.Mümtaz, B.Behcət, Ə.Dəmirçizadə, H.Araslı, M.H.Təhmasib, Ə.Qarabağlı, Ə.Axundov, P.Əfəndiyev, V.Vəliyev, M.Həkimov, S.Paşayev, S.Rüstəmov, X.Cabbarov və başqalarının araşdırmalarında rast gəlmək olar.  

Sarı Aşıq haqqında yazan müəlliflərin əksəriyyəti onun Qaraman tayfasından olduğunu israr edirlər. Aşığın özü də qaramanlı olduğuna dair bayatılar söyləmişdir:

 

Aşıq qaramanlıdı,

Xalın qaramanlıdı,

Yaxşının tənəsindən

Yenə qar amanlıdı.

 

Sarı Aşığın öz həyatı ilə bağlı yaratdığı “Yaxşı-Aşıq” dastanı da Qaraman tayfası ilə bağlıdır: “Ustad deyir Qaradağlı kəndində Iman adlı bir kişi var idi. Qara  olduğundan hamı onu Qara Iman çağırırdı. Qara Imanın özündən də qara bir oğlu vardı ki, hamı ona Qara Ibrahim deyərdi”.

Sarı Aşığın atasının adı Qara Ibrahim, babasının da adı Qara Iman olmuşdur. Qaraman kəndinin binasını aşığın babası Qara Iman qoymuş, kənd də onun adı ilə adlanmışdır.

Qaramanlıların sonuncu övladı Ibrahim xan 1483-cü ildə böyük ailəsi ilə Qarabağın dağlıq ərazisində məskən salmış, kəndin adını da Qaradağlı qoymuşdur. Sarı Aşıq yeni yurdda doğulduğu ilk vətəni unutmamış, qəlbində həmişə bu hissi yaşatmışdır. Onun ulu yurdu haqqında söylədiyi bayatılar zəngin bayatı xəzinəsi içərisində xüsusi yer tutur:

 

Aşıq qara yaxşıdı,

Göyçək qara yaxşıdı,

Qürbətdə dolanmaqdan

Getsək gora yaxşıdı. 

 

Mənbələrdəki işarələrdən də görünür ki, Qara Ibrahimin ailəsi XV əsrin sonlarında Qaradağdan Qarabağa gələndə Sarı Aşığın 25-30 yaşı olmuşdur. Buna görə də, Sarı Aşığın 1450-ci illərdə doğulduğunu ehtimal etmək olar.

Qara Namazovun “Ozan-aşıq sənətinin tarixi” monoqrafiyasında oxuyuruq: 

“Bu ehtimalı doğrulan mənbələrdən biri də RƏI-nin əməkdaşı Asya Məmmədovanın cünglərdən toplayıb tərtib etdiyi ”Bayatılar” kitabında Sarı Aşığın bayatılarının qədim məxəzləridir. “Bayatılar” kitabı Sarı Aşığın bayatıları ilə açılır. Birinci iki bayatı Məhəmməd ibn Məkkinin 1549 (956)-cu ildə qələmə aldığı “Ləmə-at-ud-Diməşqiyyə” cüngündən götürülmüşdür.

 

Mən Aşiq, yasəmən siz, 

Bağların yasəmənsiz,

Mən öldüm gülə həsrət,

Gülşənsiz, yasəmənsiz.

 

Mən Aşiq budaq haray!

Qəm məni budaq haray!

Könül istər, əl yetməz,

Əyilməz budaq haray!

 

Bu iki bayatının 1549-cu ildə cüngdə verilməsi də göstərir ki, Sarı Aşıq XVI əsrdən də əvvəl yaşamış, bayatıları Şərqdə geniş yayılmış, təzkirəçiləri də özünə cəlb etmiş və nəhayət, XVI əsrdə cünglərə daxil edilmişdir”.

XX əsrin əvvəlində Salman Mümtazın araşdırmalarına görə Sarı Aşığın yaşadığı “Qaradağlı kəndi beş yüz il bundan əvvəl”,  yəni XV əsrdə dağılıb viran olmuşdur.

“Aşıq Aşiq” təxəllüsü ilə yazan aşıq… 

Yenə də Qara Namazovun “Ozan-aşıq sənətinin tarixi” monoqrafiyasında oxuyuruq: “Arxeoloqların 1927-ci ildə müəyyənləşdirdiyinə görə Sarı Aşığın gümbəzi XVII əsrə aiddir. Görünür, XVII əsrdə qəbrin üstünü götürənlər də onun nə zaman yaşadığını müəyyən edə bilməmiş, başdaşına saz şəkli çəkməklə kifayətlənmişlər. Sarı Aşığın adı haqqında da tədqiqatçıların rəyi müxtəlifdir. H.Qaradaği onu Qurbanəli, S.Mümtaz Aşıq Abdulla, Bəhlul Behcət isə Sarıca Nəbi, hətta Aşıq Qərib kimi də təqdim etmişlər. Əslində isə Qarabağda sakin olan qaramanlar və xüsusilə təriqətin müridləri başda olmaqla əsil adlarını gizlətmiş, müxtəlif adlarla yaşamışlar. Tayfaları içərisində sarıyanız olduğuna görə məslək dostları və qohumları onu sadəcə olaraq Sarıca, bəzən də Sarıca Nəbi deyə çağırmış, ona sonralar Sarı adı həmişəlik verilmişdir. Bayatılarını isə

“Aşıq Aşiq” təxəllüsü ilə yazmışdır”.

