Hakimiyyət seçkinin müşahidəsinə kimləri dəvət edir?

«Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, GUAM, Islam Əməkdaşlıq Təşkilatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının nümayəndə heyətləri Azərbaycana daha çox siyasi turist kimi gəlirlər»

Azərbaycan dövləti prezident seçkisini müşahidə etməyə 9 beynəlxalq təşkilatı dəvət edib. “Media forum” saytının məlumatına görə, XIN-in adlarını çəkdiyi təşkilatlar bunlardır:  
BMT, ATƏT, Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, MDB, ATƏT Parlament Assambleyası, GUAM, Islam Əməkdaşlıq Təşkilatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası. Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu (DTIHB) Ehtiyacların Qiymətləndirilməsi Missiyasının tədqiqatları əsasında və mandatına uyğun olaraq bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün müşahidəçi missiyası göndərməyə hazırlaşır. Amma Azərbaycan dövləti ATƏT-in DTIHB-yə seçkini izləməklə bağlı dəvət ünvanlamayıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə Azərbaycanın seçkiləri müşahidə etmək üçün dəvət ünvanladığı təşkilatların bu missiyanın öhdəsindən nə dərəcədə effektli gələcəyini araşdırdıq. A.Məmmədli vurğuladı ki, Azərbaycanda indiyə qədər müşahidə aparmış və gələcəkdə aparacaq təşkilatlar arasında yalnız bir neçəsini peşəkar adlandırmaq olar: “Qara Dəniz Iqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, GUAM, Islam Əməkdaşlıq Təşkilatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının nümayəndə heyətləri Azərbaycana daha çox siyasi turist kimi gəlirlər. Həmin təşkilatları təmsil edənlər Azərbaycana yalnız gəzməyə gəlirlər. Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in Parlament Assambleyasının nisbətən seçki müşahidəsiylə bağlı normal müşahidə qaydaları mövcuddur. Bunlar sırasında isə birinci yeri ATƏT DTIHB-nin müşahidə missiyası tutur. Bu təşkilat sırf seçki müşahidəsinə hesablanıb. Dünyada bu qurumun beynəlxalq müşahidə sahəsində alternativi yoxdur”.

Xəyal