Bizim xalqımız qul olmaq istəmir, bu ölkə irtica altında yaşamaq istəmir. Bu, bir ədavət məsələsi deyil. Bu hətta hansısa siyasi partiyanın, hansısa siyasi liderin iddiasına söykənən bir arzu deyil, bütöv bir xalqın Azadlıq istəyidir. Bunu sadəcə bir xalqın öz haqlarına sahib çıxması kimi qəbul etmək olar. Müasir dünyada bu haqlar vazkeçilməz sayılır və son vaxtlar dünyada baş verənlər isə hər kəsə sübut etdi ki, xalqların Azadlıq istəyini boğmaq bunu edənləri daha ağır nəticələrlə üz-üzə qoyur…
Illərdir dörd yanınız sizə yaltaqlanır, sizi müqəddəsləşdirirlər. Bunu edənlərin öz marağı, bunu xoş qəbul etməklə də sizin öz marağınız olub. Amma aradabir ölkənin maraqları ayaqlar altına atılıb, tapdanıb. Bizim sərvətlər talanıb, ölkəmiz böyük soyğunçuluq və haqsızlıqlarla üz-üzə qalıb. Cəmiyyətimiz yaltaqlığın, riyakarlığın ağuşuna atılıb. Bu illərdə sizin hakim qruplar xalqı insan sifətində görməyib, sadə vətəndaşları maşınlarının təkərlərinin tozu belə saymayıblar. Siz özünüz bu xalqı bir heç saymısınız. Bəs necə, indi deyirsiniz ki, bu xalq sakitcə otursun və öz taleyi ilə barışsınmı? Niyə anlamırsınız ki, bu, partiyaların, siyasi liderlərin, gənclərin iddiası ilə məhdudlaşan istək deyil, bu, öz ləyaqəti və arzuları olan bir ölkənin möhtəşəm Azadlıq istəyidir. Xeyri yoxdur, xalqımızın Azadlıq istəyinin qarşısını almaq mümkün olmayacaq!
Bu illərdə naşı, savadsız, ədalətsiz adamlar öz maraqları naminə hər kəlmədə sizi tərifləyib və ölkənin düz yolla getməsi barədə yalanları yorulmadan təkrarlayaraq, Vətənimizin dərdlərini gizlətməyə çalışıblar. Amma mümkün olmayıb. Biz ilk gündən deyirdik ki, Azərbaycanda korrupsiya hər gün artır. Əvəzində, bizi və bizim mövqeyi hesabatları ilə təsdiq edən Beynəlxalq Şəffaflıq Təşkilatını qərəzli elan edirdilər. Amma indi özünüz böyük korrupsiya ləkəsini etiraf edirsiniz, baxmayaraq ki, ona qarşı elan edilən mübarizə hələ də görüntüdən, kampaniyadan uzağa getməyib.
Onu da bilirik ki, bizim cəmiyyətin dərdi yalnız korrupsiyadan ibarət deyil. Stalin rejimində korrupsiya yox idi. Istənilən cəmiyyətin əsas problemi insan azadlıqlarının məhdudlaşdırılmasıdır, demokratiyanın yoxluğudur. Odur ki, siyasi azadlıqlar da daxil olmaqla bütün azadlıqların xalqa qaytarılmasından başqa yol qalmayıb. Elə xalq da bunu istəyir. Gənclik də bunu istəyir.
Odur ki, gəncliyi, müxalifəti, medianı, QHT-ləri, fəal vətəndaşları sıxışdırmağın xeyri yoxdur. Qarşınızdakı xalqdır. Müvəqqəti repressiya dalğaları onu sakit etməyəcək, yalnız və yalnız Azadlıqları qaytarmaq lazımdır. Hər kəsi yalnız Azadlıq rahat salacaq.
Budur, hər dəfə sizi “Ilin Adamı” elan edən ANS xeyli düşündürücü bir xəbər yayıb: “Gürcüstan polis sistemində korrupsiya hallarının azlığına görə dünya üzrə 5-ci yeri tutur. Bu məlumatı beynəlxalq qeyri-hökumət təşkilatı olan ”Transparency International” yayıb. Qurumun hesabatlarında göstərilir ki, ötən il ərzində əhalinin cəmi 3 faizi 9 dövlət müəssisəsində rüşvət verməli olub. Bu göstəriciyə görə, Gürcüstan dünyanın ən az korrupsiyalaşmış dövlətlər qrupuna daxil edilib. Bu qrupda Gürcüstanın adı Avstraliya, Kanada, Danimarka, Finlandiya, Almaniya, Israil, Polşa, Norveç, Ispaniya, Böyük Britaniya və ABŞ kimi inkişaf etmiş ölkələrlə bir yerdə çəkilir”.
Indi düşünüb görün, həbs etdirdiyiniz gənclər – Cabbar, Rəşadət, Bəxtiyar, Səxavət, Dəyanət bizim ölkədə Ilin Adamı sayılmalı deyilmi?!
Xeyri yoxdur, İlham Əliyev!
•