Avropa İttifaqı bütün namizədləri qeydə almağa çağırdı

“Bütün elan olunmuş namizədlərə seçkidə iştiraka icazə verilməlidir”

«Avropa Birliyi seçkinin qəbul olunmuş beynəlxalq standartlara uyğun keçirilməsini dəstəkləyir, ancaq bu, yalnız seçki günü ilə məhdudlaşmamalı, bütün seçki kampaniyasını əhatə etməlidir». Bunu avqustun 13-də Brüsseldə Avropa Birliyinin xarici siyasət rəhbəri Ketrin Eştonun sözçüsü Miçel Mann deyib. O, Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkiləri barədə fikrini belə ifadə edib:

«Bütün elan olunmuş namizədlərə seçkidə iştiraka icazə verilməlidir. Buna sözsüz əməl olunmalıdır. Biz həmçinin ötən ay ATƏT-in Qiymətləndirmə Missiyasının hesabatını dəstəkləyirik. Həmin hesabatda Azərbaycanın indi, seçki kampaniyasının başlandığı zaman həll etməli olduğu bir sıra məsələlər əks olunub».

«SEÇKİLƏR TƏLƏBLƏRƏ UYĞUN OLMALIDIR»

İyulun 13-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkiqabağı qiymətləndirmə missiyası 17-21 iyun Bakıda səfərinə dair rəy açıqlayıb.

Hesabatda seçki gününün prosedurları, o cümlədən səslərin sayılması ilə bağlı narahatlıq ifadə olunmuşdu. Missiya ATƏT/DTİHB-nin 2010-cu il parlament seçkiləri barədə hesabatını xatırladaraq bildirirdi ki, o vaxt fundamental insan haqları – sərbəst toplaşma və ifadə azadlıqları son dərəcə məhdudlaşdırılıb:

«Bütünlükdə o seçkilər ATƏT-in demokratik seçki tələblərinə və Azərbaycanın öz qanunlarına uyğun olmamışdı».

Sənəddə ATƏT/DTİHB-yə tövsiyə edilirdi ki, Azərbaycanda 2013-cü il prezident seçkisinə 30 uzunmüddətli və 280 qısamüddətli müşahidəçi ezam edilsin.

Ancaq Azərbaycan hökuməti hələ ki, ATƏT/DTİHB-yə seçkini müşahidə etmək üçün dəvətnamə göndərməyib. Avropa Parlamenti və ATƏT-in Parlament Assambleyası seçkiyə müşahidəçi göndərməyəcəklərini bildiriblər.

“Azadlıq” radiosu