ilham-ramiz

Putinin səfəri zamanı Mehdiyev niyə görünmədi?

Prezident Administrasiyası rəhbərini oyundan kənar vəziyyətdə saxladılar

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı görünməz oldu. Iki ölkənin nümayəndə heyətlərinin görüşlərində hakimiyyətin faktiki olaraq ikinci şəxsi hesab edilən Ramiz Mehdiyevin görünməməsi kifayət qədər maraqlı məsələdir. Məsələ burasındadır ki, Ramiz Mehdiyev həm də Azərbaycan hakimiyyətində Kremlin siyasi dairələrinə yaxın şəxs kimi tanınır.
Ramiz Mehdiyevin görünməz olması ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Lakin siyasi ekspertlər iki versiyanın üzərində xüsusi dayanırlar. Bunlardan biri Vladimir Putinin Azərbaycana səfərinin təşkili ilə bağlıdır. Ekspertlərin fikrincə, bu səfərin təşkilində Ramiz Mehdiyev kənarda saxlanılıb. Hesab edilir ki, Putinin gəlişi Azərbaycan hakimiyyətindəki rəqib – Paşayevlər qruplaşması tərəfindən təşkil olunub. Və güman ki, danışıqlar da Ramiz Mehdiyevin bağlı olduğu dairələrlə aparılmayıb.
Başqa bir versiya isə Vladimir Putinin səfəri ərəfəsində Kremldə Ilham Əliyevin devrilməsi planın hazırlanması barədə dövriyyəyə buraxılan məlumatlarla bağlıdır. Ekspertlər bu məsələdə Ramiz Mehdiyevin dəsti-xəttinin olduğunu istisna etmir. Həmin məsələdə adı hallanan Azərbaycanın Serbiya, Çernoqoriya, Bosniya və Hersoqovinyadakı səfiri Eldar Həsənov da məlumatların məqsədli şəkildə, sifarişlə ictimailəşdirildiyini iddia etmişdi. Ekspertlərə görə, bir müddət əvvəl Prezident Administrasiyanın rəhbəri postuna gətiriləcəyi barədə məlumat yayılan Eldar Həsənov “sifarişçi” deyəndə Ramiz Mehdiyevi nəzərdə tutub.
“Ola bilər ki, Ramiz Mehdiyev hakimiyyətdəki rəqiblərinin Putinin səfərilə bağlı planlarını pozmaq üçün belə addım atıb. Lakin son anda bu onun özünün əleyhinə işləyib”, – deyə ekspertlər ehtimal edib.