Maraqlı günləri arxada qoyduq. Iş o yerə çatdı, Ilham Əliyev bəzi müxalifətçiləri də müstəqilliyin müdafiəsinə qaldırdı. Guya o, Azərbaycanın müstəqilliyi və iqtisadi maraqları naminə Putinin Avrasiya Iqtisadi Birliyi və Gömrük Ittifaqı layihəsinə girmirmiş. Özünüzə sual edin, gömrüyü varmı bizim ölkənin? Hakim ailənin şirkətinə – MMC-yə çevrilməyibmi bizim gömrük?!
Hiylə gözə girir. Ölkə əhalisi mövcud hakimiyyətin timsalında müstəqillikdən zinhara gəlib, onun uğurlar gətirəcəyini nağıl sayır, bu hakimiyyət isə “müstəqilliyimizə təhlükə var” nağılı ilə müdafiə cinahı yaradıb özünü xalqa sevdirmək istəyir…
Bundan öncə yazmışdıq – bizim oğru hakimiyyətə əyilməyin, sevgi nümayiş etdirməyin, ona aşkar və gizli şəkildə qulluq etməyin 100 üsulu var. Gəlin birini də əlavə edək: hakimiyyətin istədiyi halda müstəqillik üçün qayğılanmaq, müstəqilliyin müdafiəsinə qalxmaq. Bu adla hakimiyyətə qarşı olan qüvvələri ləkələmək, onu dağıtmağa çalışmaq. Hər şeyi özünüz gördünüz, demokratik qüvvələrin yeni birliyi kimi ortaya çıxan Milli Şuraya hələ yaranmamış nə adlar qoydular, nə hücumlar etdilər, nə əngəllər yaratdılar. Insanların düşüncələrinə şübhə toxuma səpmək, onları çəkindirmək üçün müxalifətdə olan səngərlər də işə salındı…
Məntiqə görə gözlənilirdi ki, müstəqillik qayğıları ilə alışıb-yananlar Putinin Bakıya səfəri zamanı sinələrini cıracaqlar. Yazar dostumuz Elnur Astanbəyli demişkən, deyəsən, susmaq düymələri basıldığından, səsləri çıxmadı. Elə əvvəldən də bəlli idi bu. Ümumiyyətlə, oğru hakimiyyətin ovqatı ilə müstəqilliyin müdafiəsinə qalxmaq vətənşüvənliyin və vətənə badalaq gəlməyin son illərdəki ən idbar və təhlükəli forması sayıla bilər…
Yeni “SSRI nağılı” isə həddən artıq şişirdilib və bəlkə də bu söz də Qərbin siyasi texnoloqlarının Kremlin ağzına atdığı saqqızdır. Putinin Avrasiya Iqtisadi Birliyi, Gömrük Ittifaqı layihəsi də ilk olaraq öz ölkəsini aldatmaqdan, ovundurmaqdan başqa bir şey deyil. Məsələn, Rusiya bu birliyə qatdığı Qazaxıstanın ağası ola bilibmi?!
Rusiya hələ də təhlükəlidir, amma müstəqilliyimizi alacaq qədər deyil onun təhlükəsi. Onun Gürcüstana hərbi hücumu da sübut etdi ki, hətta kiçik və zəif ölkəyə hərbi müdaxilə də onun müstəqilliyini təhlükəyə soxmadı. Rusiya Qafqazdan tamam çıxmamaq üçün əlləşə bilər, bir az da aranı qata bilər, amma nəinki Gürcüstan və Azərbaycanın, hətta sonda oyuncağa çevirdiyi Ermənistanın müstəqilliyini əlindən ala bilməyəcək. Bu ölkələrin müstəqilliyi beynəlxalq qaranta bağlanıb. Zaman da o zaman deyil.
Heydər Əliyevin pafosu ilə desək, Azərbaycanın müstəqilliyi əbədidir. Amma Heydər Əliyevin dediyinə görə yox. Bunun zəminini Əbülfəz Elçibəy qoyub. Elçibəyi sevməyənlər və ona inanmayanlar da bu gerçəyi qəbul etmək zorundadır. Elçibəy öz hakimiyyətini riskə atıb rus qoşunlarını Azərbaycandan çıxardı və Azərbaycanın müstəqilliyinə Qərb və Türkiyəni qarant etdi. Hətta bu presedent Gürcüstana ötürüldü. Başqa sözlə, Mixail Saakaşvilinin Gürcüstandakı uğurları, apardığı islahatlar üçün platformanı da Elçibəy yaratdı. Uyğun yol açıldığı üçün gürcülər də rus qoşunlarını çıxara bildi və Rusiya uzun zaman Saakaşviliyə mane ola bilmədi…
Rusiyanın hazırkı təhlükə olmaq iştahası isə avtoritar iqtidarların hakimiyyəti itirmək qorxusundan qaynaqlanır. Fəqət ortada başqa amil də var. Onun layihələrinə girməklə Rusiyadan birdəfəlik dəstək qazanacaq hakimiyyətlər bu halda Qərblə üz-üzə qala bilər. Bəzi rejimlər isə Qərbdən heç də Rusiyadan az çəkinmir. Ilham Əliyev də Putinin layihələrinə ona görə girmir ki, müstəqilliyimizi, maraqlarımızı qoruyur, sadəcə, Qərbdən çəkinir. Yoxsa ölkə gömrüyünü MMC-yə, ölkə iqtisadiyyatını şəxsi holdinqinə çevirən bir adamın müstəqillik və iqtisadi maraqlara görə dirəndiyini demək üçün gərək özün nağıllara inanasan!