«18 avqust mitinqi eyni zamanda Rüstəm İbrahimbəyova dəstək aksiyasıdır»
Zəfər Quliyev: «Milli Şuranın qərarları optimal və reallığa uyğundur»
Seçki günü yaxınlaşdıqca ölkədəki siyasi ehtiraslar da artmaqdadır. Hazırda siyasi qarşıdurmanın hakimiyyət və demokratik qüvvələrin birləşdiyi Milli Şura arasında cərəyan etdiyi açıq görünür. Bu günlərdə Milli Şura növbəti sessiyasını keçirərək bir sıra mühüm qərarlara imza atdı. Milli Şuranın üzvü, siyasi ekspert Zəfər Quliyevlə müsahibəmizə elə Milli Şuranın son sessiyasında qəbul edilən qərarları necə qiymətləndirdiyi ilə başladıq.
– Hesab edirəm ki, indiki mərhələ üçün Milli Şuranın sessiyasının qəbul etdiyi qərarlar ən optimal və reallığa uyğundur. Sessiyada gedən ciddi müzakirələri nəzərə alsaq, hər hansı bir təklifin üzərində dayanaraq, konsensusa nail olmaq çox çətin olardı. Ona görə düşünürəm ki, uzun müzakirələrdən sonra sessiya iştirakçıları reallığı nəzərə alaraq, ən düzgün qərar qəbul etdilər. Milli Şura vahid namizəd məsələsində Rüstəm Ibrahimbəyova tam dəstək verir. Eyni zamanda da bəzi məsələlərin müzakirəsi növbəti sessiyaya qədər uzadılır. Elə Rüstəm Ibrahimbəyovun da Milli Şuranın sessiyasından gözlədiyi qərar da gəlinən nəticəyə uyğun idi. Rüstəm Ibrahimbəyova imkan yaradılır ki, o, pasportla bağlı problemlərini həll etsin. Avqustun 19-na qədər bu məsələlərdə hesab edirəm ki, aydınlıq yaranacaq. Bu arada partiyalar da bu istiqamətdə müzakirələrini davam etdirəcəklər. Əgər paralel varianta ehtiyac yaransa, bu zamana qədər partiyalarda ümumi mövqe formalaşa bilər.
– Milli Şuranın sessiyasında qəbul olunan ən mühüm qərarlardan biri avqustun 18-nə kütləvi aksiyanın təyinatı ilə bağlı oldu. Uzun müddət idi ki, cəmiyyət Milli Şuradan kütləvi aksiyalarla bağlı qərarın verilməsini gözləyirdi. Cəmiyyətin böyük kəsimini özündə birləşdirən geniş koalisiyanın aksiyasının da sıradan bir mitinq olmayacağı gözlənilir. Sizin bu istiqamətdə fikirləriniz necədir?
– Bu mitinq çox vacib idi. Həqiqətən də uzun müddət idi ki, cəmiyyət toplumun böyük kəsimini özündə birləşdirən Milli Şuradan aksiyalara başlamasını gözləyirdi. Lakin burada bir nüans da var ki, hazırkı yaranmış vəziyyət olmasaydı, Milli Şura üçün daha məqbul vahid namizədin imza toplama kampaniyasını aparmaq, sənədləri MSK-ya təqdim etmək üçün hazırlamaq olardı. Əsas mitinq dalğasını isə seçki kampaniyası dövründə keçirmək olardı. Milli Şura avqustun 18-dəki aksiyanı seçki kampaniyasının ilk mitinqi kimi dəyərləndirməyib. Çünki burada əlavə motivlər də var. Avqustun 18-dəki mitinq eyni zamanda yaranmış situasiya ilə bağlı Rüstəm Ibrahimbəyova dəstək aksiyasıdır. Rüstəm Ibrahimbəyovun Rusiya vətəndaşlığından imtina məsələsi ondan asılı olmayan səbəblərdən uzanır. Bundan başqa, Milli Şuraya qarşı hakimiyyət sərt, ədalətsiz bir kampaniya aparır. Ona görə avqustun 18-dəki aksiyanın məqsədi Milli Şuranın seçki öncəsi gücünü göstərməklə yanaşı, rəsmi Bakının yürütdüyü siyasətə etiraz bildirmək və eyni zamanda da Rüstəm Ibrahimbəyova dəstək verməkdir. Mitinqdə də Moskvaya da ünvanlanmış çıxışlar olacaq ki, Rusiya ilə bağlı yaranan pasport problemi tez bir zamanda həllini tapsın. Ona görə avqustun 18-dəki aksiyanı Milli Şuranın seçki kampaniyasına ünvanlanan mitinqlərin startı kimi qəbul etmək o qədər də düzgün olmazdı. Bu, konkret yaranmış situasiya ilə bağlı aksiyadır.
