Facebook yazısına görə ilk cinayət cəzası

Astara rayon Məhkəməsi internetdə yayılan defamativ bilgilərə görə cinayət cəzalarının tətbiqi ilə bağlı Azərbaycan parlamentinin Cinayət Məcəlləsinə etdiyi bədnam dəyişikliklərin tətbiqi istiqamətində ilk addımı atıb. Məhkəmə facebook sosial şəbəkəsində tənqidi bilgilər paylaşan Mikayıl Talıbovu Cinayət Məcəlləsinin böhtana görə məsuliyyət müəyyən edən bədnam 147.1 maddəsi ilə təqsirli bilərək aylıq qazancının 20%-ni dövlətə almaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edib. Media Hüququ İnstitutu internetdəki müzakirələr kontekstində işlədilən ifadələrə görə sərt cinayət cəzalarının tətbiqini nəzərdə tutan məhkəmə hökmünü qətiyyətlə pisləyir, belə hökmləri Azərbaycan Respublikasının demokratik dövlət olduğunu, məlumat və ifadə azadlığının müdafiə olunduğunu bəyan edən Konstitusiyanın mahiyyətinə zidd, zərərli hesab edir.

M.Talıbov işi ilə bağlı – Azərbaycan Cinayət Məcəlləsiniun 147 və 148-ci maddələri böhtan və təhqirə görə cinayət cəzaları nəzərdə tutur. Ölkə parlamenti 14 may 2013-cü il tarixdə həmin maddələrə cəzaları daha da sərtləşdirən dəyişikliklər edib. Dəyişikliklərə əsasən, həmin maddələr İnternetdə yayılan ifadələrə də tətbiq edilir. Astara Məhkəməsinin hökmü ilə Mikayıl Talıbov internetdəki ifadələrinə görə cinayət məsuliyyətinə cəlb olunub. M.Talıbov əvvəllər AccessBank Qapalı Səhmdar Cəmiyyətdə çalışıb. Accessbank-dakı işindən çıxarılmasını qanunsuz hesab edən, bununla bağlı əlaqəli qurumlara şikayət edən M.Talıbov facebook-da “Accessbank – Haqsızbank” adlı səhifə yaradaraq bankın işini sərt tənqid edib. Bank həmin səhifəni defamativ məzmunlu sayaraq məhkəmədən M.Talıbovun böhtana görə məsuliyyətə cəlb olunmasını tələb edib. Astara Məhkəməsi xüsusi ittihamı ittihamçının təqdim etdiyi facebook-dan çıxarış mətnləri çərçivəsində araşdırıb. Məhkəmə mətnlərdəki “Accessbank- Haqsızbank”, “Azərbaycanlıların qazandığı pullarla Azərbaycana qarşı”, “Accessbank siyasi gərginliyi artırır, əhalini hökumətdən narazı salır”, “bankda 50 000 manata 5 000 manat şapka alınır” və digər oxşar ifadələrin böhtan məzmunlu olduğu qənaətinə gəlib. Məhkəmə M. Talıbovu təqsirli bilərək aylıq qazancının 20%-ni dövlətə almaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edib. Məhkəmə həmçinin M.Talıbovun üzərinə facebook-da təkzib vermək vəzifəsi (!) qoyub.

Cinayət Məcəlləsinin böhtan və təhqirə görə cinayət cəzaları nəzərdə tutan maddələrinin (147 və 148) ölkədə ifadə azadlığını məhdudlaşdırmanın əsas vasitələrindən olduğunu xatırladan Media Hüququ İnstitutu bu bədnam maddələrin internet üzərindən yayılan bilgilərə tətbiq edilməsi tendensiyasının cücərməsindən ciddi narahatlığını ifadə edir. MHİ sözə, ifadələrə, müzakirələrə görə ağır cinayət cəzalarının tətbiqinin hər bir ölkənin firavan gələcəyi, demokratik inkişafı üçün çox vacib olan ifadə azadlığına ciddi qorxular yaratdığını vurğulayır.

Media Hüququ İnstitutu Hökuməti ifadə azadlığına cinayət-hüquqi müdaxiləni yolverilməz sayan Yaşar Ağazadə Azərbaycana qarşı, Eynulla Fətullayev Azərbaycana qarşı işləri üzrə Avropa Məhkəməsinin qərarlarını tam icra etməyə, ifadə azadlığı ilə bağlı işlərdə ədalətli qərarlar verməyi təmin edən, demokratik ölkələrin məhkəmə təcrübəsində, özəliklə Avropa Məhkəməsinin baxdığı işlərində sınaqdan keçmiş test və meyarları özündə birləşdirən Defamasiya Qanununu tezliklə qəbul etməyə çağırır.