“Reuters” Putinin Bakıdan əliboş qayıtdığını yazır

«Putinin Azərbaycana səfəri Moskvanın ümidlərini doğrultmadı»

Rusiya prezidenti Vladimir Putinin Bakıya müəmmalı səfəri və bu səfərin konkret olaraq nə ilə yekunlaşdığı yerli KIV-lərlə yanaşı, beynəlxalq medianın da diqqətində olub. Dünyaca məşhur “Reuters” agentliyi Putinin Bakıya səfəri barədə məlumat verməklə yanaşı, səfərin yekunlarını da analiz edib. “Reuters”in məqaləsində deyilir:

“Putinin Azərbaycana səfəri Moskvanın ümidlərini doğrultmadı. Səfərdə Qərbin enerji nəhənglərinə meydan oxumaq üçün konkret nəticələr əldə olunmayıb. Rusiya prezidentinin yaxın müttəfiq ölkələrdən birinə səfəri adi razılaşmaların imzalanması ilə yadda qaldı. ”Rosneft”in prezidenti Iqor Seçin bir ay əvvəl Bakıya səfər edərək, Putinin gəlişi üçün zəmin hazırlamışdı.
Rusiya artıq uzun müddətdir ki, Azərbaycandakı nüfuzunu artırmağa çalışır. Rusiya ilə Ukrayna arasında gedən “qaz müharibəsi”ndən sonra Avropa Azərbaycanın köməyilə Kremlin enerji asılılığından qurtulmağa çalışır. Amma yeddi ildən sonra ilk dəfə Putinin Bakıya səfəri zamanı Seçin Azərbaycan Dövlət Neft Şirkəti ilə yalnız qeyri-müəyyən müqavilələrə imza atıb.
“Bu müqavilə çərçivəsində biz bir sıra məsələlər üzrə əməkdaşlığı nəzərdə tutmuşuq. Bu əməkdaşlıq sahələri xam neftin emalı və neft infrastrukturunun birgə istifadəsidir”, – deyə Seçin müqavilənin detallarına varmadan jurnalistlərə açıqlamasında bildirib.
Imzalanan müqavilələrlə bağlı müxtəlif fikirlər səslənməkdədir. Bəzi ekspertlər ARDNŞ-in öz aktivləri üçün “Rosneft”dən fantastik maliyyə istədiyi üçün razılaşmanın tam əldə olunmadığını düşünür. Amma o da nəzərə alınmalıdır ki, SSRI dağıldıqdan sonra Azərbaycanın neft sənayesində Qərbin bp, “Statoil” və “Exon Mobile” kimi şirkətləri dominantlıq edir.
Azərbaycanda fəaliyyət göstərən yeganə rus kompaniyası “Lukoyl”dur.

Münasibətlərdəki gərginlik

Azərbaycanın hazırkı dövlət başçısı Ilham Əliyev 2003-cü ildə Rusiya ilə Qərb arasında incə balanslaşdırılmış siyasət aparan atası Heydər Əliyevi əvəz edib. Amma Rusiya ilə Azərbaycan arasında münasibətlər keçən ilin sonunda – Qəbələ RLS-lə bağlı razılaşma əldə edilməyən zaman gərginləşdi. Rusiyanın “Qazprom” şirkətinin qarşıdan gələn on ildə Azərbaycanın çıxaracağı bütün təbii qazı ala biləcəyilə bağlı razılaşma imzalaması Kremlin Avropa bazarında lider mövqeyini saxlamaq üçün uğurlu cəhd sayıla bilərdi. Amma əməkdaşlıq tam formada baş tutmadı. Bunun əvəzində Azərbaycan 2019-cu ildən başlayaraq təbii qazını tam yeni proyekt üzrə Avropaya nəql etməyə hazırlaşır. Bu layihə Rusiyanın Avropa bazarındakı mövqeyinə ciddi təsir göstərməsə də, Rusiya həmişə Azərbaycanın bu istiqamətdəki səylərdən vaz keçməsinə çalışıb. Əslində, Rusiya üçün bu proyektin təhlükəsi Türkmənistanın öz resurslarını Avropa və Rusiya bazarlarından Çinə yönəltməsindən sonra baş verdi.
Hesablamalara görə, Azərbaycan 3 trilyon kubmetr qaz ehtiyatına sahibdir. Rusiyada isə bu göstərici 33 trilyondur.
Onu da qeyd edək ki, ötən ay “Rosneft”in Azərbaycana məxsus “Abşeron” yatağında paya iddia etdiyi barədə məlumat yayılmışdı. Amma bu barədə razılaşmalarda heç bir şey qeyd edilməyib”.