“Hakimiyyət ənənəvi təbliğatından istifadə edir”
– Bu ərəfədə Milli Şuraya qarşı müxtəlif ittihamlar ünvanlanmaqdadır. Milli Şura Rusiyanın rəhbərliyi səviyyəsində hazırlanmış plana uyğun olaraq dövlət çevrilişi etməkdə ittiham olunur. Bundan başqa Milli Şuraya bir “hərbi qanad” calamaq cəhdləri də oldu. Bu ittihamları necə dəyərləndirirsiniz?
– Bu tipli yazılar demək olar ki, hər gün gedir və dərhal hökumətəyaxın başqa saytlarda tirajlanır. Bu istiqamətdə bir neçə gün əvvəl gedən yazıya münasibət bildirərkən mən bunu sifarişli material kimi qələmə verdim. Hesab edirəm ki, bu tipli yazılar Milli Şuraya qarşı yeni bir kampaniya haqqında xəbər verir. Bu, Milli Şuranın rəhbərliyinə və təşkilatda təmsil olunan partiya liderlərinə qarşı addımlardır. Artıq hiss olunur ki, hakimiyyət Milli Şuraya qarşı yeni təbliğat kampaniyası başladır. Əvvəlki illərin təcrübəsinə uyğun olaraq Milli Şuraya qarşı öncə mətbuatda müxtəlif ittihamlar səslənir. Bəyan olunur ki, guya Milli Şura qanlı dövlət çevrilişi hazırlayır, hətta sui-qəsd planları mövcuddur. Eyni zamanda “milyarderlər ittifaqının”, son zamanlar həbs olunan keçmiş məmurların adları da Milli Şura ilə bağlı hallanır. Son yazılarda daha uzağa gedərək Milli Şuranın silah arsenalının tapılmasına dair məlumatlar verilir. Bütün bu məlumatlar onu göstərir ki, bu təkcə “qara piar” kampaniyası deyil. Ola bilsin ki, hakimiyyət seçki ərəfəsində vəziyyətdən asılı olaraq dövlət çevrilişi adı altında real kampaniya apararaq kütləvi həbslərə hazır olduğunu nümayiş etdirmək istəyir. 2005-ci ildə seçki öncəsi dövlət çevrilişi ilə bağlı səsli-küylü həbslər reallaşdırıldı. Əvvəlki seçkilərdə də bizim hakimiyyət bu cür üsullardan tez-tez istifadə edirdi. Ona görə mən baş verənləri ciddi təhlükə kimi qəbul edirəm. Aydın məsələdir ki, aparılan təbliğat reallıqdan uzaq və Milli Şuranın seçki öncəsi fəaliyyətinə kölgə atmağa hesablanıb. Bu materillarda Milli Şuranı başqa tipli qurum kimi təqdim etməyə cəhdlər göstərilir. Bütün bunlar hakimiyyətin narahatlığından xəbər verir. Putinin səfəri də rəsmi Bakıda nahatlıq doğururdu. Bunu hakimiyyətin verdiyi bəyanatlar da sübut edirdi. Biz Milli Şura olaraq fəaliyyətə başlayan zaman bilirdik ki, bu tipli ittihamlar, təhlükələr baş verəcək.
Putinin səfərinin pərdəarxası
– Gündəmdə olan daha bir məsələ Putinin Azərbaycana səfəri ilə bağlı idi. Bu səfərin yekunlarını necə dəyərləndirisiniz?
