Birinci cəzaçəkmə evi təhlükəlidirmi?

Eynulla Fətullayevin 1 saylı cəzaçəkmə müəsisəsinə getmək istəməməsinin səbəbini anlaya bilmirəm. Guya xüsusi rejimli bu müəssisələr həyat üçün təhlükəliymiş. Niyə?
Deyilənə görə, 1 saylıda qatı cinayətkarlar yatır, bu cəza evi türmə qanunları ilə idarə olunur, çünki orada “qanuni oğru”lar var və s.
Lap yaxşı! Hansısa bir yerdə “qanun” varsa, Eynulla niyə ora getməkdən imtina etməlidir? Lap olsun “oğru qanunu”, Azərbaycandakı qanunsuzluqdan pisdirmi?
Azərbaycanda ictimai nəqliyyatdan istifadə edərkən hansısa qadına söz atıb “xuliqanlıq”, şəxsi maşında gedərkən “avtoxuliqanlıq” etmək dəbdədir; hələ telefonda yüksək səslə danışıb asayişi pozmağı demirəm! Qarşıda ”vaxtlı-vaxtında yemək yeməməklə özünəqəsd”, “internetdə – ələlxüsus bu andıra qalmış feysbuk şəbəkəsində – çox oturmaqla gözünə zülm” tipli ittihamların olma ehtimalı da çox yüksəkdir. Bir də gördün, hakimiyyətin vətəndaş sevgisi püskürdü, “saçını daramadığına görə” ətrafdakılara bəxş etdiyin xoşagəlməz hissləri, duyğuları əsas götürdü və səni göndərdi məhkəməyə. Məhkəmə vətəndaşların “hiss və duyğularının” təhqir səviyyəsini ölçmək üçün cihaz da icad edə bilər. Ölçəcəklər, məlum olacaq ki, ətrafdakıların hissi “xüsusi amansızlıqla” dağıdılıb.

Türmədə bu biabırçılıqların baş vermə ehtimalı varmı?

Etiraz eləyib deməyin ki, türmədə adamın cibinə narkotik atırlar. Orda üstündən uzaqbaşı yarım qram – “şəxsi istifadə üçün” narkotik tapa bilərlər. Cibdən 1 kilo narkotik çıxa bilməz, axı! Azərbaycanda isə evindən bir neçə kiloqram, nəm-nüm eləsən, bir neçə ton narkotik aşkarlana bilər. Hələ bilmək olmaz, bir də gördün Avropaya ötürülən bütün narkotikə sənin başçılıq etdiyin “əməliyyatçıların sayıqlığı sayəsində” üzə çıxdı.
Türmədə “çevik polisi bıçaqlayandan” sonra qaçarkən yıxılmaq və “yıxılarkən aldığı xəsarətdən” ölmək; yol polisinə yaxınlaşarkən, aralıdan-aralıya yerindəcə keçinmək; nəqliyyat müfəttişinin “etik” davranışları qarşısında infarkt olmaq mümkündürmü?
Yox, əzizim Eynulla, səhv edirsən: həyat üçün təhlükəli məkan varsa, o da bütövlükdə Azərbaycandır – ümumi rejimli cəzakəçmə müəssisəsi olsa da!

Mübariz Qurbanlının araşdırması

“Feyzbuk inqilabı”ndan dəhşətli dərəcədə narahatlıq keçirən YAP araşdırma aparıb. Mübariz Qurbanlı araşdırmanın nəticəsinə xeyli gülüb, qəşş edəndən sonra deyir ki, “aksiya keçirmək istəyənlərin bir qismi Ermənistandadır. Erməni gəlib Bakıda mitinq keçirəcək?”.
Əlbəttə ki, yox! Ermənistanda yaşayan erməninin Bakıdakı mitinqdə nə işi var? Bizim “öz ermənilərimizə” nə gəlib! Qeyri-rəsmi səviyyədə etiraf olunan rəsmi məlumata görə, Bakıda 30 min erməni ailəsi yaşayır. Hər ailədə 4 nəfərin olduğunu nəzərə alsaq, bu eləyir 120 min!
O ayrı məsələ ki, ermənilər mitinqdə iştirak etməzlər. Çünki onları kimin himayə etdiyini, kimin dayısının və qaynının erməni olduğunu bu xarabada yaşayanların hamısı çox gözəl bilir.
M.Qurbanlı saniyən bəyan edir ki, “bu faktın özü radikal müxalifətin Azərbaycan əleyhinə erməni ilə əməkdaşlıq etməyə hazır olduğunu göstərir”.
“Radikallar” da kim olasıdı? Təbii ki, “başda Isa Qəmbər və Əli Kərimli…”.
Ermənistanda qayınları üçün hotellər tikdirən, turizm obyektləri açan Isa Qəmbərdirmi? Yoxsa Gürcüstan vasitəsilə ermənilərə neft ötürən, Ermənistanda benzinin qiymətinin Azərbaycandan da ucuz olmasını təmin edən Əli Kərimlidir?