Bir neçə ölkəyə bir səfir

Elman Abdullayev: «Kadr potensialı və vəsait artdıqca, səfirliklərin də sayı artacaq»

Razi Nurullayev: «Azərbaycan daha ciddi əlaqələrə nail olmaq, ciddi lobbi fəaliyyətləri həyata keçirmək istədiyi ölkələrə səfir göndərir»

Ölkə başçısının sərəncamına əsasən, bir neçə ölkədə səfir dəyişikliyi baş verib. Diqqət çəkən məqam ondan ibarətdir ki, Isveç Krallığında fövqəladə və səlahiyyətli səfir təyin edilən şəxs eyni zamanda Azərbaycanın Norveç və Finlandiyada səfiri kimi fəaliyyət göstərəcək. Bu ilk belə hal deyil. Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov eyni zamanda Monteneqro və Bosniya və Hersoqovinada da səfirdir. Buna qədər isə o, eyni zamanda ölkəmizin Rumıniyadakı səfiri idi. 

Avstriyadakı səfir isə eyni zamanda Slovakiya, Sloveniyada səfirdir. Belçikadakı səfir isə eyni zamanda Lüksemburq və Avropa Ittifaqında akkreditə olunub. Bundan əlavə də bir neçə belə misal çəkmək olar. Adətən bir neçə ölkəyə bir səfir göndərilərkən bu ya vəsait, ya da kadr çatışmazlığı ilə izah olunur. Azərbaycanın bir neçə ölkədəki səfirliyi bir nəfərə tapşırmasının səbəbi nədir?

Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev müstəqilliyin ilk illərində regional olaraq səfirlərin təyin edildiyini bildirdi. Yəni regionda hansısa bir ölkənin paytaxtında səfirlik təsis olunurdu və bu səfirlik eyni zamanda bir neçə ölkəni əhatə edirdi. Bu da müstəqilliyin ilk illərində vəsait, eyni zamanda kadr çatışmazlığı ilə izah olunurdu. Lakin getdikcə Azərbaycanın diplomatik nümayəndəliklərinin sayı artdı: “Əgər 2000-ci illərin əvvəllərində cəmi 25 diplomatik nümayəndəliyimiz var idisə, bu gün artıq Azərbaycanın 82 diplomatik nümayəndəliyi var. Təbii ki, artım baş verir. Bu artım maliyyə, eyni zamanda kadr potensialı baxımından uzlaşdırılmalıdır. Azərbaycan dünyada nüfuzlu ölkələrdən birinə çevrilib. Bu baxımdan da diplomatik nümayəndəliklərinin sayı artır. Amma bu, tədricən baş verən prosesdir. Azərbaycanın bir çox ölkələrdə diplomatik nümayəndəlikləri açılacaq”. 

Politoloq Razi Nurullayev də bir neçə dövlətə bir səfirin təyin edilməsinin əsasən maliyyə çatışmazlığı ilə əsaslandırıldığını deyir. Bu halda strateji müttəfiq ölkələrə səfir göndərirlər. Həmin səfirliyin əməkdaşları da çox olur. 

R.Nurullayev Azərbaycanda diplomatik kadrlarla bağlı çatışmazlığın olmadığını da bildirdi. Kifayət qədər təcrübəli diplomatlar var. Sadəcə olaraq Azərbaycan daha ciddi əlaqələrə nail olmaq, ciddi lobbi fəaliyyətləri həyata keçirmək istədiyi ölkələrə səfir göndərir. Həmin ölkələrin siyasətçilərilə də ciddi dostluq əlaqələri yaratmağa çalışırlar. Həmin ölkələrin siyasətinə təsir edəcək insanları ölkəyə dəvət edir, onların simpatiyasını qazanmaq istəyirlər. Ancaq hakimiyyətin heç bir siyasi marağı olmayan ölkələrin bir neçəsinə bir səfir göndərilir. 

Fizzə