Azərbaycan ədəbiyyatı tarixində istər məzmunu, istərsə də bədii kamilliyi baxımından Sarı Aşığın bayatıları xüsusi yer tutur. Aşığın bayatılarının xeyli hissəsi sevgilisi Yaxşının adı ilə bağlıdır və bu bayatılarda Yaxşının adı xatırlanır. Məlum olduğu kimi, Aşıq da Məcnun kimi ömrünün çox hissəsini çöllərdə keçirmişdir. Bir tərəfdən sevgi iztirabları, digər tərəfdən vətən həsrəti, yerli bəylərin sərt rəftarı Sarı Aşığın bayatılarında hüzn, kədər motivlərini daha da gücləndirmişdir.

Sarı Aşığın bayatıları əsasında onun həyatı ilə bağlı “Yaxşı-Yaman”, “Yaxşı-Aşıq” dastanları yaradılmışdır. Bu dastanların məzmunu az fərqlənsə də, bir-birinə çox bənzəyir. 

“Yaxşı-Aşıq”da deyildiyi kimi, Həkəri çayının sahilində Maqsudlu kəndinin sakinlərindən Qara Ibrahimin oğlu Sarı Salman bəyin qızı Yaxşı ilə sevişir. Valideynlər razılaşsalar da, Yaxşının qardaşları Iman və Fərman gənclərin evlənmələrinə razı olmurlar. Iztirab və hicranlar da bundan sonra başlayır. Qardaşlar bacılarını çox ciddi qısqanıb, hətta tənbeh etdikləri kimi, atası Ibrahim də oğlu Sarını evdən qovmalı olur. Sarı Məcnunsayağı didərgin həyat keçirir. Kəndin qənşərində sadə bir koma (çardaq) tikib orada gecələyir. Fürsət düşəndə çayın sahilində Yaxşı ilə görüşür…”.

“Alırsan canımı al, əlimdən yarım alma…”

Qara Namazov adı çəkilən monoqrafiyada yazır: “Orta əsr dastanlarından fərqli olaraq telepatik əyan olma, hissetmə bu aşiqlərdə çox güclü olmuşdur. Yaxşı daxilən Sarı Aşığı səsləyəndə və ya arzulayanda Aşıq orada hazır olur. Eynilə də Sarı Aşıq iztirablı anlar keçirəndə Yaxşı o an Aşığın yanında olur. Beləliklə, iki gəncin uzun illər davam edən hicranlı günləri vüsala qovuşmur. Onlar da Leyli və Məcnunun, Əsli və Kərəmin, Arzu və Qəmbərin nakam dünyasına qovuşurlar. Sarı Aşığa yamanlıq eləyənlər də yaman xəstəliyinə tutulub ölürlər. Aşıqla Yaxşının qəbri üzbəüz götürülür. Aşığın Qəbri el arasında ziyarətgaha çevrilir. Uzaq vilayətlərdən gəlib bu qəbri ziyarət edirlər. Dürlü-dürlü əfsanə və rəvayətlər Aşığın həyatını fantastik bir aləmlə bağlayır.

Həmin dastanları və dastana düşməyən digər bayatıları diqqətlə izlədikdə Yaxşı ilə Sarı Aşığın həyat yolunun müəyyən izləri aydınlaşır. Bu bayatılarda Aşığın Yaxşını demək olar ki, hər gün görməyə can atması, arabir görüşmələri, keçirdiyi iztirablar, Yaxşı ölərkən dediyi ağılar, özünün bayatı ilə elədiyi vəsiyyətlər bir-birini ardıcıl izləyən həyat salnaməsidir”. 

Sarı Aşığın bayatılarının bir xüsusiyyəti də ondan ibarətdir ki, o, cinas bayatılarında eyni formalı, müxtəlif məzmunlu sözlərdən məharətlə istifadə edə bilmişdir:

 

Aşığa yarım alma, 

Tutubdu yarım alma,

Alırsan canımı al, 

Əlimdən yarım alma.

 

Aşığam Yaxşı qala,

Ocağı yaxşı qala,

Istərəm bu dünyada

Pis ölə, yaxşı qala.

 

Onun yaradıcılığında müəmma-bayatılar və ya bağlama bayatılar da xüsusi yer tutur. Aşığın belə bayatıları müəyyən hadisə ilə bağlı yaranmışdır. Belə rəvayətlərin birində deyilir: “Bir gəlinin boğaz madyanı itir. Gəlin nə qədər axtarır, madyanı tapa bilmir. Axırda Aşığın yanına gəlib deyir: – Aşıq, madyanım itib, bilmirəm, oğurlayıblar, yoxsa necə olub? Madyanın harada olması Aşığa əyan olur, gəlinə deyir:

 

Mən Aşığam, əmər hey,

Incə beldə kəmər hey,

Göydə bir madyan gördüm,

Altda qulun əmər hey!

 

Bunu aşıqdan eşidən kimi gəlin bir baş biçənəyə gedir, görür madyan göy otun üstündə doğub, altında qulunu əmir. Aşığa dua eləyə-eləyə madyanını götürüb evinə gətirir”.

Sarı Aşıq bayatını elə bir sənət zirvəsinə yüksəldə bilmişdir ki, özündən sonra gələn nəsillər onun bayatılarına bənzər əsərlər yaratmaqla öyünmüş və onu özlərinə meyar hesab etmişlər.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir