Avropa neft-qaz amilinə görə Azərbaycandakı acınacaqlı duruma göz yummaqda ittiham edildi
«Platform London»: «Azərbaycanın neft-qazından əldə olunan gəlirlər bu ölkənin vətəndaşlarına çatmalı olduğu halda, Britaniyalı deputatların susmasına xərclənir»
İngiltərədə fəaliyyət göstərən “Platform London” (London platforması) adlı təşkilat enerji sahəsində şəffaflıq, enerji məsələlərinin demokratik proseslərə təsirini araşdırır. Təşkilat Avropa ilə Azərbaycan arasında münasibətləri təhlil edərək, bu ölkədə insan haqları və demokratiya sahəsindəki acınacaqlı duruma Avropanın göz yummasında neft-qaz amilinin başlıca rol oynamasına diqqət çəkib.
Təhlilin nəticəsi olaraq hazırlanan və təşkilatın saytında (platformlondon.org) dərc olunan materialı təqdim edirik:
Avropanı demokratiya yox, daha çox qaz əldə etmək maraqlandırır
Bir müddət əvvəl hökumətlər və şirkətlər bağlı qapılar arxasında Xəzərdən Avropaya qaz kəməri planını müzakirə ediblər. Plana əsasən, Xəzərdən Italiyanın cənubunadək 4000 kilometrlik qaz kəmərinin çəkilməsi nəzərdə tutulub. Plan qaz kəmərinin çəkilməsilə məhdudlaşmır. Eyni zamanda, Xəzər vasitəsilə Türkmənistan, Iraq və Irandan qaz alışı da nəzərdə tutulub ki, bununla da Avropa Mərkəzi Asiya və Yaxın Şərqin qaz ehtiyatlarına nəzarəti ələ almaq istəyir.
Avropa-Xəzər böyük qaz xətti şirkətlər və siyasətçilərə sadə vətəndaşlara məxsus enerjiyə nəzarət imkanı yaradacaq. Bununla da, Xəzər ətrafı ölkələr də daxil olmaqla, kəmərin keçdiyi ərazilərdə insan haqları arxa plana keçəcək.
Avropa Ittifaqı strukturlarında qaz məsələsilə məşğul olan əsas şəxs Avropa Parlamentinin prezidenti Joze Manuel Barrozodur. Barrozo bu yaxınlarda Azərbaycanın neft-qaz diktatoru Ilham Əliyevi Brüsseldə təntənə ilə salamladı və ölkədəki “inkişafı” təriflədi. Bu zaman o, ölkədə insan haqları və demokratiya sahəsindəki problemlərdən – seçki saxtakarlığından, dinc etirazçılara qarşı polis zorakılığından, çoxsaylı siyasi həbslərdən danışmadı. Elə həmin görüşdə Əliyev Avropaya iki trilyon kubmetr qaz vəd etdi. Uzun illərdir ki, Azərbaycan vətəndaşları Avropa siyasətçilərini onların demokratiya uğrunda mübarizəsinə dəstək verməyə çağırır. Amma görünür ki, Avropanı daha çox qaz əldə etmək maraqlandırır.
Böyük Britaniya qaza olan tələbatını ödəmək üçün bu istiqamətdə çox ciddi səylər göstərir. Azərbaycan xalqının demokratiya uğrunda mübarizəsini dəstəkləmək əvəzinə Britaniya hökuməti avtoritar Ilham Əliyevlə dostlaşıb. Əliyev rejiminin yaratdığı “Avropa-Azərbaycan Cəmiyyəti” Böyük Britaniyada lobbi qrupları ilə çox ciddi iş aparır. Nəticədə onlar hökumətin qərarlarına təsir göstərmək imkanı əldə ediblər. Britaniya parlamentinin bəzi üzvləri bu təşkilatdan maliyyələşərək, lobbi fəaliyyəti göstərirlər. Bunun nəticəsidir ki, Azərbaycanda insan hüquqları və demokratiya problemləri Britaniya hökumətinin yadına düşmür. Britaniya parlamentinin deputatları Mark Fild və Kristofer Pinçerin hər biri bu təşkilatdan ayrı-ayrılıqda 6 min funt-sterlinqdən çox vəsait alıb. Azərbaycanın neft-qazından əldə olunan gəlirlər bu ölkənin vətəndaşlarına çatmalı olduğu halda, Britaniya parlamenti üzvlərinin susmasına xərclənir.
Azərbaycandakı rejimlə Britaniya arasında yaxın əlaqələrin olması bp şirkəti üçün də çox vacibdir. “Şahdəniz” konsorsiumunun vitse-prezidenti El Kuk kimi adamlar Azərbaycan qazından əldə olunan gəlirlərin beynəlxalq neft şirkətlərinin və Azərbaycanın korrupsiyalaşmış elitasının hesablarına axıdılmasında müstəsna rol oynayır.
Avropa Əliyevin vəd etdiyi iki trilyon kubmetr qaza görə susur
Jurnalist Xədicə Ismayılova “Azadlıq” radiosunun efirində gündəlik proqram aparıcısıdır. Azərbaycan diktatoru Ilham Əliyevi tənqid edən Xədicə Ismayılova dinc nümayişdə iştiraka görə ona kəsilən cəriməni ödəmədiyindən hazırda həbs təhlükəsi altındadır. Əgər o da tutulsa, hazırda həbsdə olan 80-dən artıq siyasi məhbusların sırasına qoşulmuş olacaq.
“Azərbaycanda 80 nəfərdən artıq siyasi məhbus var. Onların arasında prezidentliyə namizəd, jurnalistlər və gənc fəallar da var. Buna baxmayaraq, Avropa Parlamenti Azərbaycandakı seçkidə müşahidə aparmağı planlaşdırmır. Niyə? Əliyevin Avropaya vəd etdiyi iki trilyon kubmetrlik qaza görə. Bu amil tənqidlərin qarşısını alır. Bu səbəblərdən biz Avropa Ittifaqından Azərbaycanda insan haqları, seçkilərin saxtalaşdırılmasıyla bağlı faydalı heç nə eşitmirik”, – deyə Xədicə Ismayılova bildirib.
Xəzərdən Avropaya çəkilməsi planlaşdırılan qaz kəməri eyni zamanda, repressiv Əliyev rejiminin hakimiyyətdə qalmaq planlarının tərkib hissəsidir. Bu qaz kəməri çəkiləcəyi halda, Azərbaycan qazı Italiyaya axacaq, Əliyev ailəsi də öz növbəsində milyardlar qazanacaq. Amma Azərbaycan vətəndaşları yenə də dağılmış infrastruktur və əlçatmaz səhiyyə ilə üz-üzə qalacaq.
Siyasət şöbəsi