Bu elə həmin Putin idi?

U.Çerçill yazırdı ki, ruslar bəlkə də dünyada yeganə xalqdır ki, yalnız güclə hesablaşırlar. Amma güc də özünə qarşı həsasslıq, diqqət tələb edir. 

Gənc, atletik bədəni olan bir adam balaca uşağı döyərkən və yaxud da özündən yaşlı zəif bir insanı incidərkən nə qədər məharət, “idman texnika”sı göstərsə belə, bunu heç kim təqdir etməz, ona “Sağ ol, afərin!” -deməz, çünki bu halda güc bayağılıq həddinə çatır və biz belə adamlara güclü adam deyil, sadəcə, heyvərə deyirik…

Dövlətlərin davranışı fərdələrin davranışı ilə eyniyyət təşkil etməsə də, müəyyən oxşar çalarlar olur, çünki dövlətə bir institut kimi mahiyyət verən də fərdlərdir, insanlardır. 

Hərbi gəmilərə nə ehtiyac vardı?

Ona görə də bir dövlət kimi Rusiyadan söhbət gedəndə adamın ağlına gələn ilk ifadə məhz “bayağılıq həddini aşan güc” ifadəsi olur.

Bunu sonuncu dəfə Rusiya-Gürcüstan müharibəsi vaxtı görmüşdük. Rusiya əsgərləri gürcü torpaqlarında özlərini elə aparırdılar ki, sanki dünyanın yiyələri idilər.

Elə Rusiya prezidenti V.Putinin Azərbaycana səfəri zamanı da onu suda müşayiət edən hərbi gəmilərin missiyası bu dövlətin Xəzərin və bölgənin hakimi olduğunu nümayiş etdirmək idi. 

Hərbi gəmilərin, özü də raket daşıyıcılarının Bakıya yan almasını başqa cür yozmaq mümkündürmü? V.Putin bir siyasətçi kimi özü haqqında “surerman” obrazı yaratmağı sevir, bunu bilirik. Onu gah tatami üzərində, gah at belində, gah da təyyarənin şturvalı arxasında görməyə adət etmişik. 

Amma izafi reklamın da bir xüsusiyyəti var: bayağı hala çatanda o, anti-reklama çevrilir. Ona görə də V.Putinin reklam çarxlarına baxanda adamın ağlından bir fikir keçir: “Vallah, ”mujik”sən ki, “mujik…”. 

Bəlkə də belə bir tarixi oxşarlıq da təsadüfi deyil ki, o, gəmilərin müşaiyəti ilə Xəzər sahillərinə yan alan “mujik” Stepan Razindən sonra ikinci rusiyalı oldu. Düzdür, o, Bakıya təyyarə ilə gəldi, amma gəmilər ondan əvvəl Bakının sahilini kəsdirmişdilər…

Dərhal hiss olunur ki, bu adam hər bir hərəkətilə, hər bir səfəri ilə siyasi effekt yaratmaq istəyir, hər şeyi reklama hesablayır. Nə edəsən ki. elektorat da belə effektləri sevir!…

B.Yeltsin Irlandiyanı necə saymadı?

Bir dəfə keçmiş prezident B.Yeltsin Irlandiyaya yolüstü səfər edərkən öz təyyarəsindən düşməmişdi. Onu qarşılamaq üçün gələn siyasi xadimlərin təəccübünə rəğmən təyyarə hava limanında bir qədər dayanandan sonra təzədən havaya qalxmışdı. 

Geriyə, Rusiyaya dönəndən sonra bunun səbəbini soruşanda B.Yeltsin çox qısa cavab vermişdi: “Yatmışdım”. Yadıma gəlir ki, bu, Rusiya mediasına ləzzət etmişdi: başqa bir dövlətə qarşı Rusiya prezidentindən savayı kim bu cür sayğısızlıq göstərə bilərdi? Bəli, bunu yalnız Rusiya prezidenti edə bilərdi.

Indi də “qorxulusu” budur ki, V.Putin özünün Bakı təcrübəsini diplomatik protokola salar: bundan sonra səfər edəcəyi ölkələrə əvvəlcə qoşun göndərər.

Amma xoşbəxtlikdən başqa dövlətlər buna imkan verməzlər, çünki dünyanın bütün ölkələri heç də rusiyalı siyasətçilərin “məhəllə”si deyil. “Məhəllə” statusunda bulunan hələ ki, keçmiş sovet respublikalarıdır. Hələ ki… 

Rusiya birinci deyil…

Bəs V.Putinin səfərinin siyasi tərəfləri haqqında nə demək olar? Səfər zamanı bir neçə sənəd imzalandı. Ötəri baxış onlar haqqında “protkol sənədləri” təəssüratı yaradırdı, ciddi bir şey nəzərə çarpmadı. 

Elə səslənən fikirlər, bəyanatlar da protokol xarakterli idi. Ola bilsin, bəzi məsələlər təklikdə – bağlı qapılar arxasında müzakirə olundu.

Ekspertlər ən çox ondan narahat idi ki, V.Putin azərbaycanlı həmkarını öz sevimli mövzuları – Avrasiya Ittifaqı və Gömrük Birliyi ideyası ilə məşğul etməyə çalışacaq. 

Amma hər iki ideyanın bir ümumi xüsusiyyəti var: bunlar  amorf ideyalardır. Xoşbəxtlikdən Rusiya siyasətçilərinin ideyaları “ölü” doğulur. Bu səbəbdən bu ideyaların belə tezliklə kimisə maraqlandıracağını zənn etmək çətindi. 

Ola bilsin, həmin məsələlər haqda da söhbət aparıldı. Bunu istisna etmirik. Amma bu, yalnız bir söhbət ola bilərdi. Hansını ki, Rusiya prezidenti bütün dövlət başçıları ilə aparmağı sevir. 

Əsas bilirsiniz nədir? V.Putin özü dedi ki, Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiya Italiyadan sonra ikinci yerdədir! Bu, özü əsl real siyasət və iqtisadiyyat haqqında təsəvvür yaradır.

Səfər həm də I.Əliyevin seçki kampaniyasının bir elementi oldu. Bəli, o, Putini Bakıya gətirə bildi. Bununla da özü ilə Rusiya prezidenti arasında heç bir problemin olmadığı görüntüsünü yaratmağa cəhd etdi. Əslində böyük bir problem də yox idi. Sadəcə, böyük söz-söhbət vardı…