“Müstəqilliyə təhlükə” söhbətlərinin sabun köpüyü olduğunu, bu söhbətlərin hakimiyyət mətbəxində bişdiyini və müxalifətdəki siyasi ofisiantlarının köməyi ilə cəmiyyətə yedirilməyə çalışıldığını, tək məqsədin isə müxalifətin vahid cəbhəsini və vahid namizədini gözdən salmaq olduğunu yazırdıq, yanılmadığımızı isə son iki gündə gördük.
Hə, bəs indii hanı o “müstəqillik” təəssübkeşləri? Hanı Milli Şuranın Rusiyanın Azərbaycanı yenidən işğal projesi olduğunu tutuquşu kimi təkrarlayan vətənşüvənlər? Putin az qala bir vassalına gəlirmişcəsinə, donanması ilə Bakıya gəlir, amma onlar susurlar. Niyə? Müstəqilliklə bağlı narahatlıqlarını dovşanmı yedi? Hansı cəhənnəmə vasil oldu “Müstəqilliyimizə Rusiya təhlükəsi” ilə bağlı əndişələri? Yoxsa “susmaq” düyməsimi basıldı, ona görə ağızlarını bıçaq açmır?
Asim Mollazadə Səməd Seyidovla ağız-ağıza verib ABŞ konqresindəki dinləmələrdə müxalifət təmsilçilərini göstərib demirdilərmi, “bunlar Rusiyanı Azərbaycana gətirmək istəyirlər?”. Indi niyə susur? Putinin hərbi gəmilərlə Xəzərin Bakı sahillərində lövbər atmasını necə sinəyə çəkir?
“Rüstəm Ibrahimbəyovun Rusiyadan aldığı təlimatlar əsasında yaratdığı ”Milli Şura” Azərbaycanın demokratikləşməsinə deyil, Rusiyanın müstəmləkəsi olmağa xidmət edəcək” deyən (iyun, 2013) Sərdar Cəlaloğlu, indi hardasan?
“Milli Şura projesi düşüncə və mahiyyət etibarilə Rusiyanın qanadıdır. Müstəqilliyimizi itirmək təhlükəsi olduqca böyükdü” deyən (may, 2013) Iqbal Ağazadə, indi niyə danışmırsan?
Bir Əli Əliyev vardı, partiyasının adı da yadımdan çıxıb, heç xatırlamağa həvəs də yoxdur, bir müsahibə verib demişdi ki, biz seçki kampaniyasında hakimiyyətlə yox, Azərbaycanı Rusiyanın girovuna çevirmək istəyən müxalifətlə döyüşəcəyik. Buyursun, rusun donanması burnunun ucunadək gəlib, gedib göstərsin hünərini. Desin, biz sizin üçün nəyik, vassalmı, müstəmləkəmi, desin özünüzü nə hesab edirsiniz, nə vaxtdan bir müstəqil ölkəyə dostluq səfərinə hərbi gəmilərlə, admirallarla gəlirlər? Desin də, ağzını tutan var?
Bilirəm, ağlı başında olan adamlarda bütün bu suallar sadəcə, təbəssüm doğurur. Onlara bu sualların cavabları aydındır. Guya əsl dərdi müstəqilliyin itirilməsi təhlükəsi olanların əslində nəyi, nələri itirmək qorxusu ilə özlərinə əl qatdıqları, müxalifətin yaxşı-pis birliyini baltaladıqları, aşağılamağa çalışdıqları hamımıza məlumdur. Onların məqsədinin bağdan üzüm yemək deyil, bağbanı döymək olduğunu da bilirik.
Amma yenə də soruşmaqda qəbahət görmürük. Soruşuruq ki, görsünlər camaat qoyun deyil, çörəyi qulağına yemir. Anlasınlar ki, artıq bu ölkədə sular çoxdan durulub, dibindəki daşlar da lap aydın görünür.
Keçənlərdə çox yazmışıq, yenidən yazıb başınızı yormaq istəmirəm. Bu ölkənin müstəqilliyi əleyhinə səs verənləri ödülləndirib, başa keçirib müstəqillik uğrunda ömrünün ən gözəl illərini xərcləyənləri, min cür məhrumiyyətdən keçənləri cəzalandıran, xor görən bir zehniyyətlə yaxından-uzaqdan bazarlıq edənlərin, ondan mayalananların müstəqillik dərdi çəkməsindən böyük riyakarlıq ola bilməz.
Bir ölkənin müstəqilliyi ədalətli idarəetmə, adil məhkəmə, azad seçki, hüququn aliliyi, milli iradənin üstünlüyü, söz, ifadə, vicdan, sərbəst toplaşmaq azadlıqlarının təntənəsi ilə süslənməzsə, o müstəqilliyin də bir anlamı qalmaz, daha doğrusu, o müstəqillik formallıqdan başqa bir anlam kəsb etməz. Əgər bir ölkədə bütün bu sadalanları rədd edən, yox edən, məhv edən bir sistem hakimdirsə, o ölkənin müstəqilliyinə kənardan hər hansı təhlükə mifdir, fiksiyadır, filfilodur, ən böyük təhlükə elə həmin sistemin özüdür.
Hələ də inadla, iki ayağını bir başmağa dirəyərək bu adi, amma ali həqiqəti qəbul etməyərək, o sistemin vintciyi, təkərciyi olmağı üzərinə götürənlərə isə Putinin Bakı sahillərində lövbər salan donanması, türklər demiş, “kapak olsun”.
Adam onlara artıq qəzəblənə də bilmir.
Sadəcə, acıyır. Dünənədək nələrinsə müqabilində müxalifət içində “Rusiya əlaltısı”, “müstəqillik düşməni”, “XI Qırmızı Ordunun nökəri” axtar, əs-gurla, bu gün də belə…
Həqiqətən, ağır dərddir, Putin gərək belə eləməyəydi!..