– Səfərlə bağlı ciddi intriqa yaranmışdı. Səfərin vaxtı bir neçə dəfə dəyişdirilmişdi. Həm hakimiyyətin özündə, həm də Rusiyada səfərlə bağlı müəyyən gözləntilər var idi. Eyni zamanda rəsmi Bakı bu səfərdən ciddi narahat etdi. Ona görə güman etmirəm ki, Putin bu qədər səsli-küylü anonslardan sonra Bakıya yalnız iki-üç bir o qədər də əhəmiyyəti olmayan sənədləri imzalamağa gəlmişdi. Yəni ictimaiyyətə bir o qədər ciddi olmayan sazişlərin imzalandığı bildirildi. Ilk dəfə idi ki, Rusiya dövlət başçısının xarici ölkəyə səfəri hərbi gəmilərlə müşayiət edilirdi. Ona görə hesab etmirəm ki, Putin bir neçə hökumətlərarası sazişin imzalanması üçün Bakıya gəlmişdi. Səfərin əsas mahiyyəti kadr arxasında qaldı. Düşünürəm ki, Moskvanı və rəsmi Bakını maraqlandıran məsələlər prezidentlərin təkbətək danışığında müzakirə edilib. Ona görə biz Putinin tam istədiyini ala bilib-bilmədiyi ilə bağlı yalnız fərziyələr qura bilərik. Digər tərəfdən, rəsmi Bakının da istəyi onunla bağlı idi ki, seçkilər ərəfəsində Moskvadan siyasi dəstək alsın. Görüşdən sonra hakimiyyətin buna nail olub-olmadığı ilə bağlı məlumat yoxdur. Amma hər halda Putin Moskvaya əliboş qayıtmadı. Klassik siyasətdəki “kananerlər diplomatiyası” adlanan anlayış var. Bu bir ölkənin digərinə həm hərbi, həm də diplomatik təzyiq etməsi deməkdir. Əslində Putinin Bakıya səfəri bu diplomatiyanın bir növü idi. Ilham Əliyevin müqavimət potensialının o qədər də güclü olmadığı dövrdə Putinin səfərinin nəticəsiz alındığına inanmaq olmur. Amma Bakının Qərb qarşısında da öhdəlikləri mövcuddur. Həmin öhdəliklərdən də birbaşa imtina etmək rəsmi Bakı üçün çox təhlükəlidir. Avrasiya və Gömrük Ittifaqı ilə bağlı məsələlərdə isə mən daha çox pauzanın yarandığını düşünürəm. Rəsmi Bakı, ola bilsin, bu məsələlərlə bağlı qərarını verməyib. Ona görə də Putin də hakimiyyətə birmənalı dəstəyini ifadə etməyə tələsmir. Güman edirəm ki, Rusiyanın Azərbaycana təzyiq siyasəti davam edəcək.
– “Reuters” agentliyi xarici ekspertlərə istinadən belə bir analiz ilə çıxış edib ki, Putinin səfəri zamanı elə bir ciddi razılaşmalar əldə olunmayıb. Putinin özü də mətbuata açıqlamasında iki ölkə arasında hələ həllini tapmayan xeyli problemlərin qaldığını bildirib?
– Mən də hesab edirəm ki, Putinin hərbi gəmilərlə Azərbaycana gəlməsi maksimal uduş əldə etməyə hesablanmışdı. Amma belə görünür ki, bir sıra prinsipial məsələlərdə Moskva hələlik Azərbaycandan konkret cavabı ala bilməyib. Ona görə hesab edirəm ki, Rusiyanın Azərbaycana təzyiqi davam edəcək. Ikitərəfli münasibətlərdəki gərginlik, soyuqluq bundan sonra da özünü açıq formada göstərəcək. Bəziləri hesab edirdilər ki, Putinin Bakıya səfəri Ilham Əliyevə 100 faizlik dəstəyin görsənişidir və Azərbaycan müxalifəti ölkədəki siyasi proseslərdən tamamilə kənarda saxlanılacaq. Mən əksini düşünürəm. Əslində görünür, Rusiya Azərbaycanda seçki öncəsi qeyri-müəyyən vəziyyətin davam etməsində maraqlıdır. Ona görə Rusiyanın bu zaman hakimiyyətə təzyiq və manevr imkanları geniş olur. Putin Azərbaycan hakimiyyətinə yeni-yeni problemləri yaratmaqla iqtidarı təzyiqdə saxlamağa davam edəcək. Ona görə mən Rusiya və Azərbaycan münasibətlərində hər hansı bir dönüşün baş verəcəyinə inanmıram. Bu səfərin yekunlarına yalnız bu cür qiymət vermək olar.
Xəyal